“İlham Əliyevə və Operativ Qərargaha elmi məsləhətlər verən adamların tam siyahısı açıqlanmalıdır” – İLQAR MƏMMƏDOV

66

“Siz bütün yoluxanları xəstəxanaya yerləşdirəndə virus özünü daha aqressiv aparır”

Ölkə başçısının “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”  fikirlərini sitat gətirən REAL Partiyasının sədri İlqar Məmmədov deyib ki, “prezident İlham Əliyev epidemioloq deyil, nə də başqa siyasətçilərimiz bu peşənin sahibidir”. Hurriyyet.org xəbər verir ki, partiya sədri bu barədə sosial şəbəkə hesabında qeyd edib.

İ. Məmmədov deyib ki, hamı ancaq mütəxəssislərin mövqelərinə istinad edib nə isə deyir: “Odur ki, srağagün o, öz çıxışında bunu bəyan edəndə çox təccübləndim ”.

“Bir çox elmi araşdırmalar məhz xəstəxanaya yerləşdirmənin acı nəticələr yaratdığını deyir”

“Mən şəxsən bu qədər inamla deməzdim ki, bütün covid-19 daşıyıcıları mütləq xəstəxanaya yerləşdirilməlidir. Çünki bir çox elmi araşdırmalar məhz xəstəxanaya yerləşdirmənin acı nəticələr yaratdığını deyir. Məsələn, İtaliyanın vəziyyətini dəyərləndirən elmi məqalələrdən birində deyilir: “Xəstəxanaların əsas covid-19 daşıyıcısı ola biləcəyini öyrənirik, çünki yoluxmuş xəstələr sürətlə ora yerləşdiriləndə, infeksiyasız xəstələrə ötürülməsini asanlaşdırır”,-deyə partiya sədri nəzərə çatdırıb.

“Virusun özünün bütün xüsusiyyətləri hələ öyrənilməyib”

İ. Məmmədovun sözlərinə görə, bundan başqa, araşdırmalar onu göstərir ki, yoluxanların 10 faizi virusun yayılmasının 80 faizini təmin edir: “Yəni siz bütün yoluxanları xəstəxanaya yerləşdirəndə, virus özünü daha aqressiv aparır və yüngül xəstələrin vəziyyətini ağırlaşdıra bilər. Çünki virusun özünün bütün xüsusiyyətləri hələ öyrənilməyib. Bu nümunələr bir daha onu göstərir ki, İlham Əliyevə və Operativ Qərargaha elmi məsləhətlər verən adamların tam siyahısı açıqlanmalı, onların peşə səviyyəsi xarici və yerli digər mütəxəssislərin peşə hazırlığı ilə müqayisə edilməlidir”.

Şamo EMİN, Hurriyyet.org