“İncirlik hərbi bazasının Türkiyədən köçürülməsi mümkün deyil”

93

Elxan Şahinoğlu: “Bunu Ankaraya təzyiq kimi qiymətləndirmək olar və belə bir hadisə baş verərsə, ABŞ-Türkiyə münasibətləri əvvəlki kimi olmayacaq”

Qabil Hüseynli: “NATO heç vaxt Türkiyəni öz sıralarından çıxarmağı düşünə bilməz”

Ramil Məmmədli: “ABŞ regionda əsas müttəfiqi olan Türkiyədən imtina etməyəcək”

ABŞ-da respublikaçı senator Ron Conson Amerikanın İncirlikdəki hərbçilərini yunan adalarından birinə köçürmək niyyətində olduğunu söyləyib. Yunan mətbuatı da bununla əlaqədar ciddi bir iddia irəli sürüb. Belə ki, “Greek City Times” informasiya portalının yazdığına görə, ABŞ-ın Türkiyənin Adana vilayətindəki İncirlik Hava Bazasına yerləşdirdiyi 50 nüvə başlığını Yunanıstana köçürməyə hazırlaşdığı ilə bağlı şayiələr dolaşmaqdadır: “İncirlik Hərbi Hava Bazası 1955-ci ildən bəri Türkiyə ilə Amerikanın birgə nəzarəti altındadır. Baza ərəb dünyasına qapının astanasında yerləşir və Sovet İttifaqına qarşı ABŞ nüvə bombalarını toplamaq üçün münasib bir yer olduğundan NATO ittifaqının ən strateji məntəqələrindəndir”.

Görəsən, İncirlik hərbi bazasının Yunanıstana köçürülməsi, Türkiyə və NATO arasında münasibətlərə son qoya bilərmi? Bu və bunabənzər digər suallarla müraciət etdiyimiz “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Hürriyyət”ə açıqlamasında İncirlik hərbi bazasının ortaya atılmasını Türkiyəyə təzyiq kimi qiymətləndirdi: “Bu haqda əvvəllər də danışlılıb.

ABŞ-Türkiyə münasibətləri gərginləşən zaman deyilirdi ki, ABŞ İncirlik hərbi bazasından ya imtina edə, ya da bazanı Türkiyədən köçürə bilər. Hətta, iddia edilirdi ki, İncirlik hərbi bazasından Türkiyənin özü imtina edə bilər. Amma görünür ki, Yunanıstan-Türkiyə münasibətlərinin gərginləşməsi uzun sürməyəcək. Bu, ölkələr arasında müvəqqəti yaranmış gərginlikdir. Digər tərəfdən, dünən (srağagün-red.) Brüsseldə NATO təmsilçiliyində Yunanıstan və Türkiyə diplomatlarının görüşləri baş tutub. Görüşdə qarşı tərəflərin hərbiçiləri də iştirak edib. Əgər, əvvəl Yunanıstanın baş naziri danışıqlardan imtina edirdisə, dünən (srağagün-red.) baş tutmuş görüşdə bildirdi ki, danışıqlara hər zaman hazırdır. Yəni, münasibətlərdə gərginlik qismən azalacaq. Təbii ki, gərginlik tam yox olmayacaq. Çünki illərdir hər iki ölkə arasında uzunmüddətli mübarizə gedir”. Bu baxımdan, ABŞ-ın İncirlik hərbi bazasını Yunanıstana daşımasını güman etmədiyini deyən politoloqun fikrincə, belə bir hadisə baş verərsə, ABŞ-Türkiyə münasibətləri əvvəlki kimi olmayacaq: “Ona görə də indiki vəziyyətdə söz-söhbətlər bilərəkdən ortalığa atıla bilər. İncirlik hərbi bazasının ortaya atılmasını, Türkiyəyə təzyiq kimi də qiymətləndirmək olar. Amma düşünmürəm ki, ABŞ belə bir addımın atılmağına qərar versin. Əslində, hərbi bazanın NATO-dan çox ABŞ-a aidiyyatı var. NATO və Türkiyə arasında münasibətlərin pisləşməsini gözləmirəm. Türkiyə NATO-nun tərkibindədir. Əgər İncirlik hərbi bazasından söhbət gedirsə, ABŞ-Türkiyə münasibətləri gərginləşə bilər”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bir sıra özəlliklərə malik olan hərbi bazanın Yunanıstanda olmasının düzgün olmadığını vurğuladı: “Türkiyənin geostrateji rolu ilə Yunanıstanın geostrateji rolu arasında fərq var.

İncirlik hərbi bazası Yaxın Şərqə, eyni zamanda keçmiş SSR-nin bütün ərazilərinə nəzarət etməyə imkan verən coğrafi məntəqədir. Bu cür özəlliklərə malik olan məntəqənin Yunanıstanda olması düzgün deyil. Digər tərəfdən, bu NATO-nun  məqsədlərinə də uyğun gəlməyə bilər. Zənnimcə, Türkiyədən İncirlik hərbi bazasını köçürməyə ehtiyac yoxdur. Bunu sadəcə olaraq, Fransa və Yunanıstanın özü gündəmə gətirməklə, Türkiyəyə təzyiq göstərmək istəyir. Əgər, söhbət İncirlik hərbi bazası və onun strateji mövqeyindən gedirsə, ən ideal yol NATO-nun buna etiraz etməsidir. Təbii ki, İncirlik hərbi bazasının Türkiyədən köçürülməsi mümkün deyil. Bu baş verərsə, tərəflər arasında soyuqluq yarana bilər. Amma NATO heç vaxt Türkiyəni öz sıralarından çıxarmağı düşünə bilməz”.

Hərbi ekspert Ramil Məmmədli isə Türkiyənin Cənubi Qafqazda çox aktivləşdiyini və ABŞ-ın regionda əsas müttəfiqi olan Türkiyədən imtina etməyəcəyini bildirdi: “İncirlikdəki hərbi baza NATO-ya aid baza adlansa da, əslində ABŞ hərbi kontingentinin dislokasiyası üçün nəzərdə tutulub. Soyuq müharibənin ən gərgin dövrlərində, Türkiyənin sol təmayüllü və kommunist ideologiyası güclü idi. O zaman Türkiyə kommunist hərəkatının bir addımlığındaydı. Həmin dövrdə ABŞ  NATO formatında öz hərbi bazasını İncirlikdə yerləşdirdi. Bununla da Türkiyədə baş verə biləcək dəyişikliklərin qarşısı alındı. Bu məsələnin bir tərəfidir. Digər tərəfi isə ondan ibarətdir ki, Türkiyə hələ də bölgədə ABŞ-ın müttəfiqidir. Belə olmasaydı, Türkiyənin Yaxın Şərq, Suriya və İraqda keçirdiyi əməliyyatlara ABŞ loyallıq göstərməzdi. Həmçinin, Türkiyənin Cənubi Qafqazda aktivləşməsinə dəstək göstərilməzdi. Realıq budur ki, Türkiyə Cənubi Qafqazda çox aktivləşib. Amerika regionda əsas müttəfiqi olan Türkiyədən imtina etməyəcək. Nə də ki, NATO Türkiyədən imtina edə bilməz”.

Əlbəttə ki, Türkiyənin İncirlik bazasının bağlamaq tipli fikirləri, NATO-dan çıxmaq iddiaları alyansı da narahat etməyə bilməz. Göründüyü kimi, İncirlik bazası haqqında hər hansı qərarın verilməsi tək Türkiyə-ABŞ arasında olan bir məsələ deyil. Təbii ki, burada NATO üzvlüyü əsas götürülməli və müvafiq qərarlar verilməlidir.

YƏHYA