İlham Əliyev: “Biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış etmişik”

81

Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” – Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında yayımlanan müsahibəsində bildirib.

“Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər”, – deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev bildirib ki, Rostov vilayətini azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxu əslən Azərbaycandan idi. 416-cı Taqanroq diviziyası təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqanroq şəhərini azad edib, bundan sonra diviziyaya Taqanroq adı verilib.

Dövlət bildirib ki, Melitopol, Kişineu, Odessa şəhərlərini də 416-cı diviziya azad edib. Bu diviziya uğurla həyata keçirilmiş Mozdok əməliyyatında xüsusilə fərqlənib. Əslində, bu əməliyyat Bakı şəhərinin faşistlər tərəfindən tutulmasının qarşısını alıb. Əks halda, Böyük Vətən müharibəsinin nəticələri fəlakətli olardı. O dövrdə cəbhə üçün yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan təchiz edirdi. Əgər Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam başqa olardı.

İlham Əliyev qeyd edib ki, Azərbaycan ümumi Qələbəyə layiqli töhfə verib. 128 Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Azərbaycanda hərbi texnika istehsal edilirdi. Müəssisələr gecə-gündüz işləyirdi.

Dövlət başçısı deyib ki, 416-cı diviziya Berlinin götürülməsində də fərqlənib. Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb.