İlin icmalı: Azərbaycan Dağlıq Qarabağda qələbə qazandı

372
Euronews, Aİ
24.12.2020

Müəllif: Manela Skarpellini

2020-ci ilin sentyabrı Qafqazda silahlı münaqişənin alovlanması ilə yadda qaldı. 44 gün davam etmiş müharibə 5 mindən çox insanın həlak olması və Qafqazın xəritəsinin dəyişməsilə nəticələndi.

Hərbi əməliyyatlar Dağlıq Qarabağ anklavında gedirdi. Beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan bu region 1994-cü ildə başa çatmış müharibədən bu yana etnik ermənilərin nəzarətində idi.

Müharibənin başlaması ilə bağlı bir-birinə zidd izahlar

Son hərbi əməliyyatlarla bağlı ən mübahisəli məsələ müharibənin hansı tərəfin təhrikilə başlamasıdır. Doğrudur, tərəflər arasında zaman-zaman toqquşmalar həmişə olub. Amma onun miqyası bu səviyyəyə çatmırdı.

Son hərbi əməliyyatların başlamasından təxminən iki həftə sonra Azərbaycan və Ermənistan liderləri bu haqda fikirlərini “Euronews”la bölüşmüşdülər.

“Əlbəttə, biz təəssüflənirik ki, mülki şəxslər qətlə yetirilir”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev o zaman vurğulamışdı: “Sözsüz ki, bu hücumu biz törətməmişik, hücumun mənbəyi olmamışıq… Onlar bizim şəhər və kəndlərimizə hücum etdilər və biz cavab verməli olduq. Lakin bizim cavabımız əsasən və başlıca olaraq onların hərbi mövqelərinə, tanklarına və silahlarına oldu”.

Ermənistan baş naziri Nikol Paşinyan isə bildirmişdi ki, “biz heç kəsə hücum etməmişik. Bizim və Qarabağın hərəkətləri özünümüdafiədir. Bizim kimlərisə öldürmək kimi hədəfimiz yoxdur. Yeganə hədəfimiz erməni xalqını növbəti soyqırımdan qorumaqdır. Bu özünümüdafiədir”.

Rusiyanın vasitəçiliyilə əldə olunmuş atəşkəs

Son hərbi əməliyyatlar Azərbaycanın qələbəsilə bitib. Döyüşlərin dayandırılmasına ənənəvi olaraq ermənilərə yaxınlığı ilə tanınan Rusiyanın müdaxiləsilə nail olunub. Ermənistanla Azərbaycan məhz Moskvanın vasitəçiliyilə atəşkəs müqaviləsi imzalayıb. Lakin münaqişə tərəfləri heç bu sənədi də birlikdə imzalamayıb.

“Mən çox ümid edirəm ki, bizim birgə bəyanatımızda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsini dayandıracaq, həm də bəyanatda təsbit etdiyimiz razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq. Ən başlıcası, ümid edirəm ki, bu sənəd regionda münasibətlərin, ilk növbədə Azərbaycan Respublikası ilə Ermənistan arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli zəmin olacaq”, – deyə Rusiya prezidenti Vladimir Putin imzalama mərasimində bildirmişdi.

Atəşkəs rejiminin qorunmasına rusiyalı sülhməramlılar, həmçinin türkiyəli və rusiyalı müşahidəçilər nəzarət edəcək. Onlar bölgədə avtomobil yolunun tikintisinə, insanların rahat şəkildə hərəkətinə də nəzarət etməlidir.

Bu sazişlə Dağlıq Qarabağın bəzi hissələri, həmçinin Ermənistanın nəzarət etdiyi 3 rayon Azərbaycana qaytarılıb.

Paşinyanın istefası tələb olunur

Azərbaycanlıların qələbəni bayram etdiyi dövrdə Ermənistan parlamentinin deputatları qəzəb püskürür. Müxalifət Nikol Paşinyana qəzəblidir. Onlar ölkədə xəyanətkar elan olunmuş baş nazirin istefasını tələb edirlər.

Ermənistan hökumətinin məlumatına görə, münaqişə nəticəsində təxminən 90 min erməni regionu tərk edib. Onlar Azərbaycana təhvil verilməli olsn rayonları tərk etməzdən əvvəl oradakı evləri yandırıblar, çünki evlərin azərbaycanlıların əlinə keçməsini istəmirdilər.

Yeni sülh sazişilə yeni “dondurulmuş” status-kvo yaranıb. Saziş ən qədim münaqişələrdən birinin həllilə nəticələndiyini demək olmaz.

Əvəzində, sənəd Rusiya ilə Türkiyənin regionda artan nüfuzunu təsdiqləyib. Digər tərəfdən, böyük erməni icmasının yaşadığı və bundan qabaqkı danışıqlar prosesində aparıcı rol oynamış Fransa artıq müzakirələrdən kənarlaşdırılıb.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Euronews