“İndiki gənclərə baxanda, 5 il də çıxış etmək istəyirəm”

42
Əfran İsmayılov ən az pula “Səbail”də oynayır, futbol meneceri olmaq istəyir

“5-6 ay futbolsuz qaldım. Həmin müddətdə rayonda (Ağstafada-müəllif) idim, dayıma kənd təsərrüfatında kömək edirdim. Həmin vaxt başımı tam başqa işlərə qatmışdım. Amma Bakıya gəldiyimdən sonra sağ olsun, Aftandil müəllim yaxınlaşıb bildirdi ki, köməyin lazımdı, hazırlaşa bilərsənmi. Mən də razılıq verdim. İlk növbədə ona çalışdım ki, 4-5 kq artıq çəkimi atım. Buna baş məşqçimin verdiyi birhəftəlik fərdi proqramla nail oldum”. Bu fikirləri Sport24.az-a açıqlamasında “Səbail”in futbolçusu Əfran İsmayılov bildirib.

Həm “Keşlə”nin keçən mövsüm bitəndən sonra yollarını ayırmasına, həm də koronavirus pandemiyasına görə uzun müddət futbolsuz qalan 32 yaşlı cinah yarımmüdafiəçisi cari çempionatın startından sonra “dənizçilər”ə keçib. Vaxtilə “Qarabağ”da bir yerdə çıxış etdiyi Aftandil Hacıyevin indi “Səbail”də futbolçusu olan Əfran bura ilk növbədə oynamaq üçün gəldiyini deyir: “Əsas heyətdə meydana çıxdım, qol hesabımı açdım, məhsuldar ötürmə verdim. Şükürlər olsun ki, pis də alınmadı. Əlimdən gələni etdim. Bəli, 5-6 ay futbolsuz qalandan sonra toparlanmaq çətindi. Ancaq tezliklə buna oldum. “Səbail”ə təşəkkürümü bildirəm ki, belə bir vəziyyətdə məni də götürdü, mən də maksimum edirəm ki, qarşılığını verim”.

İsmayılovun sözlərinə görə, “Səbail”lə müqavilənin maddi detallarını danışmağı lazım bilməyib. Burda baş məşqçi amili böyük rol oynayıb: “Bilirik ki, “Səbail”da maliyyə vəziyyəti çətindi, demək olar ən çətini burdadı. Ancaq mənə təklif gələndə, heç pul söhbəti etmədim. Onsuz da qıraqda qalmışdım, pul qazanmırdım. Nə versələr, razı idim. Oynamağı, komandaya kömək etməyi fikirləşirdim. Təklif olunan məbləğdə problem görmədim, razılaşdıq. Çox kiçik məbləğdi, indiyədək oynadığım klublarda aldığım ən az məvacib burdadı. Bəli, onu deyə bilərəm ki, heç vaxt belə az pula oynamamışam. Azdan-çoxdan qazancımız var. Futbolsuz qalmaqdansa, oynamağı daha məqsədəuyğun saydım. Aftandil müəllimi çoxdan tanıyıram, xətrini çox istədiyim məşqçilərdən, futbolda ən yaxın dostlarımdan biridi. Ona görə istədim ki, onun üçün əlimdən köməyi edim. Mənə dəyər verir. Qəbələdəki matçda mikrozədəm vardı, sağalması bir həftə çəkirdi. Buna görə risk etməyərək, bu oyunu buraxmağı məsləhət gördük. Ancaq baş məşqçim mənə dedi ki, ora getməyim, komandanın içində olmağım məsləhətdi. Aftandil müəllim yaxşı məşqçidi, komandamız da pis çıxış etmir. Gələcəkdə yaxşı olacaqsa, bizim üçün də yaxşı olacaq”.

Məlumdu ki, “Səbail” yay fasiləsində kənarda qalan təcrübəli futbolçuları heyətinə cəlb edib. Bunlar sırasında uzun illər Azərbaycanın ən yaxşı qapıçısı, “millimizin “1 nömrə”si olan 34 yaşlı Kamran Ağayev də var. Maraqlıdı, döyüşə ancaq qocalar gedir? Əfranı dinləyək: “Kamranla bir otaqda qalıram, özünü yaxşı hiss edir. O, “Səbail”ə 107 kq çəkiylə gəlmişdi, indisə 97-di. 10 kq atıb, 7-ni də atsa, formasını bərpa edərək, o da oynayacaq. Deyirəm ki, Azərbaycana onun kimi qapıçı gəlməyib. İnanıram ki, Ağayev yenə də “çərçivə”də duracaq, yenə də komandasına faydalı olacaq. Biz “qoca”lar keyfiyyət baxımından çoxlarından qabaqdayıq, çox gənclərdən üstünük. Bu haqda çox danışmaq istəmirəm. Yalnız onu demək istəyirəm ki, indiki gənclərə baxanda, 3, 4 ,5 il də oynamaq istəyirəm”.

Belə qənaətə gəlmək olarmı ki, həmsöhbətimiz karyerasını elə cari mövsümün sonunda bitirməyi fikirləşmir? Ümumiyyətlə, Əfranın gələcək planları necədi?: “İnşallah, daim oynasam, inanıram ki, karyeramı bu mövsüm başa vurmaq tezdi. Biri var ki, oynamayasan, o başqa məsələ. Biri də var ki, daim oynasam, 70-80 fazi formamı yığsam, komandam üçün faydalı olacam. Karyeramı bitirəndən sonraya gəlincə, futbol meneceri olmaq mənim üçün keyfiyyətli, daha rahat olar. İnanıram ki, bunu bacaracam. Bu, olmasa belə, başımı qatmağa bir şeylər var. Çalışacağıq bir işin qulpundan yapışaq. Heç nə futbolla bitmir. Onsuz da bilirəm ki, 2, 3, 4 ilə, nə vaxtsa futbolu qurtaracağıq. Hazırda düşüncələrim komandama faydalı olmaqdı. Gələcəkdə bitirənə yaxın fikirləşirəm ki, nə etmək lazımdı. Həmin kənd təsərrütatında özümü iş adamı da görürəm. Əlbəttə, istəyim olarsa, niyə də görməyim? Kənddə böyümüşəm, bu şeylərdən başım çıxır”.