İlk olaraq 9 və 11-ci siniflərdə dərslər başlayacaq? – AÇIQLAMA

33

Tədrisin nə zaman başlayacağı ilə bağlı tez-tez sualların verilməsi vəziyyətə təsir etmir. Bu barədə qərar veriləndə məlumat açıqlanacaq.

Hurriyyet.org xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib. Onun sözlərinə görə, karantin rejiminin yumşaldılmasına gedən zaman ilklər sırasında insanların kütləvi toplaşdığı yerlərin açılması, o cümlədən tədrisin bərpası ola bilməz.
“Ali təhsil sahələri, kolleclər və məktəblərin nə zaman bərpa olunacağını deyə bilmərik. Burada əsas məsələ qərarı verən zaman sonradan peşmançılığın yaşanmamasıdır. Mart ayından başlayaraq tədrisin bərpa olunması ilə bağlı təxribat xarakterli məlumatlar paylaşılır. Biz buna ciddi yanaşırıq. Rəsmi məlumatlara istinad edin”.

Nazir müşaviri ilk olaraq 9 və 11-ci siniflərdə tədrisinin başlanması barədə məlumatlara da aydınlıq gətirib.

“Bəzi ölkələrdə bu təcrübə var. Bəzi ölkələrdə ilk olaraq ibtidai sinifləri açırlar, bu da o yaşda yoluxmanın az olması ilə əlaqədardır. 9 və 11-ci siniflərdə ilk olaraq tədrisin bərpası onların buraxılış sinifləri olması ilə əlaqədardır. Onları qarşıda buraxılış və qəbul imtahanları gözləyir. Bizdə də bu təcrübə nəzərə alınaraq qərar verilə bilər. Lakin ən əsası sağlamlığı prioritet olaraq təmin edə bilməkdir”./azvision.az/