İLHAM ƏLİYEVİN RUSİYA SƏFƏRİNİN ŞOK GİZLİNLƏRİ

    15

    Qabil Hüseynli: “Prezidentin Rusiyaya gözlənilən səfəri Qarabağ məsələsində Azərbaycan üçün şans yarandığını deməyə əsas verir”

    “Rus ictimai rəyində Azərbaycana doğru kəskin dönüş yaranıb”

    “Azərbaycan ordusu hər an müharibəyə hazır olmalıdır”

    Xəbər verildiyi kimi, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

    İlham Əliyevin genişmiqyaslı təlimləri başladılması əmrindən sonra Ermənistan baş naziri Nikol Paşinyan əhalini Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb: “Siz bilirsiniz ki, hərbi təlimlər olacaq. Onların (Azərbaycan) bəyanatına əsasən bu təlimlər genişmiqyaslı formada həyata keçiriləcək. Hesab edirəm ki, bizim ordumuz istənilən ssenariyə hazır olmalıdır. Bu, mənim əmrimdir”,

    Görünür, son vaxtlar Azərbaycan Ordusunun uğurlu əməliyyatları, eyni zamanda ordumuzun 100 illiyi ilə əlqadər 26 iyun tarixində möhtəşəm paradın keçirilməsi, ardınca 2-6 iyul tarixində bütün cəbhəboyu keçiriləcək hərbi təlimlər düşmən tərəfdə ciddi qorxuya səbəb olub. Paşinyanın açıqlaması da bunu bir daha sübuta yetirir.

    Erməni şərhçi Sarqis Artsruni Paşinyanın bəyanatını şərh edərkən bildirib ki, Ermənistan müharibə istəmir, lakin buna həm də hazırlaşır. “Əlbəttə, Ermənistan maksimum çalışmalıdır ki, 2016-ı ilin “aprel müharibəsi”ndəki nümunə təkrarlanmasın. “Aprel müharibəsi” Ermənistan ordusunun hərtərəfli müflisliyini, döyüş bacarığının olmamasını, həmçinin, xarici siyasətdəki zəiflikləri ortaya çıxardı”, – deyə o bildirib.

    Erməni ekspert Ara Papyan da Azərbaycan ordusunun paradın ardınca irimiqyaslı hərbi təlimlərə başlamasına diqqəti cəlb edib. Onun sözlərinə görə, Azərbaycan ordusu təkcə Qarabağ istiqamətində deyil, Naxçıvan və Tavuş istiqamətində də qüvvə cəmləşdirir. “Təhdid bu baxımdan daha da artıb. Azərbaycan cəmiyyəti deyəsən müharibəyə başlamağa hazırdır” – Papyan deyib. Onun qənaətincə, əgər ordu irimiqyaslı təlimlər keçirirsə, növbəti mərhələ müharibə ola bilər. Çünki təlimlərdən müharibəyə keçmək asandır.

    İki gün öncə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə Rusiya nümayəndə heyətinin tərkibində deputatlar, ictimai-siyasi xadimlər və jurnalistlərin, eyni zamanda Azərbaycanın bir sıra deputatlarının səfər etməsi və Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransın keçirilməsi və orada səslənən fikirlər isə Dağlıq Qarabağ məsələsində proseslərin Azərbaycanın xeyrinə olduğunu düşünməyə əsas verir.

    Konfransda Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Dmitriy Savelyevin “Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalıdır” fikirləri, eyni zamanda “Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir” deyən Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin açıqlaması da göstərir ki, Qarabağ məsələsində gəlişmə var. Duqinin də dediyi kimi, Rusiya ictimai-siyasi xadimlərinin Qarabağa səfəri təsadüfi görsənmir. Aydın görünür ki, Ermənistandakı son hakimiyyət dəyişikliyindən sonrakı İrəvan-Moskva münasibətlərində soyuqluq Azərbaycanın xeyrinə işləyir.

    Hətta bəzi ekspertlərə görə, İlham Əliyev Rusiyaya növbəti səfərindən sonra ordumuza döyüş tapşırığı verilə bilər.

    “Bu dəfəki təlimin fərqləndirici xüsusiyyəti odur ki, o bütün cəbhəboyu keçiriləcək”

    Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

    Azərbaycan ordusunun genişmiqyaslı təlimlərə başlaması ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, Azərbaycan həmişə, yəni yaz, yay, qış fəsillərində təlimlər keçirir: “Hər bir təlimdə də ordunun peşəkarlığı, doyüş hazırlığı vəziyyəti, yeni alınmış silahlardan istifadə qaydaları təkmilləşdirilir. Ordunun müxtəlif növləri arasında rabitə yoxlanılır. Əlbəttə ki, hər bir təlim müharibəyə hazırlıqdır, demək olar. Azərbaycan ordusu müharibə vəziyyətindədir, torpaqları işğal edilib. Bu işğal vəziyyəti dayandıqca da Azərbaycan ordusunun hər bir təlimi müharibəyə hazırlıq mərhələsi kimi qiymətləndirilir və yüksək məsuliyyət hissi ilə yanaşılır. Amma bu dəfəki təlimin fərqləndirici xüsusiyyəti odur ki, o bütün cəbhəboyu keçiriləcək. Hətta Naxçıvanda, yəni Ermənistan və Azərbaycanın qərb sərhəddi boyunca da keçirləcək və milli ordu xarakteri daşıyacaq. Kimlər buna nə cür qiymət verirsə, versin, Azərbaycan ordusu hər an müharibəyə hazır olmalıdır. Bu, düşmənin qəfil hücumu da ola bilər. Bu, sülh danışıqları tükəndikdə də ola bilər. Bir sözlə, Azərbaycan ordusu həmişə döyüşə hazır vəziyyətdə olmalıdır”.

    “Düşmən təlaş içərisindədir”

    “Qarbağda əhali var ki, Paşinyan onlara müraciət edir. Paşinyan həm də Ermənistan əhalisinə müraciət edir. Dağlıq Qarabağda cəmi 60-70 min erməni yaşayır, onlar da çağırışa 2000-2500 adam çıxara bilirlər. Ordunun əsas hissəsi Ermənistandan gələn çağırşçılar hesabına formlaşdırılır. Ona görə də Dağlıq Qarabağa müraciəti cəfəngiyyatdır. Ermənilər Azərbaycan ordusunun qüdrətini keçirilən paradda gördülər, onun ardınca da təlimlərin keçirilməsini görürlər. Ona görə də təbii ki, düşmən təlaş içərisindədir və öz ölkəsini hazırlıq vəziyyətinə gətirməyə çalışır. Paşinyana deyən lazımdır ki, sənin Ermənistandan olan çağışırçının Azərbaycan torpaqlarında nə ölümü var ki, sən narahatlıq içərisində əhaliyə müraciət etməyə başlayırsan? İşğalçısan, işğalçılığını boynuna al, torpağı geriyə qaytar, Azərbaycanla normal münasibətlər yarat. Bu, həm erməni xalqının, siyasətçilərinin xilasıdır, həm də bölgədə normal vəziyyətin yaranmasının ilk şərtlərindən biridir”.

    “Rusiya üçün Azərbaycanın dəyəri artıb”

    D. Savelyev deyib ki, Ermənistanda baş verən hadisələr nəzərə alınsa, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır. Sizcə də elədirmi” sualına Q. Hüseynli belə cavab verdi: “Məncə, çox dəqiq fikirdir. Azərbaycanın dəyərinin Rusiya üçün neçə dəfə artdığını müəyyən etmək çətindir. Amma Rusiya üçün Azərbaycanın dəyəri artıb. Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin söhbəti vəziyyəti daha aydın ifadə edir. Duqin vurğulayır ki, Cənubi Qafqazda Rusiyanın bir nömrəli müttəfiqi Azərbaycandır. Azərbaycan rus dövlətinə, rus xalqına münasibətinə görə həmişə etibarlılıq nümayiş etdirir. Heç zaman Rusiyadan aldığı silahı ona qarşı çevirmir. Beləliklə də tərəflər Rusiya Azərbaycan münasibətinin stateji tərədaşlıqdan stratreji müttəfiqliyə qaldırılmasını təqdim etdilər. Burada rus deputatlarla yanaşı, Rusiya Duması sədrinin köməkçisi, Avrasiya Hərəkatının ekpsert qrupu, məşhur jurnalist, Maksim Şevçenko və başqaları iştirak edib. Maksim Şevçenko dünyada məşhur olan bir adamdır. O birmənalı deyib ki, “7 rayon və Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır. Azərbaycanın ərazi bütövlyü təmin edilməlidir”. Bu, ən gözəl ifadədir. Bu tədbirin Cocuq Mərcanlıda keçirilməsi ermənilərə gizli bir mesajdr ki, “azərbaycanlılar qurub-yaratmaqla, siz isə başqa torpaları işğal etməklə məşğulsunuz. Bundan ibrət dərsi götürün”. Zənnimcə, bu tədbir kütləvi əhəmiyyətə malikdir, rus ictimai rəyində Azərbaycana doğru kəskin dönüşün ifadəsidir”.

    “Azərbaycan ordusu yüksək döyüş ruhuna malikdir”

    Q. Hüseynli vurğuladı ki, keçirilən təlimlər, rus ictimai rəyində kəskin dönüş və prezident İlham Əliyevin Rusiyaya gözlənilən səfəri Qarabağ məsələsində Azərbaycan üçün şans yarandığını deməyə əsas verir: “Azərbaycan ordusu yüksək döyüş ruhuna malikdir. Yeni silahlar alınıbdır. Bu silahlar əvvəlki silahlardan daha yüksək zərbə qüvvəsinə malikdir. Üstəlik də şəxsi heyətin formaladırılmasında Azərbaycan heç bir problem yaşamır. Rusiyadan Azərbaycan gələn qonaqlar deputatlar da bu qənaətə gəliblər ki, Cənubi Qafaqzada Azərbaycanda mulitkultural mühit formalaşıb. Bu multikultural mühit Rusiyaya gözəl münasibətdə müşayət olunur və ona görə də Azərbyacan Rusiyanın ən etibarlı müttəfiqi olmağa layiqdir. Bunlar Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfərindən sonra bizə Rusiya-Azərbaycan münasibətində yeni ştrixlərin şahidi olmağa imkan verəcək. Təbii ki, bu, doğma Azərbaycanımıza, onun ərazi bütövlüyünün qorunmasına uğurlar gətirəcək”.

    Şamo EMİN, Hurriyyet.org