“İndiki vaxtda qiymət artımına ehtiyac yoxdur” – DEPUTAT

69

Vahid Əhmədov: “Hər hansı qərar qəbul olunan zaman vətəndaşların sosial durumu nəzərə alınmalıdır”

 

Bakı Nəqliyyat Agnetliyinin (BNA) vahid taksi tarif sisteminə keçidlə bağlı mövqeyi ciddi narazılıqlara səbəb olub. Bu yeniliyə cəmiyyət birmənalı şəkildə “yox” deyir və ekspertlər vahid sistemin yanlıq olduğunu düşünürlər.

 

Bundan başqa, ötən günlərdə BNA yetkinlisinin (artıq sabiq) “taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək olmaz” və “taksidən yalnız imkanlı adamlar istifadə etməlidirlər” fikirləri etirazlar doğurdu.

 

Mövzuya dair AYNA-ya açıqlama verən Milli Məclisin üzvü Vahid Əhmədovun sözlərinə görə, taksi təkcə imkanlılar deyil hamı üçündür. O deyib ki, istənilən şəxs vacib işi olanda və ya istədiyi vaxt taksidən istifadə edə bilər və bu, onun haqqıdır.

modern.az

Deputat vahid tarif məsələsinə də toxunub: “Birincisi, taksilərdə xidmət səviyyəsi çox aşağıdır. Hesab edirəm ki, əvvəlcə bu məsələyə baxmaq lazımdır. Çünki xidmət yüksək səviyyədə olmalıdır ki, insanlar bundan razı qalsınlar. İkincisi, tariflər elə hazırlanmalıdır ki, nə sürücülər, nə də vətəndaşlar bundan əziyyət çəksinlər. Yəni, tarifi yüksək məbləğdə qəbul etmək olmaz. Üçüncüsü, bu gün ölkəmizə kifayət qədər taksilər gətirilib. Taksi fəaliyyətinə yaramayan taksilər dövriyyədən çıxarılmalı, ölkəyə gətirilən taksilər uyğun qiymətlərlə fəaliyyət göstərməlidir”.

 

“Lakin avtomobili taksi fəaliyyətinə uyğun olmayan şəxslərin iş məsələsi də həll olunmalıdır. Nəzərə almaq lazımdır ki, indi pandemiya dövrüdür, neftin qiyməti aşağı düşür, işsizlik artır və s. Bu mənada işsiz adam qalmamalıdır. Bir sözlə, bu cür qərarlar dəqiq şəkildə hazırlanmalı və ölkədəki vətəndaşların durumu nəzərə alınmalıdır”, – Əhmədov vurğulayıb.

 

Milli Məclis üzvü, son zamanlar ictimai nəqliyyatda gedişhaqlarının artacağı barədə dolaşan ehtimallara da münasibət bildirib: “Yayılan bu söhbətlərə inanmıram. Çünki bununla bağlı hər hansı bir qərar yoxdur. Elə söhbətlərin dolaşdığından xəbərdaram. Amma indiki vəziyyətdə – pandemiya dövründə ictimai nəqliyyatda gedişhaqlarının artırılmasına ehtiyacın olmadığını düşünürəm”.