“İlkin Qırtımova “sağ ol” deyirəm”

60

Yunis Hüseynov penalti vurmaqdan çəkinən futbolçularını tənqid etdi

“Bu gün qələbə qazanmaq istəyirdik”. Bunu “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının I təsnifat mərhələsində “Laçi” ilə keçirilən oyundan sonra deyib. “ASK Arena”dakı qarşılaşmanın 120 dəqiqəsi qolsuz bərabərliklə nəticələnib. Penaltilər seriyasında Albaniya təmsilçisinə 4:5 hesabı ilə məğlub olan bakılılar üçün avrokubok mövsümü başa çatıb. Matçdan sonrakı mətbuat konfransında Hüseynov fikrini bu sözlərlə davam etdirib: “Rəqib yaxşı komanda idi, kompakt idilər. Buna baxmayaraq, yaxşı çıxış etdik. Təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Deyərdik ki, onlara qələbəni qapıçıları qazandırdı. İki epizodda qolun vurulmasına mane oldu. Penaltilər isə lotereyadır. Məni narahat edən futbolçularımızda özünəinamın olmaması idi”.

– Sanki 5-ci penaltini vuranı tapmırdınız… 

– İlkin kapitandır və məsuliyyəti öz üzərinə götürdü. Ona heç nə demədim. Penaltini çox adam vura bilmir. Ona “sağ ol” deyirəm. Penaltilər seriyasına hazır idik, məşqdə bunların üzərində işləmişdik. Təəssüf ki, həmin penalti vurası oyunçular çəkindilər. Çəkinməsəydilər, bu gün qələbə bizimlə olardı.

– Bu inamsızlığa görə futbolçular cəzalanacaq?

– Komandamın oyunundan razı qaldım. 120 dəqiqə yaxşı oyun göstərdik. Əgər yaxşı oynamasaydıq, bir tədbir görərdik. Heç kim uduzmaq istəmir. Həmin oyunçular da bunu istəmirdilər. Sadəcə, özlərinə inam yox idi. Mənim özümdə də futbolçu vaxtı belə olub. Bu gün penaltilər seriyasında özünə inanan 4 futbolçu var idi. Qorxmaq lazım deyil.

– Cavid İmamverdiyevin oyunundan razı qaldınız?

– Cavid hələ tam hazır deyil. Rəqib azlıqda qalanda orta xətdə top saxlayan lazım idi. Bu üzdən Cavidi meydana buraxdım ki, topla işləsin. Hələ hazır deyil, oyunundan razı qalmadım.

– Kristovao ilə bu mövsüm tək çıxış etmək alınacaq?

– Silva da hücumçudur, sadəcə hazır deyil. Kim rəqabətdə güclü olacaq, o da meydana çıxacaq.

– Rəqibin baş məşqçisi deyib ki, oyun müddətində çoxlu şanslar yarada bilmədiniz. Çempionatda bunun çarəsini tapa biləcəksiniz?

–  Rəqibin baş məşqçisinin nə dediyi mənə maraqlı deyil. Əgər bizim qol epizodlarımızı görməyibsə, eynək taxmalıdır.