“İmkan verilməməlidir ki, bu cür hadisələrlə münasibətlər zədələnsin”

522

“Müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri istəsə də, istəməsə də, bu ölkənin bir parçasıdırlar. İqtidarın və yaxud iqtidarda olan bəzilərinin düşüncəsinə görə bizi ayırıb kənara qoymaq bu şəkli, bu portreti, bu Azərbaycan rəsmini parçalamaqdır, zədələməkdir. Olmaz! O  şəkil tam olmayacaq. Bu Azərbaycan həm də bizimlə – müxalifətilə, vətəndaş cəmiyyətilə tamdır. Bütövlüyümüzü burada da qorumağı bacarmalıyıq. Hakimiyyət Vətən Müharibəsində göstərdiyimiz mövqedən fürsətcil istifadə etməsin! Bu gün sosial problemlərdən və yaxud da digər problemlərdən danışırıqsa, efirləri müxalifətin üzünə bağlamayın”.

Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

“İmkan verin, sosial problemlər, vətəndaş cəmiyyətinin də, müxalifətin də, azad seçki və cəmiyyətin demokratikləşməsi istiqamətindəki problemləri də orada səsləndirilsin. Yoxsa belə çıxmasın ki, fürsətdən istifadə etdiniz. Adamların səmimi mövqeyindən fürsətcil istifadəçiyə çevrildiniz. Etməyin. Cəmiyyət onu yaxşı qarşılamaz. Heç biz də yaxşı qarşılamırıq. Biz vətən üçün hər bir zaman canımızı da verməyə, əsgər də, şəhid də olmağa hazırıq. Amma iqtidar nümayəndələri də ən azı bizim qədər səmimi olsun. Ümid edirəm ki, bu proseslər addım-addım gedəcək. Getməsə, iqtidarın ziyanına olacaq. Hakimiyyətin, xüsusilə Prezidentin qazandığı reytinqi və inamı bir məmurun rüşvət alması ilə, yaramaz birinin deputat seçdirilməsi ilə, səs oğurlanması ilə, bir adamın vəzifəlinin xoşuna gəlməsi üçün müxalifət fəalını təqib etdirməsi ilə zərbə altında qoymaq yolverilən bir şey deyil. Hakimiyyət də, cəmiyyət də bu barədə düşünməlidir. İmkan verilməməlidir ki, bu cür hadisələrlə münasibətlər zədələnsin və köhnəyə qayıdılsın. Mən 44 günlük müharibədən sonra yeni doğulan Azərbaycan görmək istəyirəm. Yeni yaranan münasibətlər sistemi görmək istəyirəm. Yeni siyasi institutlar və iqtidar münasibətləri görmək istəyirəm. Bunun nə qədər olması çox mənada iqtidardan asılıdır” – İ.Ağazadə bildirib. \\Pravda.az