“İlk dəfədir ki, MSK saxtakarlıqlarla bağlı şikayətləri araşdırıb yekunlaşdıra bilmir” – ARİF HACILI

3

“İlham Əliyev demişdi ki, əgər seçkidə saxtakarlıqlar olsa, buna etirazlar olardı. Seçkidən iki həftədən çox vaxt keçib, amma MSK öz fəaliyyəti tarixində ilk dəfədir ki, saxtakarlıqlarla bağlı şikayətləri araşdırıb yekunlaşdıra bilmir”. Hurriyyet.org xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Bəzi məlumatlara görə, 500-ə dək şikayət ərizəsi daxil olub. MSK qarşısında aksiyalar da davam edir”,-deyə  Müsavat başqanı əlavə edib.

“Hakimiyyətin bu seçkilərə demokratik seçki donu geyindirməsi mümkün olmadı”

A.Hacılının sözlərinə görə, 2005-ci ildən sonra parlament seçkilərindəki saxtakarlılara qarşı bu miqyasda etirazlar olmayıb: “Xüsusilə 11 fevral və 16 fevral aksiyaları böyük miqyas aldı. Həm ölkə daxilində, həm də bütün dünyada rezonans doğurdu. Hakimiyyətin bu seçkilərə demokratik seçki donu geyindirməsi mümkün olmadı. İslahat nağılları ifşa edildi”.

“Cəmiyyətin müqavimət gücünü artırdıq”

“Bu seçkilərdə qarşımıza qoyduğumuz bütün hədəflərə tam nail ola bilməsək də, boş dayanmamaqla, cəmiyyətin avtoritarizmə təslim olmadığını, müqavimətin davam etdiyini ortaya qoyduq. Cəmiyyətin müqavimət gücünü artırdıq. Bu müqavimətin artan xətt üzrə davam etməsi üçün mübarizəmiz davam edir”,-deyə A. Hacılı vurğulayıb.

 Şamo EMİN, Hurriyyet.org