İlham Əliyevdən Milli Məclislə əlaqəli bu qanunlarda DƏYİŞİKLİK

27

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Dəyişikliklə qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilib:

“Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:

“Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının müraciəti əsasında Azərbaycan Respublikası Milli Məclisinin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.”.

Bu Qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 3-cü maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilib:

“Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir”.

Bu Qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir. \\Yenicag