“İnanıram ki, Azərbaycan müharibədə qalib gələcək”

1

Ceyms Adeniyi: “Azərbaycan Ordusuna uğurlar arzu edirəm

“Qəbələ” futbol klubunun nigeriyalı hücumçusu Ceyms Adeniyi “Report”un suallarını cavablandırıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

– Bir illik fasilədən sonra yenidən “Qəbələ”yə qayıtdınız. Təəssüratlarınız necədir?

– Bəli, yenidən bu komandadayam və sevinirəm. Amma “Qəbələ”də çox şey əvvəlki kimi deyil. O vaxt burada oynamış futbolçuların əksəriyyəti klubu tərk ediblər. Klub rəhbərliyində dəyişikliklər baş verib, komandaya yeni oyunçular gəlib. Özümə gəlincə, dizimdəki zədə səbəbindən bir müddət futbol oynaya bilmədim. Amma indi hər şey qaydasındadır. “Qəbələ”yə yenidən qollar vurmaq, komandaya qələbələr qazandırmaq üçün qayıtmışam.

– Bildirdiniz ki, “Qəbələ”də son 1 il ərzində çox şey dəyişib. Yəqin, buraya maliyyə məsələsi də aiddir…

– Əlbəttə, klubun büdcəsi əvvəlki ilə müqayisədə eyni deyil.

– Bəs sizin maaşınızda necə, azalma oldu?

– Xeyr. Mən indi də eyni məvacibi alıram. Bu barədə heç bir problem yoxdur.

– Bir müddət öncə “Qəbələ”nin baş meneceri Zaur Əzizov bildirmişdi ki, Ceyms Adeniyinin başqa ölkələrdən təklifi var və böyük ehtimalla, komandanı tərk edəcək. Maraqlıdır, özünüz getmək istəmədiniz, yoxsa vəziyyət belə gətirdi?

– Bilirsiniz ki, ötən mövsümü İsrail çempionatında keçirdim. “Hapoel” (Beer-Şeva), “Hapoel” (Tel-Əviv) və bu kimi bır sıra yerli klublardan təklif almışdım. Amma zədə problemi transferin baş tutmasına mane oldu. Uzun müddət meydandan kənarda qaldığım üçün əvvəlki formamdan uzaq idim. İndi isə yaxşı formadayam.

– İsrail çempionatı ilə Azərbaycan Premyer Liqası arasında nə kimi fərqlər var?

– Əslində elə ciddi fərq yoxdur. Sadəcə, İsrail çempionatında komanda sayı çoxdur və səviyyə nisbətən yüksəkdir. Liqada legioner futbolçular çoxdur.

– Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vaxtlar Azərbaycan və Ermənistan arasında baş verənlərdən xəbəriniz var. Əcnəbi futbolçu kimi sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

– Bəli, baş verənlərdən xəbərdaram. Bilirəm ki, Azərbaycan öz torpaqları uğrunda vuruşur. Hər gün məşqdən, oyundan öncə komanda yoldaşlarımla bu barədə danışırıq. Müxtəlif xəbərləri, videoları izləyirik. İnanıram ki, Azərbaycan bu müharibədə qalib gələcək və işğal olunmuş torpaqlarını geri qaytaracaq. Çünki Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan Ordusuna uğurlar arzu edirəm.

– Münaqişə dövründə Azərbaycana hansı formada dəstək verirsiniz?

– Mənim müxtəlif ölkələrdən çoxlu dostum var. Onlara, qohumlarıma, yaxınlarıma bu həqiqətləri çatdırıram. Bu məsələdə sonadək Azərbaycanı dəstəkləyirəm. Belə olmasaydı, hazırda bu ölkədə çıxış etməzdim.

– Yenidən futbol mövzusuna qayıdaq. “Qəbələ” yaxşı oyun göstərsə də, turnir cədvəlindəki mövqeyti ürəkaçan deyil. Bunun səbəbini nədə görürsünüz?

– Bayaq da qeyd etdiyim kimi, komanda yenidir. Futbolçuların bir-birinə uyğunlaşması üçün vaxta ehtiyac var. Amma inanıram ki, getdikcə daha yaxşı nəticələr əldə edib, turnir cədvəlində yuxarı sıralara qalxacağıq.

– Bəs özünüzün əvvəlki formaya qayıtmağınız üçün nə qədər vaxt lazımdır?

– Premyer Liqanın ötən turunun “Neftçi” ilə oyununda meydana çıxdım. Hələ tam hazır deyiləm. Düşünürəm ki, uzağı 1 aya əvvəlki Adeniyini izləyə biləcəksiniz.

– “Qəbələ” ilə müqaviləniz cari mövsümün sonunda başa çatacaq. Sözləşmənin sonunadək komandada qalacaqsınız, yoxsa qış transfer pəncərəsində başqa kluba keçə bilərsiniz?

– İndidən gələcək haqqında danışmaq istəmirəm. Çünki sabah nəyin baş verəcəyini bilmirik. Gerçəklik odur ki, bu gün “Qəbələ”nin futbolçusuyam.