İlyas İsmayılov Eldar Həsənovu dəstəklədi: “Kimin nə zaman, harda oturacağını heç kim bilə bilməz”

189

“Eldar Həsənovun cinayət işi Dövlət Təhlükəsizlik Xidmətindən Baş Prokurorluğa göndərilib. DTX-da aparılan istintaq araşdırması nəticəsində aydın olub ki, onu səfirlik üçün ayrılmış dövlət vəsaitini mənimsəməkdə yox, təyinatı üzrə xərcləməməkdə ittiham edirlər”.

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Partiya sədrinin iddiasına görə, mübahisə predmeti olan bu vəsait ölkədə baş verən talanlarla müqayisədə o qədər də çox deyil, cüzidir: “Üstəlik, vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsi belə, sübut olunmalıdır. Açığı, bu ittihamla nəinki tanınmış hüquq elmləri doktorunu, professoru, keçmiş Baş Prokuroru və s. və i, hətta adi vətəndaşı da həbs etmək gülüncdür”.

Bununla belə, İlyas İsmayılov Eldar Həsənovun cinayət işinin DTX-dan Baş Prokurorluğa göndərilməsini müsbət qiymətləndirir və bunun DTX-in indiki rəhbərliyinin peşəkarlığından, qanunun aliliyinə hörmətdən irəli gəldiyini düşünür: “Bəlkə keçmiş rəhbərlik olsaydı, Eldar Həsənovun əməlində böyük “dövləti cinayət”, “vətənə xəyanət” motivləri “tapar”, məhkəməsiz-filansız illərlə öz zirzəməsində çürüdərdi. Eyni həssasiyyəti mən Baş Prokuror Kamran Əliyevdən də gözləyirəm. Ən azı ona görə ki, indi onun əyləşdiyi kresloda bir zamanlar Eldar Həsənov otururdu. Kimin nə zaman, harda oturacağını heç kim bilə bilməz. Odur ki, taleyin bu cür sürprizləriylə qarşılaşmamaq üçün hamımız əl-ələ verib qanunların bütün dəyərlərdən üstün tutulduğu sistem qurmalıyıq və bu məsuliyyətli işdə Baş prokurorun çiyninə də çox böyük yük düşür”.

Məlum olduğu kimi, Eldar Həsənov avqustun 13-də həbs olunub. Onun saxlanılmasının üzərindən hardasa bir ay keçir. Bəs, İlyas İsmayılov niyə onu həmin vaxt yox, indi müdafiə edir?

Ədalət Partiyasının sədri bu suala belə aydınlıq gətirdi: “Eldar Həsənovun həbs olunduğu ilk günlər mətbuat nümayəndələri mənə tez-tez müraciət edərək, bu məsələyə münasibət bildirməyimi istəyirdilər. Mən isə onlara deyirdim ki, hüquqşünasların fikri qanunun məntiqindən, hüququn prinsiplərindən doğmalı və işin konkret hallarına söykənməlidir. Hələlik, bu deyilənlər barədə məlumatım olmadığından konkret fikir söyləməyə çətinlik çəkirəm. Onu da qeyd edim ki, cəmiyyətimizdə bu həbsə sevinənlər də az deyildi. Ancaq anlaya bilmirəm ki, heç bir cinayəti sübuta yetirilməyən bir insanın həbsinə necə sevinmək olar?”

Eldar Həsənovun səhhətində ciddi problemlərin olduğunu bildirən İlyas İsmayılov onun bu vəziyyətdə həbsdə saxlanılmasını qəddarlıq adlandırıb: “Bu fakt bir daha göstərir ki, hüquq mühafizə orqanları haqqa, ədalətə deyil, kimlərinsə şəxsi maraqlarına, göstərişlərinə qulluq edir. Bu kobud, bənzərsiz qanun pozuntularına getməkdə əsas məqsəd qorxu xofunu gücləndirməkdir. Tanınmış, hörmətli şəxslər barəsində belə ədalətsizliyə yol verənlər hesab edirlər ki, qorxu insanları “otaran” ən etibarlı çobandır”.

Eldar Həsənova qarşı “anlaşılmaz zorakılığa” son qoyulmasını, onun həbsdən dərhal azad olunmasını və müalicəsinə lazımi şərait yaradılmasını tələb edən Ədalət lideri öz fikrini Paskalın məşhur aforizmiylə dəstəkləyib: “Vaxtilə Paskal deyirdi: ““Qüvvətsiz ədalət – aciz, ədalətsiz qüvvə – zalım olar”. Bu zorakılığa yol verən hakimiyyət nümayəndələri tez-tez hüquqi dövlətdən, vətəndaş cəmiyyətindən, insan hüquqlarından dəm vururlar. Lakin unudurlar ki, vətəndaş cəmiyyəti müstəqilliyin, hüquqi bərabərliyin, şəxsi ləyaqət və özünəhörmətin həm səbəbi, həm də nəticəsi olan vətəndaşdan və onun azadlığından, hüquqi dövlət isə qanunun aliliyindən başlayır. Şarl de Montesqyo gözəl deyib: “Qanunçuluğun kölgəsində, ədalət bayrağı altında çıxış edən istibdad daha qəddardır”.