“İlham Əliyevin son vaxtlar apardığı siyasət Türkiyə istiqamətlidir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

201

“Rusiya rəsmiləri Azərbaycanla danışıqlardan sonra mütləq erməni həmkarları ilə məsləhətləşir”

“Rusiyanın müdafiə naziri Sergey Şoyqu qeyd edir ki, Ermənistana daşınan yüklər tikinti materiallarıdır. Yaxşı, tikinti materiallarıdırsa, Şimali Qafqazdan qalxan həmin hərbi yük təyyarəsi qısa marşrutla-Gürcüstan üzərindən 500 km məsafəni qoyub, Qazaxıstan, Türkmənistan və İran üzərindən keçib 3 min km. məsafəni niyə qət edir?! Belə olan təqdirdə, Gürcüstan niyə tikinti materillarının daşınmasına icazə verməyib? Rusiyanın müdafiə naziri Bakıda belə bir yalan danışırsa, belə bir ölkə Qarabağ münaqişəsinin həllində necə ədalətli vasitəçi ola bilər?” Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

Rusiyanın müdafiə nazirinin Bakı danışıqlarından əliboş döndüyünü vurğulayan politoloq qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin son vaxtlar apardığı siyasət Türkiyə istiqamətlidir: “Fikir versək, Sergey Şoyqu Bakıya gəlməzdən əvvəl Ermənistanın müdafiə naziri D.Tonoyana zəng vurur, onunla zəngləşəndən sonra Bakıya gəlir. Ona görə də Azərbaycan belə bir ölkə ilə niyə siyasətətini uzlaşdırmalıdır? Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşdükdən sonra Lavrov erməni nazir Z.Mnatsakanyana zəng vurur, görüş barədə məlumat verir. Göründüyü kimi, Rusiya rəsmiləri Azərbaycanla danışıqlardan sonra mütləq erməni həmkarları ilə məsləhətləşir. Belə çıxır ki, Rusiya prezidenti Vladimir Putin prezident İlham Əliyevlə telefon danışıqlarından sonra Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib məruzə edir, danışıqların detalları barədə məlumat verir. Rusiyanın güc rəhbərləri bunu etməklə, belə əsaslı ortam formalaşdırırlar”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Rusiya ilə Azərbaycan arasında son bir neçə gündə aparılan danışıqlar Moskvanın istədiyi kimi uğurlu olmayıb: “Düşünürəm ki, Azərbaycan tərəfi öz mövqeyində qalıb. Bundan sonra da Türkiyə ilə birgə irəliləmək lazımdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org