Çin ordusu ölümcül epidemiyanın episentrini mühasirəyə alır, minlərlə ölən olduğu deyilir – Vuhandakı azərbaycanlı tələbələrin taleyi… – VİDEO

9

Çin hakimiyyəti ölümcül koronovirus epidemiyasının episentri olan Vuhan şəhərinə ordu qüvvələri yeridib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ordu bölmələrinə şəhəri mühasirədə saxlamaq, giriş-çıxışı tam dayandırmaq əmri verilib.

Hətta sosial şəbəkələrdə yayılan iddialara görə ordu şəhəri tərk etməyə çalışanlara atəş açır. Habelə Vuhan şəhəri ətrafındakı meşələr pilotsuz təyyarələrlə izlənir. Xəbərlərə görə, ölənləri basdırmaq üçün kütləvi məzarlar qazılır, Vuhana və karantin altına alınan digər şəhərlərə gedən yollar beton bloklarla bağlanıb.

Çin hakimiyyətinin yaydığı məlumatlara görə koronovirusdan ölənlərin sayı 100-ü keçib, minlərlə yoluxan var. Lakin ölənlərin və yoluxanların sayının daha çox olduğu haqda iddialar yer alır. Bəzi məlumatlara görə təkcə Vuhan şəhərində 2744 nəfər virusdan ölüb.

 

Epidemiyadan qorxuya düşən ölkələr bir-birinin ardınca Çinlə gediş-gəlişi, aviareysləri məhdudlaşdırır. Artıq Rusiya Çin vətəndaşlarının ölkəyə girişini dayandırdığını elan edib. Turoperatorlar Çindən turistlərin cəlb edilməsini dayandırıb, çinlilərin Rusiyaya qrup halında bütün səfərlərinə qadağa qoyulub. Habelə Birləşmiş Ştatlar Çindən öz vətəndaşlarının evakuasiyası üçün tədbirlər görür.

Azərbaycan da Çinlə sıx iqtisadi-ticarət əlaqələrinə malik ölkədir və xəbər verildiyi kimi bu ölkədə yüzlərlə azərbaycanlı tələbə də təhsil alır. Azərbaycanlı tələbələrin bir qismi artıq Çini tərk edib, virusun yayılmağa başladığı Vuhan şəhəri karantində olduğuna görə orada olan 7 tələbə isə şəhəri tərk edə bilmir, – bunu Çində təhsil alandan sonra orda işləmiş və yenicə Bakıya qayıdan Elmar Ağazadə deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki,  Vuhan şəhərində təhsil alan və karantinə görə şəhəri tərk etməyə icazə verilməyən 7 azərbaycanlı tələbə ilə bağlı Çin hökumətiylə danışıqlar aparılır.

BBC News Azərbaycancaya müsahibəsində Elmar Ağazadə deyib ki, Çində olan azərbaycanlı tələbələrin bəziləri təşviş və qorxu içindədirlər, lakin əksəriyyəti "sakit-sakit yeni xəbərləri gözləyirlər". Onun sözlərinə görə, Çin hökuməti hələ heç kimin Vuhan şəhərindən çıxışına icazə vermir.

Virusun yayılmağa başladığı Hubei bölgəsinin paytaxtı Vuhan şəhəri blokadaya alınıb və bir neçə digər şəhərdə səyahət qadağaları tətbiq edilib. "Şəhəri gizlicə tərk etmək istəyən Mərakeş vətəndaşları polislər tərəfindən saxlanılıb. Azərbaycanın Çindəki səfirliyi də WVuhan şəhərində olan 7 nəfərlə mütəmadi əlaqə saxlayır və onların ordan çıxarılması üçün çalışır,"- deyə Elmar Ağazadə əlavə edir ki, Çində vəziyyət kritik olaraq qalır və dövlət hələ ki, vəziyyəti nəzarətdə saxlaya bilmir.

"Bir çox şəhər karantindədir. Böyük şəhərlərdə ticarət mərkəzləri qapanıb, bəzi universitetlərə, bazarlara, ictimai yerlərə giriş qadağan olunub. Bəzi şəhərlərdə hətta vağzallar da bağlıdır, təkcə hava limanları fəaliyyət göstərir. Amma deyirlər, onlar da bağlana bilər," – o söyləyir.

Elmar Ağazadə deyir ki, o, Bakıya Şanxay – İstanbul – Bakı təyyarə reysi ilə gəlib. Bakı və İstanbul hava limanlarında hərarət kameraları ilə, Şanxayda isə daha dərin yoxlamalardan keçdiklərini söyləyir. Onun sözlərinə görə, Şanxay hava limanında hər kəs termal kameralar olan bölümdən keçirdi, ən xırda risk daşıyan insan dərhal digər bölümə çağırılır, nəfəs və ya tüpürcək kimi əlavə yoxlanışlardan keçirdilər.

"İstanbul hava limanında hərarət kameraları və başqa bir aparat var idi, nə olduğunu bilmirəm. Bakıda isə hərarət kameralarından başqa bir şey yox idi",-o deyib.

Elmar Ağazadə Çinə qayıdıb-qayıtmayacağını hələ ki, bilmir, hadisələrin gedişatını izlədiyini söyləyir.

Ötən gün Azərbaycanın təhsil naziri Ceyhun Bayramov hazırda Çində 500-ə yaxın azərbaycanlı tələbənin olduğunu açıqlayıb. Nazir Çində dövlət xətti ilə 62 tələbənin təhsil aldığını, koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbənin olduğunu bildirmişdi.

 

/virtualaz.org/