“İlin sonunadək neftin qiyməti 50 dollara çata bilər” – ƏKRƏM HƏSƏNOV

96

“Dünya bazarında neftin qiymətinin artması müvəqqəti xarakter daşımır”

“Çünki bir neçə gündən sonra OPEK ölkələrinin görüşü olacaq və gözlənti var ki, onlar neft hasilatının azaldılmasına dair sazişi qüvvədə saxlayacaqlar”

“Dünyada gedən proseslərə ciddi təsir edə bilməyən Azərbaycan kimi ölkələr hər bir variantı göz özünə almalıdır”

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Belə ki, hazırda “Brent” markalı neftin bir barreli 40,07 dollara, yüngül neftin bir barreli isə 37,60 dollara təklif olunur. Azərbaycanın dünya bazarına çıxardığı “Azeri LT CIF” markalı xam neftin qiyməti isə 2,14 ABŞ dolları, yaxud 5,61 faiz artıb. Bununla da “Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,28 ABŞ dolları təşkil edir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, “OPEC+” razılaşması çərçivəsində neft hasilatı üzrə mövcud azaltma səviyyəsi (gündəlik 9,7 mln. barel) sentyabrın 1-dək uzadıla bilər. Bu barədə “APA-Economics”in “The Wall Street” jurnalına istinadən verdiyi məlumatına görə, ölkələr istehsalın azaldılması üçün mövcud kvotanın sentyabr ayının əvvəlinə qədər saxlanılması barədə “razılığa yaxındır”. Bundan əlavə, tərəflər iyunun 9-10-na planlaşdırılan “OPEC+” ölkələri nazirlərinin onlayn konfransın iyunun 4-ü keçirilməsi barədə razılaşıblar. Nəşr iddia edir ki, Səudiyyə Ərəbistanı “OPEC+” razılaşması çərçivəsində gündəlik neft hasilatının 9,7 mln. barel azaldılmasının bu ilin sonunadək uzadılmasının tərəfdaşıdır. Rusiyanı isə sövdələşmə hazırkı formada qane edir. Hazırda tərəflər sentyabrın 1-dək mövcud kvotanın saxlanılmasını nəzərdə tutan “kompromis” barədə müzakirə aparırlar.

Xatırladaq ki, “OPEC+” formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. “OPEC+” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.

“Neftin qiyməti 60-70 dollar olsa belə, biz bu il iqtisadiyyatımızda olan itkiləri bərpa edə bilməyəcəyik”

Beləliklə, məsələ ilə bağlı fikrini öyrəndiyimiz iqtisadçı ekspert Əkrəm Həsənov hesab edir ki, dünya bazarında neftin qiymətinin artması müvəqqəti xarakter daşımır: “Çünki bir neçə gündən sonra OPEK ölkələrinin görüşü olacaq və gözlənti var ki, onlar neft hasilatının azaldılmasına dair aralarındakı sazişi qüvvədə saxlayacaqlar. Yəni bu baxımdan, neftin qiymətinin düşmə ehtimalı azdır. Digər tərəfdən, prinsipcə pandemiya problemi bitmək üzrədir. Ən azı indiki anda Çin və neft alıcısı olan digər ölkələr pandemiyadan çıxırlar. Deməli, iqtisadiyyatlarının inkişafını davam etdirə biləcəklər və neftə təlabat da artır. Bu səbədən də hesab edirəm ki, hazırkı şəraitdə neftin qiymətinin düşmə ehtimalı yoxdur. Yəqin ki, qiymət elə bu səviyyədə qala və daha çox ola bilər. Ehtimal etmək olar ki, hətta ilin sonuna neftin qiyməti 50 dollara da gəlib çata bilər. Onu da qeyd edim ki, bununla bağlı daha optimist proqnozlar da verilir ki, neftin qiyməti əvvəlki səviyyəyə də gəlib çata bilər. Bildirmək lazımdır ki, əgər pandemiyanın ikinci dalğası olsa, o zaman neftin qiyməti heç indiki səviyyədə belə, qalmayacaq, yenə də düşəcək”.

Hazırda neftin qiymətinə təsir edən geosiyasi məsələlərin də mövcud olduğunu vurğulayan ekspertin sözlərinə görə, İran və Venesueladakı hadisələr, o cümlədən ABŞ-dakı prezident seçkilərinin hər biri dünya birjalarına təsirsiz ötüşmür: “Əgər bu məsələlərdə aləmi qarıdırsalar, onda neftin qiymət artımını gözləməyə dəyməz. Ancaq hələlik bunlar görünmür. Proseslər indiki kimi davam edərsə, o zaman neftin qiymətinin qalxma ehtimalı çoxdur. Lakin bu, o demək deyil ki, bununla Azərbaycanın bütün problemləri həll olunur. Çünki bizdə də neft hasilatı düşüb. Odur ki, neftin qiyməti artsa da, biz əvvəlki həcmdə neft satmırıqsa, deməli hər bir halda valyuta gəlirlərimiz azalacaq. Bununla belə, neftin qiymətinin artması Azərbaycana kömək olacaq. Amma bu ilin əvvəlki, ya da keçən ilin sonundakı vəziyyətə qayıtmağımızı gözləmək hələ tezdir. Hətta neftin qiyməti 60-70 dollar olsa belə, biz bu il iqtisadiyyatımızda olan itkiləri bərpa edə bilməyəcəyik. Bu, yalnız gələn il baş verə bilər”.

“İndiki dövrdə dövlətin əsaslı kapital qoyuluşu etməsi lazım deyil, hətta vətəndaşlar belə, zərurət olmadıqda bahalı əşyalar almamalı, əlavə xərclərə getməməlidirlər”

“Dövlət büdcəsində neftin qiymətinə yenidən baxıla bilərmi” sualını cavablandıran Əkrəm Həsənovun fikrincə, bu tepmlə gedərsə qiymət 50 dollara yaxınlaşa bilər ki, bununla da dəyişikliyə ehtiyac qalmayacaq: “Məncə, baxılmayacaq. Çünki artıq ilin yarısı keçib və əgər bu templə getsə, qiymət 50 dollara yaxınlaşsa, artıq dəyişikliyə ehtiyac yoxdur. Yox, əgər vəziyyət kəskin dəyişərsə, o zaman bunu istisna etmək olmaz. Onu da nəzərinizə çatdırım ki, indiki dövrdə dövlətin əsaslı kapital qoyuluşu etməsi lazım deyil. Hətta vətəndaşlar belə, zərurət olmadıqda bahalı əşyalar almamalı, əlavə xərclərə getməməlidirlər. Yəni mümkün qədər qənaət etmək lazımdır. Eynilə, dövlət də bu cür etməlidir”. Neftin qiymətinin artmasının dolların kursuna təsirindən danışan ekspertin sözlərinə görə, indiki halda elə də ciddi dəyişiklik müşahidə olunmayacaq: “Lakin neft yenidən kəskin şəkildə düşərsə, onda milli valyutanın məzənnəsini qorumaq çətin olacaq. İndiki vəziyyətdə isə 40 dollar bizə manatın məzənnəsini qorumağa imkan verir. Sadəcə, bir məqamı diqqətə almaq lazımdır ki, bu gün dünyada çox böyük dəyişikliklər baş verir. Odur ki, həm iqtisadiyyatda, həm də siyasətdə nələrin baş verə biləcəyini indidən heç kim deyə bilməz. Düşünürəm ki, hər şey pandemiyanın bitib və ya yenidən güclənməsindən asılı olacaq. Bu baxımdan, dünyada gedən proseslərə ciddi təsir edə bilməyən Azərbaycan kimi ölkələr hər bir variantı göz özünə almalıdır”. Pandemiyanın ikinci dalğası gəlsə belə, əvvəlki kimi güclü olmayacağını deyən Əkrəm Həsənov qeyd etdi ki, artıq dövlətlər buna daha hazırlıqlıdır: “Bildiyiniz kimi, pandemiyanın ilk həftələrində adi spirt və maska tapılmırdı. Lakin bir qədər sonra hər şey yoluna qoyuldu. Odur ki, indi daha təcrübəliyik və bu səbəbdən ikinci dalğası gəlsə də, yəqin əvvəlki kimi fəsadları olmaz. Bununla yanaşı, baş verənlərdən sonra artıq insanların çoxunda immunitet daha güclü olmalıdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org