İlyas İsmayılov: “Siyasi blogerləri əxlaqa, dövləti qanunlara hörmətə dəvət edirəm”

156

“Heç bir məhkəmə qərarı olmadan hər hansı mülkiyyətin xüsusi qəddarlıqla dağıdılması ağır cinayətdir və bunu törədənlərin kimliyi müəyyənləşdirilib adekvat şəkildə cəzalandırılmalıdır”.

Ovqat.com xəbər verir ki, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Qurban Məmmədovun evinin dağıdılmasını şərh edərkən belə deyib.

Məlum hadisənin video-görüntüsünü izləyib dəhşətə gəldiyini etiraf edən İlyas İsmayılov mülki şəxslərin xüsusi qəddarlıqla pəncərələri qırmasının, binanı viran qoymasının heç bir hüquqi-məntiqi əsasının olmadığını vurğulayıb və bu hərəkətlərin arxasında qisasçılıq, düşmənçilik motivlərinin açıq şəkildə göründüyünü deyib: “Hüquq mühafizə orqanlarının, ümumiyyətlə dövlətin öz vətəndaşına qisasçılıq hissiylə yanaşması yolverilməzdir. Dövlət qisas almaz, hər hansı cinayət əməliylə əlaqədar ölçü götürər, qanun pozanları cəzalandırar. Cəzalar isə qanun çərçivəsində verilər və məhkəmələrin hökmünə əsaslanar. Qurban Məmmədovun evinin dağıldılmasından bir gün sonra Bakı şəhər İcra Hakimiyyəti  bu söküntü barədə məhkəmə qərarının olmadığını və qanunsuz aparıldığını açıqladı. Bu fakt Azərbaycanda ikihakimiyyətliliyin hökm sürdüyünü, özbaşınalığın baş alıb getdiyini göstərir. Məşhur bir əhvalatda deyildiyi kimi “əvvəl başı kəsib sonra saçı sayırlar” zərb-məsəlini xatırladır. Bu isə dövlətçilik ənənələri ilə bir araya sığımır. Çünki dövlətin cinayətkarlığa qarşı mübarizəsində arxalandığı bir silahı var – Qanun. Cinayətkarlar öz əməlləriylə əslində o silahı zərərsizləşdirməyə çalışırlar. Dövlət isə nəyin bahasına olursa olsun, qanunları qorumalı və onların çərçivəsində hərəkət etməlidir. Qanunu pozan dövlət də vətəndaşlar üçün pis nümunə göstərir”.

İlyas İsmayılov Qurban Məmmədovun evinin sökülməsi hadisəsində dövlətə və onun rəhbərliyinə qarşı təxribat versiyasını da istisna etmir: “BŞİH-nin söküntü barədə məhkəmə qərarının olmaması barədə bəyanatı onu göstərir ki, ali hakimiyyət orqanının bundan xəbəri olmayıb. Xəbər tutunca bazar günü olmasına baxmayaraq, BŞİH tərəfindən həmin bəyanat verdirilib. Odur ki, bu söküntü aktının arxasında mütləq təxribat izləri araşdırılmalıdır. Bu təxribat təkcə Qurban Məmmədovdan kimlərinsə qisası deyil, həm də dövlətin imicinə vurulmuş zərbədir. Mümkündür ki, kimsə İlham Əliyevi və ya Daxili İşlər nazirini çətin vəziyyətdə qoymaq üçün bu təxribatı planlaşdırıb. Təxribatın arxasında “5-ci kolon” deyilən qüvvələrin dayanıb-dayanmaması dəqiq araşdırılmalı, cinayəti törədənlər və planlaşdıranlar  adekvat cəzaya layiq görülməlidir. Çünki bu planda dövlətə və onun rəhbərliyinə qarşı xəyanət elementləri aydın şəkildə görünür”.

İlyas İsmayılov bütün bu təxribatlardan sonra Qurban Məmmədov barədə beynəlxalq axtarış elan olunmasının da səmimiyyətinə şübhə ilə yanaşır: “Məlumdur ki, beynəlxalq qanunlara əsasən, ədalətli məhkəmə sistemlərinin olmadığı, hüquq adı altında vətəndaşlardan şəxsi qisas alındığı dövlətlərin bu cür sorğularına müsbət cavab verilmir. Çünki burda qanunun aliliyindən, hüquqilikdən söhbət gedə bilməz. Sivil dövlətlər onlara sığınan xarici vətəndaşları öz əlləriylə “ətçəkən maşınların” ağzına atmazlar. Qurban Məmmədovu xarici dövlətdən almaq istəyən hakimiyyət onun ailə üzvlərinin yaşadığı mənzilə qarşı bu cür qanunsuz müdaxilə etməməliydi. Edirsə, deməli, onun barəsində çıxarılan axtarışın da məqsəd saxtadır”.

Bunları deyərkən, heç də Qurban Məmmədovun və ya xarici ölkələrdə hakimiyyətə qarşı mübarizə aparanların mövqeyini dəstəkləmədiyinə diqqət çəkən partiya sədri fikirlərini belə yekunlaşdırdı: “Qurban Məmmədov və digər blogerlər ağır cinayətlərə yol vermis olsalar belə (Mən dövlət adamlarına qarşı təhqiramiz ritorika mənimsəmiş blogerlərin fəaliyyətini  pisləyir və onları əxlaqa dəvət edirəm), onlara qarşı mübarizə bu cür qanunazidd üsullarla həyata keçirilə bilməz. Onların  cəzasını ailələrinə vermək isə ümumiyyətlə heç bir ədalətə, məntiqə sığmır. Çünki cəza fərdi xarakter daşıyır. Bəhlul Danəndənin bu barədə məşhur bir aforizmi var: “Qoyunu qoyun ayağından, keçini keçi ayağından asarlar”.