İki qardaşa kamerada 80-dən çox güllə vurdular Məhbusdan dəhşət dolu etiraf 

17

ARB TV-nin “Rezonans” proqramında bu dəfə İbrahimov Elbrus İbrahim oğlu öz həyat hekayəsini danışıb.

İbrahimov Elbrus İbrahim oğlu – Məhkum (Cəzası ömrlük): Ömrümün 24 ilini azadlıqda, 25 ilini isə məhbəsdə keçirmişəm. 49 yaşım var. Müəllim ailəsində doğulmuşam, gənclik illərimdə Qarabağda hərbi əməliyyatlar başlayanda mən də silaha sarılıb döyüşə qatılmışam”.

Elbrus İbrahimov Şuşanın Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım stansiyasının sürücüsü işləyib. O, 1991-ci ildə Şuşanın İcra başçısı Mikayıl Gözəlovu öz kabinetində qətlə yetirib. Elbrus törətdiyi bu cinayətə görə ölüm hökmünə məhkum edilib. Lakin ölüm hökmü ömrlük həbs cəzası ilə əvəzlənəndə onun da cəzası ömrlük həsblə əvəzlənib.

“İyul ayının 13-ü mənə güllələnmə hökmü oxudular. Güllə korpusunda 5 il güllələnəəyim günü gözləmişəm. orada dəhşətli güllələnmə hadisəsi baş vermişdi.  İsa Qəmbərin vaxtında iki qardaşı vəhşicəsinə güllələdilər. İki qardaşa kamerada 80-dən çox güllə vurmuşdular. O güllələrin səsi hələ də orda olanların qulağında cingildəyir.

Gecə yatanda da qorxurduq ki, indi gələcəklər. Bilmirdik nə vaxt güllələnmə olacaq. Hər dəfə onlar gələndə hamı ölüb dirilirdi. Güllələyəcəkləri adamı balaca gözlükdən çağırırdilar. Kimlə də münasibətləri pis olurdusa adı ilə çağırıb deyirdilər ki, filankəs, hazırlaş. Elə bil görüşə aparacaq. Arxasın çevirirdi gözlüyə, oradan güllələyirdilər. Orada məhbusların saxlama şəraitini görəndə adamı vahimə bürüyürdü.

Heydər Əliyev hakimiyyətə gələndən sonra məhbuslara radio payladılar. O vaxta qədər vəziyyətimiz çox pis idi. Sonra radioda eşitdik ki, ölüm hökmü ləğv edildi. İlk dəfə ölüm kamerasında şadlıq, şənliyi orda görmüşəm. Hətta kamerada olan küsülülər də barışıb bir-birini təbdik elədilər.

İnsanın evinin pəncərəsi ən gözəl mənzərəyə baxsa belə bir müddət sonra adam o mənzərədə bezər. Təsəvvür edin ki, biz balaca bir gözlükdən boz bir dağa baxırıq 25 ildir.

Anamı istəyirəm, anamı yuxumda görmək istəyirəm. Çox az halda anamı görürəm yuxumda. İndi vəziyyəti ağırlaşıb. Əvvəl görüşə gətirə bilirdilər, indi səhhəti ağırdı, gözləri də tutulub ağlamaqdan.

Elə insan var yatmaq istəyir, amma biz yata bilmirik. Gözümüzə yuxu getmir. Elə olur sübh azanına qədər oyaq qalıram, yata bilmirəm. Səhərə qədər qıvrılırsan, bütün həyatın keçir gözünün qarşısından. Yana-yana qalırsan, yata bilmirsən. Ara sıra yatanda yuxu görürəm. Nə sirrdirsə hər dəfə Şuşada bir bulaq var, o bulağı görürəm yuxuda”.

Ümid insan öləndə ölür. Günlərin birində törətdiyi bağışlanmaz cinayətə görə hər şeyini itirən bu ömrlük məhkumun ümidi də öldü, cinayətin ağırlığına dözməyən Elbrus İbrahimov dünyasını dəyişdi…