İki nəfərin ölümünə səbəb olan mikroavtobus sürücüsü həbsdə öldü

    15

    Bakıda cəzaçəkmə müəssisəsində məhbus ölüb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nərimanov rayonunda yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 46 yaşlı Səfərəliyev Rafiq Kamran oğlu orada vəfat edib.

    Onun ölümünün səbəbləri araşdırılır.

    Qeyd edək ki, R.Səfərəliyev ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunub. Yol-nəqliyyat hadisəsi 2014-cü il oktyabrın 23-də saat 15 radələrində Qaradağ rayonunun Buta qəsəbəsində baş verib. Kəngərli rayon sakini Ələddin Allahverdiyevin idarə etdiyi “Ford Cargo” markalı yük avtomobili ilə Füzuli rayon sakini Rafiq Səfərəliyevin idarə etdiyi “Ford Transit” markalı mikroavtobus toqquşub. R.Səfərəliyev idarəetməni itirərək avtomobili Ağdam şəhər sakini Ramil Zeynalovun idarə etdiyi “KİA” markalı avtomobilə vurub. R.Səfərəliyevin sərnişinlərindən – həmyerlisi Ağgül Ərşədil və Beyləqan rayon sakini Qeys Abdullayev hadisə yerində ölüb, digər 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.