“İldə 7 mindən 10 minədək ailəni köçürə bilərik” -Prezident Qarabağa qayıdış planını AÇIQLADI

135

Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza qayıdış planını açıqlayıb.

Musavat.com xəbər verir ki, dövlət başçısı “BBC News”a müsahibəsi zamanı jurnalistin “Siz artıq əhəmiyyətli dərəcə də irəliləmisiniz və Dağlıq Qarabağ yaxınlığında əraziləri qaytarmısınız. Mülki şəxsləri nə vaxt geri qaytarmağa başlamağı planlaşdırırsınız?”, sualına belə cavab verib:

“İlk növbədə, bizim Ermənistan dövlətinin Azərbaycana və vətəndaşlarımızın əmlakına vurduğu ziyanı qiymətləndirməyə ehtiyacımız olacaq. Çünki azad edilmiş ərazilərdə, demək olar ki, hər şey dağıdılıb. Mən dəfələrlə demişəm ki, on minlərlə insanın yaşadığı böyük şəhər olan Füzulidə biz bayraq sancmaq üçün bina tapa bilmədik. Beləliklə, biz onu dirəyə taxdıq. Ona görə də, biz, ilk növbədə, dəymiş ziyanı qiymətləndirəcəyik. Biz ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Çünki bütün məscidlər, bütün muzeylər dağıdılıb. Bu, birincisi. Bundan sonra, əlbəttə ki, məhkəmə iddiaları olacaq, Ermənistan dövlətinə qarşı məhkəmə iddiaları və biz artıq buna hazırlaşırıq. İkincisi, bizim insanların orada yaşaması üçün azı ilkin şərait yaratmağa ehtiyacımız olacaq. Biz tikinti materialları tədarük etməli, infrastruktura investisiya yatırmalıyıq”.

Prezident “Beləliklə, Siz düşünürsünüz ki, bunun üçün real olaraq illər lazımdır?”, sualına cavabında isə daha çox təfərrüat açıqlayıb.

“Bilirsiniz, bütün işğal dövründə biz artıq 300 min qaçqın və məcburi köçkünü yerləşdirmişik. Son illər ən güclü təsir bağışlayan illər olub, çünki təkcə bu il biz 7 min köçkün ailəsini yerləşdiririk. Beləliklə, düşünürəm ki, biz ildə 7 mindən 10 minədək ailəni köçürə bilərik. Lakin, əlbəttə ki, bunun üçün bizim infrastruktura ehtiyacımız var. Biz bunu hər şeyin hazır olduğu Bakıda edirik. Lakin hər şeyin dağıdıldığı həmin ərazilərdə bizim elektrik stansiyalarına, yollara, su təchizatına ehtiyacımız var. Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu, nə qədər vaxt aparacaq. Lakin biz bunu maksimum qısa zamanda həyata keçirmək üçün əlimizdən gələni etməyə çalışacağıq”, – deyə İlham Əliyev qeyd edib.