“İlham Əliyev idarəetməni təcili dəyişməlidir” Sərdar Cəlaloğlu: “Hakimiyyətə şəffaf keçmişi olan insanlar gəlməlidir”

192

Əgər biz Qarabağı hərbi yolla azad etmək istəyiriksə, mütləq iqtidar daxilindəki xainlərin hamısı təmizlənməlidir”

“Ailəsində, tayfasında bir nəfər də olsun Dağlıq Qarabağ uğrunda mübarizədə iştirak etməyən, özü bir dəfə də olsun vətən, millət üçün müsbət bir addım atmayan birinin nazir, komitə sədri işləməsi, dövləti təmsil etməsi nə deməkdir?!”

Sabiq Baş prokuror, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun həbsi gündəmin başlıca mövzusuna çevrilib. Mətbuatda onun hakimiyyət iddiasında olması haqda yayılan informasiyalardan və Serbiyanın Ermənistana silah satışının ortaya çıxmasından sonra Azərbaycan səfirinin geri çağırılacağı gözlənilsə də, onun həbsi inandırıcı gəlmirdi. Amma görünən odur ki, ortada cəmiyyətə bəlli olmayan daha ciddi faktlar var. Odur ki, bu məsələ ilə bağlı qaranlıq məqamlara ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.  

(Əvvəli ötən sayımızda)

– Belə iddialar da var ki, Eldar Həsənov böyük bir klanın nümayəndəsi olaraq hakimiyyətə “meydan oxuyurdu”. Onun həbs edilməsi bu amillə bağlı ola bilərmi?

– Onu deyim ki, Eldar Həsənov Qarabağ elektoratının nüfuzlu şəxslərindən biri idi. Azərbaycan Respublikasının prokuroru olarkən kifayət qədər müstəqil prokuror kimi fəaliyyət göstərirdi. Hətta bəzi məqamlarda Heydər Əliyevə qarşı da müqavimət göstərir, onun bəzi tapşırıqlarını yerinə yetirmirdi. Həddindən artıq iddialı bir adam idi və həm prokurorluq orqanları arasında, həm cəmiyyət arasında kifayət qədər nüfuz qazanmışdı. Yəni Eldar Həsənov doğrudan da bir güc idi və siz Azərbaycan mətbuatını izləsəniz, onu zaman-zaman gündəmdə saxlayan, Azərbaycanın gələcəyində mühüm rol oynayacaq bir adam kimi təqdim edən yazılara rast gələrsiniz. Heç təsadüfi deyildir ki, onun prezident olması, dövlət çevrilişində iştirak etməsi haqda məlumat yayılır. Yəni təbii ki, müəyyən bir elektoratı, tərəfdarları, əlaqələri var. Kifayət qədər də iddialı bir adamıdr.

– Deyə bilərik ki, onu himayə edən və stavka edən adamlar var?

– Təbii ki. Sizə deyim ki, Rəsul Quliyev və Lalə Şövkətdən sonra hakimiyyətdən uzaqlaşmış adamlar içində hakimiyyətə ən ciddi təhlükə yarada biləcək adam Eldar Həsənov idi. Məsələn, Əli Həsənov o qədər ciddi rol oynaya bilməzdi. Eldar Həsənov hakimiyyətə zidd, hakimiyyətdə olmayan bir elektoratın təmsilçisidir. Eyni zamanda da prokuror işləyərkən hakimiyyətin içində xeyli əlaqələri var idi. Hətta Rusiyada da müəyyən dairələrlə əlaqələri var. Bunları nəzərə alsaq, Eldar Həsənovun kifayət qədər ciddi faktor olduğu üzə çıxır. Əgər doğrudan da onun əməllərində dövlət çevrilişinə cəhd və ya qeyri-qanuni yollarla prezident olmaq iddiaları varsa, bu, ciddi bir hadisə olacaq.

– Bəs Siz necə düşünürsünüz, Azərbaycan hakimiyyəti “təmizləmə əməliyyatı”nı necə tezləşdirməlidir ki, bunun qarşısını tez alsın?

– Məsələ burasındadır ki, bu proses uzun müddət o qədər buraxılıb ki, Azərbaycan dövlətinin ən kiçik kapillyarlarına qədər düşmən qüvvələr yerləşib, klan hakimiyyəti yaranıb. Bu, onun qızıdır, bu, kiminsə nəvəsidir, qız alıb qız veriblər. Dövlət faktiki olaraq müəyyən cinayətkar qrupların əlinə keçib. Bunları, siz dediyiniz kimi, qırıb-dağıdıb təmizləmək mümkün deyil. Bizim bir atalar misalı var: dəyirmanın əyrisini su çıxarar. Azərbaycanda mütləq hakimiyyət idarəetmə üsulu dəyişməlidir. Azərbaycanda kadrlar şəxsi sədaqət prinsipi ilə təyin olunur. Bu, çox qorxulu və təhlükəli bir idarəetmədir. Bu idarəetmədə heç vaxt yaxşı və namuslu insanlar hakimiyyətdə təmsil oluna bilməz. Ancaq cinayətkarlar, hakimiyyətdən bəhrələnmək istəyənlər, prezidentə özünü sədaqətli göstərib, xalqa, övlətinə qarşı xəyanət edənlər öndədir. Məsələn, bu səfirlər ki, xarici ölkələr tərəfindən ələ alınıb, biz onları nədə ittiham edirik – dövlətə və xalqa xəyanətdə. İlham Əliyevə xəyanət etməyiblər ki, dövlətə xəyanət ediblər. Yəni bu xarici dövlətlərə satılmaq, başqa dövlətlərin maraqlarına xidmət etmək uzun müddət ona görə mümkün olur ki, onlar prezidentə sədaqətlərini saxlayırlar. Halbuki, hər bir məmur dövlətə və xalqa sədaqətə and içməlidir, dövlətə və xalqa sədaqətli olmalıdır. Bu sədaqətə görə lazım gəlsə prezidentin səhv bir addımı və ya yanlış bir hərəkəti varsa ona qarşı çıxmağı bacarmalıdır. Amma bizdə tərsinədir. Prezidentə sadəqətlilik var, hətta prezident xalqın və dövlətin əleyhinə hansısa bir addım atarsa belə, həmin addımı müdafiə etməyə hazırdırlar. Bu da ikitərəfli olaraq dövlət üçün təhlükədir. Bir tərəfdən prezident dövlət üçün təhlükəni yarada bilər, digər tərəfdən kadrlar istənilən təhlükəni yarada bilər. Ancaq aralarındakı sədaqət qalmaq şərtilə. Azərbaycandakı vəziyyət budur, ona görə də İlham Əliyev idarəetməni təcili dəyişməlidir. Millətinə və xalqına sədaqətli olan, millət və xalq qarşısında xidmətləri olan, müəyyən bir tayfanı müdafiə etməyən, müəyyən bir şəffaf keçmişi olan insanlar hakimiyyətə gəlməlidir. Qabiliyyətli, bacarıqlı insanlar hakimiyyətə gəlməlidir. Ailəsində, tayfasında bir nəfər də olsun Dağlıq Qarabağ uğrunda mübarizədə iştirak etməyən, özü bir dəfə də olsun vətən, millət üçün müsbət bir addım atmayan birinin nazir, komitə sədri işləməsi, dövləti təmsil etməsi nə deməkdir?!

– Bildiyimiz kimi, Türkiyənin müdafiə naziri Hulusi Akar və digər yüksək rütbəli hərbçilər Bakıya səfər etdi. Hansı ki, bu ərəfədə hərbi ittifaq barədə söhbətlər aparılır. Ola bilər ki, Türkiyənin hərbi sahədən başqa, dövlət idarəçiliyinə də təsiri olsun?

– Təbii ki, Azərbaycanda güclü ordu yaratmaq və Qarabağı hərbi yolla azad etmək etmək istəyiriksə, bunun qarşısında duran ən ciddi əngəl Azərbaycan dövlət orqanlarında yer tutmuş “5-ci kolon”un nümayəndələri, Azərbaycan xalqının və dövlətinin əleyhinə işləyən qüvvələrdir. O qüvvələr təmizlənmədən, bizim ordu da tam arxayın şəkildə Qarabağın azad edilməsində iştirak edə bilməz. Ona görə də təbii mən belə hesab edirəm ki, Türkiyə-Azərbaycan hərbi əlaqələrinin yeni müstəviyə qalxması birinci növbədə Azərbaycanın özündə daxili münasibətlərin yeni müstəviyə qalxmasını tələb edir. Bu, həm iqtidar-müxalifət münasibətlərinə, həm də iqtidarın öz daxilində o xarici qüvvələrə xidmət edən dəstəkçilərə, olanlara münasibətinə aiddir. Bu ciddi şəkildə dəyişməlidir.

– Bəs iqtidarın sağlam qüvvələri seçib, hakimiyyətə yerləşdirməsi üçün Türkiyə faktoru köməkçi ola bilərmi?

-Əvvəla onu deyim ki, müxalifət olaraq biz İlham Əliyevə dəfələrlə başqa partiyalarla koalision hökumət qurmağı təklif etmişik. Bunun bir yolu koalision hökumətdir. Nəzarət mexanizmi ilə daxildəki düşmən qüvvələr təmizlənir. İkinci yol əvvəlki xidmətlərinə görə vəzifələrə gətirilir. Üçüncü ictimai nəzarət sistemidir. Məsələn, görürsən bir adam 30 il vəzifədə olur, onun haqqında yazırlar ki, rüşvətxordur, adam öldürüb. 30 il onun haqqında heç bir tədbir görülmür. 30 ildən sonra nəhayət ki, onun haqqında hansısa tədbir görülür. O, dövlətə necə lazımdır ziyan vurur.

– 30 il nəyə görə gözləyirlər?

– Bu, idarəetmənin yalnışlığındandır. Kiminsə qohumu olduğuna, ya kiməsə sadəqətli olduğuna, yaxud da kiminsə dostu, ya “podruqası” olduğuna görə vəzifəyə qoyulur. Daxildə bir-birinin xətrinə dəyməsinlər deyə o adam dövlətə nə qədər ziyan vurur-vursun yenə də onu vəzifədə saxlayırlar.Yəni bizdə dövlətçilik şüuru, dövlətçilik ənənəsi, dövlətçilk təəssübü yoxdur. Xüsusən idarəedənlərdə belə bir xüsusiyyət yoxdur. Dövlət hakimiyyəti əlinə keçən kimi, “Metro Tağı”nın bir sözü var idi, deyirdi “metro da mənim müəssisəmdir”. “Hər nazirlik bir nazirin müəssisəsidir, bu da mənim müəssisəmdir”. Bunlar elə bilirlər o yerlər bunların dədələrinin bostanıdır. Məsələn, bir nazir elə bilir ki, o nazirlik onun ailəsinindir. Əvvəla bütün qohum-qardaşını yığır ora, nazirliyin bütün əmlakını-büdcəsini dağıdır, özü bildiyi kimi hərəkət edir. Bir şeydə hökuməti təmin edir, onun nazirliyində hökumətə qarşı hər hansı bir etiraz olmasın. Amma nazirliyi istədiyi kimi şumlayır.     Bu cür idarəetmə ilə dövlət yaratmaq mümkün deyil.

– Görünür, Türkiyənin bura çox ciddi təsiri olmalıdır ki, dəyişiklik baş versin.

-Türkiyə özü də son vaxtlar PKK və FETO-ya qarşı çox ciddi əməliyyatlar aparır. Liviyada, Suriyada hərbi əməliyyat aparır. Diqqətlə fikir versəniz, əvvəlcə orada kəşfiyyat orqanlarının fəaliyyəti qeyd olunur, sonra ordunun. Türkiyənin son illərdəki hərbi uğuru kəşfiyyat orqanları ilə hərbi fəaliyyətin əlaqələndirilməsidir. Azərbaycanda bu əlaqələndirilmə olmasa içimizdəki erməniyə, rusa işləyən qarışıq ailələr, Rusiyanın kəşfiyyat orqanlarına xidmət edən qüvvələr var, onlar mütləq bu hərbi əməliyyatların uğursuzluğuna çalışacaqlar. Arxadan zərbə vuracaqlar. Müəyyən təxribatlar törədəcəklər. Ona görə, əgər biz istəyiriksə doğrudan da hərbi yolla Qarabağı azad edək, mütləq iqtidar daxilindəki xainlərin hamısı təmizlənməlidir. Agentlər təmizlənməlidir.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA