İkinci Qarabağ müharibəsində İran Ermənistanın, Türkiyə isə Azərbaycanın yanında olacaq

675

Savaş Rusiyasız ötüşməyəcək, Kreml açıq olmasa da, pərdə arxasında rol alacaq və muzdlu “Vaqnerçi”lər meydana sürüləcək

Tehran İrəvanın köməyi ilə nüvə proqramını kəskin sürətləndirib, artıq İranın nüvə silahına sahib olmasına çox vaxt qalmayıb

Bir çox beynəlxalq analitiklər bu gün Üçüncü Dünya Müharibəsi təhlükəsindən və müharibənin nüvə müharibəsi olacağı riskindən danışırlar. Belə ki, uzun müddətdir İran Üçüncü Dünya Müharibəsinin “alovlanma nöqtəsi” kimi qəbul edilir, lakin Cənubi Qafqazın da episentr olması ehtimalı istisna edilmir. Xüsusilə, Azərbaycanın 20 faiz torpağını işğal edən erməni-rus hərbi birləşmələrinin Tovuz bölgəsində təxribatından sonra bu, aydın oldu. Bu təxribatın Üçüncü Dünya Müharibəsi ilə nəticələnə biləcəyi, erməni millətçilərini qətiyyən qorxutmur, onlar nəyin bahasına olur-olsun “Böyük Ermənistanlarını” ərsəyə gətirmək istəyirlər. Hətta dünya nüvə ocağında yansa da. Birinci Dünya Müharibəsinin elə coşğu ilə qarşılayan eyni erməni millətçiləri idi – bu qırğında milyonlarla insanın ölməsi onları narahat etmədi, çünki məqsəd var idi – Osmanlının süqutu və “Böyük Ermənistan”ın təşkili. O zaman Osmanlının çöküşünə baxmayaraq, erməni planı baş tutmadı. Erməni baxışı həmişəki kimi İranın ona “nəfəslik” roluna qarşılıq Tehranın çoxdan arzusunda olduğu və illər boyu ərsəyə gətirməyə çalışdığı nüvə silahı çalışmalarına Metsamor atom stansiyasının tullantıları ilə dəstək olmaq yönündədir. Eyni zamanda, Tehran rejimi nüvə silahını əldə edəcəksə, o silahın fanatik fars rejiminin əlində necə dəhşətli nəticələr doğura biləcəyini təxmin etmək çətin deyil.

ABŞ İranla imzalanan nüvə razılaşmasından çıxdıqdan sonra İranın hərəkətlərinə qarantiya yoxdur. Bu təhlükənin qarşısını hələ ki, beynəlxalq sanksiyalar ilə İrana nüvə materialları və texnologiyalarının tədarükünə ciddi nəzarət alır. Ancaq görünən budur ki, “üçüncü dünya müharibəsini qızışdıranlar tandemi” bu yaxınlarda öz qarşılığını tapdı. Söhbət İranın nüvə proqramının həyata keçirilməsindən ötrü və İranın İrəvana kömək etməsinin əvəzində Ermənistan-İran sərhədindən İrəvan rejiminə külli miqdarda Rusiya silahının ötürülməsindən gedir. Rusiyadan Ermənistana ötürülən silah adı altında Rusiyanın İrana nüvə silahı üçün xammal və ya başqa nələrsə keçirilmədiyinə kim əmin edə bilər? Bundan başqa, bütün nüvə elektrik stansiyaları kimi “ikili istifadə” imkanı olan Metsamor elektrik stansiyası nüvə silahlarının istehsalı üçün nüvə materiallarını zənginləşdirmək üçün istifadə edilə bilər.

Dünyanın diqqəti koronavirus pandemiyasına cəlb olunduğundan istifadə edən Tehran, İrəvanın köməyi ilə nüvə proqramını kəskin sürətləndirib və İranın tam nüvə silahına sahib olmasına çox vaxt qalmayıb. Eyni zamanda, İran Ermənistana silah ötürülməsinə şərait yaradaraq regional münaqişəni alovlandırıb “böyük müharibə”yə çevirmək üçün hər cür fürsətdən istifadə edir.

Əli Hacızadənin tgme.org mənbəyində dərc olunan “İran Moskvanın Ermənistanı necə silahlandırmasına kömək edir …” məqaləsi narahatlığa əsas verir. “Rusiya silahlarının Ermənistana ötürülməsi ilə bağlı qalmaqalla bağlı daha çox detal ortaya çıxır. Bu yaxınlarda Qərb mediasında silahların bir hissəsinin İran ərazisindən keçirildiyini bildirildi. Ümumiyyətlə, bu, mən də daxil olmaqla, Bakıdakı bir çoxları üçün sirr deyildi. İran hərbi texnika və silahların Ermənistana daşınması üçün hava sahəsini və ərazisini təqdim edir. Üstəlik, İran qondarma “DQR” orudusu adlanan dəstəyə  yanacaq verir. Ermənistan da öz növbəsində, İranın nüvə və raket proqramları üçün materialların ərazisindən daşınmasına icazə verir. Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) Ermənistan və işğal olunmuş Azərbaycan ərazilərindən keçməklə Avropaya narkotik ötürülməsi üçün kanal qurdu – bəllidir ki, nəyinsə müqabilində.

İran ərazisindən daşınma barədə məlumatlar ictimaiyyətə açıqlanan zaman İranın Bakı səfirliyi bu məsələni təkzib etdi. Ancaq faktlar ortadadır. İnternetdə Rusiya silahlarının İran-Ermənistan sərhədindən necə keçirildiyinin fotoları var idi. Çox maraqlı bir nüans: Tovuzdakı döyüş əməliyyatları zamanı, erməni tərəfinin təxribatı uğursuzluğa uğradıqdan sonra rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini elan etməyə başladı. Qeyd etmək lazımdır ki, İran rejimi üçün bu, kifayət qədər normal təcrübədir – şifahi dostluq bəyannamələri, amma praktikada – Azərbaycandakı vəziyyəti qarışdırmaq və Ermənistanı dəstəkləmək”.

Görəsən, Tovuz təxribatı uğurlu alınsaydı, Tehran yenə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verərdimi? Yəqin ki, yox. Tehran rejimi İran əhalisinin 30-40 faizini təşkil edən türk xalqına münasibətdə necə ikiüzlüdürsə, dünya qarşısında eyni dərəcədə ikiüzlüdür. Bir tərəfdən Azərbaycanla İrəvan arasında “sülh göyərçini” rolunun ifaçısı olmaq istəsə də, bu ona nüvə proqramının dayandırılması və Ermənistandan və Rusiyadan Ermənistana ötürülüən silah adı altında nüvə xammalı almağa mane olmur.

Ukraynaya məxsus təyyarənin Tehrandan yola düşərkən vurulması çox da uzaq tarixdə baş verməyib. Güman ki, bu hadisə də təsadüfi deyildi və İran tərəfi təyyarənin “səhvən” onlar tərəfindən vurulduğunu boynuna almağa  məcbur oldu.Tamamilə mümkündür ki, İran “təsadüfən” İrəvanın köməyi ilə yaradılan nüvə başlığı ilə də “təsadüfən” zərbə endirə bilər.

Koronavirus epidemiyası qlobal iqtisadiyyatın çökməsinə səbəb oldu və resurslar uğrunda dünya oyunçularının mübarizəsi daha da kəskiniləşdi. Bu qarışıq vəziyyətdə müəyyən dairələr çox rahatlıqla “böyük müharibəni” alovlandırmağa iştahlanıblar. İrəvan rejiminin belə bir müharibəni alovlandırmağa kömək etmək üçün “kibrit” rolu oynamaq niyyəti ortadadır. Mümkünlüyü real ehtimal olunan İkinci Qarabağ müharibəsində İran kimi tərəfində olacaq? Əlbəttə 99,9 faiz ehtimalla Ermənistanın. Türkiyə isə şübhəsiz Azərbaycanın yanında olacaq. Böyük güclər öz ərazilərində deyil, Azərbaycan ərazilərində güclərini sınayacaqlar. Savaş Rusiyasız ötüşməyəcək, Kreml açıq olmasa da pərdə arxasında rol alacaq və muzdlu “Vaqnerçi”lər də meydana sürüləcək.

ABŞ İran qarşısında və Türkiyəni də həmin sıralarda görmək ümidi ilə İsrailin lokomotivi olduğu yeni birliyin konturlarını cızmaqdadır və İranı küncə sııxşdırmaqla onu qlobalist Çin, yaxud ABŞ arasında seçim etməyə zorlayır. Son günlərdə İsrailin baş naziri Benyamin Netanyahu, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirləri – Bəhreyn Şeyx Abdullah bin Zayed Əl Nahyan və Abdel Latif əz-Zayani münasibətlərin normallaşmasına dair bir müqavilə imzaladılar. Mərasim Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutdu. TASS-ın məlumatına görə, təsdiqlənmiş razılaşmalara uyğun olaraq İsrail, Fələstin-İsrail münaqişəsinin həllinə dair Amerika planında nəzərdə tutulan İordan çayının qərb sahilindəki Fələstin məskənlərinin ilhaqını dayandıracaq.

ABŞ prezidenti Donald Tramp söylədi ki, bu vəzifəyə yenidən seçilərsə, İranla ilk növbədə Tehranın nüvə araşdırmaları probleminin həllinə yönəldiləcək “çox ədalətli bir müqavilə” bağlayacaq. O, bunu Bəhreyn, BƏƏ və İsrail arasında münasibətlərin normallaşmasına dair müqavilələrin imzalanması ərəfəsində Ağ Evdə nitqində söylədi. Tramp İranla qarşılıqlı əlaqələrin gələcək perspektivlərinə toxunaraq “Mən onlarla çox ədalətli bir müqavilə bağlayacağam” dedi. Daha sonra bu barədə rəsmi Tehranla danışdığını və “ABŞ seçkilərinə qədər gözləməyə” çağırdığını söylədi. O, “Qalib gəlsək, o zaman İranla bir razılığımız olacaq” dedi. ABŞ prezidenti ayrıca, İranın iqtisadiyyatının ABŞ-ın sanksiyalarından sonra “çökdüyünü” qeyd etdi. “Onların ÜDM-i mənfi 27 faiz olacaq, heç kim belə bir rəqəm eşitməyib. Bu bəlkə də bir rekorddur. Onlar həqiqətən bir razılaşma bağlamaq istəyirlər, ancaq “Sleepy Joe” -Joseph Biden ilə əməkdaşlıq etməyə üstün verərdilər”, – Tramp diqqəti bir məqama çəkdi.

Belə ki, Demokrat partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Baydenin qlobalist cəbhə, dolayısı ilə yeni dünyanın başında duran Çinlə yaxınlığı bilinir. İranın hazırda Çinlə əlaqələrinə baxsaq, bu rejimin eyni cəbhədə olan Baydeni niyə tərcih etdiyi aydın olar.

Sonda isə İrəvanın kömək axtarışında İranla yanaşı Misirin də “qapısına getdiyini” deyək. Bu yaxınlarda erməni xarici işlər naziri Mnatskanyan tələm-tələsik Türkiyəyə qarşı qısqanc münasibəti olan Misirə səfər etdi. Görüş əsnasında “Ermənistanın Misir tərəfindən dəstəklənməsi” kimi pafoslu bəyanatlar verildi. İravanda isə “Ermənistanın Yaxın Şərqə qayıtması”, “Ermənistanın yeni Yaxın Şərq strategiyası” barədə elan olunur. Ermənistanın miqyasını nəzərə alaraq onun Yaxın Şərq regionunda hansısa töhfə verəcəyini düşünmək belə, gülüncdür. Ermənistanın “strateji rolu” İrəvanın panikaya qapılaraq “canını qurtarmağa çabalayan” ziyanverici tək anti-Türkiyə ittifaqlarına qoşularaq Ankara əleyhinə bəyanatlar verməkdə özünü biruzə verir. Azərbaycan da “Qoşulmayanalar hərəkatından” kənarlaşıb bir ittifaqda uğurlu təmsil olunacağı ölkələr ilə ittifaqlara qoşulmalıdır.

Ülviyyə ŞÜKÜROVA