İmişli sakininin camışını avtomobillə vurdu, zərəri ödəmək əvəzinə, təzminat tələb edir

363

Leyla Hüseynova: “Belə çıxır, o itlər məhkəməyə verilməlidir ki, camışları qovub, ya da mən camışları pis “tərbiyə” etmişəmmiş”

İmişli şəhəri, Səttar Bəhlulzadə küçəsi 23 ünvanında yaşayan Hüseynova Leyla Səttar qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə İmişli rayon Məhkəməsinin sədri Qurban Hacıyevə və aidiyyəti qurumlarına rəhbərliyinə müraciət edən şikayətçi yazır:

“Hörmətli sədr!

Bildirirəm ki, mənə məxsus olan iki baş camışı Xoşçobanlı-Muradallı kənd bələdiyyəsinin rəsmisi Asif Əlişov öz qaynının, Cavadxanlı sakini Abbasov Alid Adəm oğlunun avtomobili ilə, avtovağzalın yanında vurub, birini öldürüb, birini də yararsız vəziyyətə salıb. Camışlar 04 oktyabr 2020-ci il, saat 20:00-da vurulsa da, 05 oktyabr 2020-ci ilə sənədləşdiriblər.

Belə ki, evin arxasında camışları otararkən, sahibsiz itlər mənə və camışlara hücum etdilər. Mən qorxub qaçdım, camışlar isə götürüldü. Sonra camışları atamla axtarmağa başladıq. Lakin tapa bilmədik. Qardaşım Rəşad Qaz İstismar İdarəsində işləyir. İşdən qayıdarkən, idarənin kənarındakı asfalta çıxanda, yolun kənarında camışların vurulmasını görür və mənə zəng edir.

O, bildirdi ki, camışları avtomaşınla vurublar, get hadisə yerinə. 3 uşağı evdə tək qoyub, gedə bilmədim. Uşaqların atasına zəng etdim, o, getdi. Hadisə ilə bağlı Məhərrəmov Yarəb, İmişli RPŞ-nin avtomobil müfəttişi, hadisə ilə bağlı heç bir məlumat vermədi, sənəd də vermədi. O, avtomobil sahiblərini müdafiə edir.

Möhtərəm sədr!

Sizdən xahiş edirəm, camışlarımızı vurub öldürən, polis zabiti, avtomobil müfəttişi Yarəb Məhərrəmovun müdafiə etdiyi Abbasov Alid ailəmizin yeganə gəlir mənbəyini məhv etdiyi üçün, bizə dəyən zərəri – 3000 manat təzminat ödəməsi üçün bizə kömək edəsiniz. Bu barədə Prezident, Baş Prokuror, DİN-in 102 xidmətinə 6 dəfə məlumat versək də, nəticə yoxdur. Axı, mən gələcəyin 3 əsgərini böyüdürəm. Həyat yoldaşım Əhmədov Elmirlə boşanmışıq. Alid Abbasov isə həyat yoldaşımı məhkəməyə verib ki, camışlar avtomobilimi əzib. Zərərçəkən mən, ölən camışlar mənim, Alidlər isə utanmadan qabaqdan gəlmişlik edirlər. Belə çıxır, o itlər məhkəməyə verilməlidir ki, camışları qovub, ya da mən camışları pis “tərbiyə” etmişəmmiş.

Boşanmış həyat yoldaşım Elmirdəm 3405 manat cərimə istəmələri bizim xalqın mentalitetinə yaddır. Müharibə təzə bitib, daxildəki belələrinə qarşı ölkə rəhbərliyi sərt cəzalar tətbiq etməlidir”.

Hazırladı: KƏNAN