İki nəhəngin nüvə müharibəsi: Pentaqonun 2030-cu il planı ortaya çıxdı

15

Pentaqon 2030-cu il üçün müharibə ssenariləri hazırlayır.

İngiltərənin “The Times” qəzeti hazırlanan ssenarilərin önümüzdəki aylarda yayımlanacağı haqda məlumat yayıb.

Qəzet Pentaqondakı mənbələrinə istinadən yazır ki, Çinin hərbi texnologiyası və gücünün sürətlə artması fonunda ABŞ passiv qalıb.

“Çinin 2030-cu ildə sahib olacağı yeni silahlarla təchiz edilmiş ordusu qarşısında ABŞ ordusunun zəif qalacağı, Tayvanın Çin tərəfindən tam nəzarətə götürələcəyi və Quam adasındakı ABŞ hərbi bazalarının təhlükə altına düşəcəyi proqnozlaşdırılır. Pasifik bölgəsində baş verə biləcək müharibədə ABŞ Çinə məğlub olacaq”, – Pentaqonun adı açıqlanmayan rəsmisi bildirir.

Ortaya çıxan nəticəyə görə ABŞ-ın Çindən gələn təhdidlər qarşısında müdafiəsiz qaldığı deyilir.

ABŞ-ın hərbi mənbələri də “The Times”ə bildirirlər ki, 2030-cu ildə Çinin yeni silahlarla hücum edə biləcəyi ehtimalı üzərində araşdırmalar aparılır. Proqnozlar belə bir hücumda ABŞ-ın məğlub olacağını göstərir.

Pentaqonun hesablamalarına görə, Çin təhlükəsi 2030-cu ildən daha tez ortaya çıxacaq və Hind-Pasifik bölgəsində ABŞ-ın bütün hərbi bazalarına ciddi risk yaranacaq. Çinin orta mənzilli ballistik raket tədarükünü artırması da ABŞ-ın təyyarədaşıyan gəmilərinə mümkün hücumla əlaqələndirilir.

Vaşinqtonda mənzillənən Strategiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin Çin layihəsinin rəhbəri və ABŞ hökumətinin Şərqi Asiya üzrə məsləhətçisi Bonnie Qlasr “The Times”ə açıqlamasında bildirir ki, Tayvan məsələsi ABŞ və Çin arasında nüvə müharibəsinə səbəb ola bilər. Qlaserin də fikrincə, 2030-cu ildə müharibə olarsa, ABŞ məğlub olacaq.

Pekinin Cənub və Şərqi Çin dənizində hərbi varlığını artırması müşahidə olunur. ABŞ da buna cavab olaraq, Pasifik bölgəsində hərbi gücünü artırır və Tayvanla əlaqələrini genişləndirir.

ABŞ prezidenti Donald Trampın ötən həftənin cümə günündə verdiyi açıqlama da bu kontektsdə diqqət çəkir. Tramp bildirdi ki, mövcud raketlərdən 17 dəfə daha sürətli olan raketlər istehsal edirlər və bunun hazır olmasına az qalıb. Eyni gündə Tayvan şirkətinin ABŞ-da kompüter çipləri istehsal etmək üçün Arizonada fabrik açacağı xəbəri yayıldı. Bu, Tayvanın Çindən uzaqlaşdırmaq gedişi olaraq qəbul olunur.

Baş verənlər ABŞ və Çinin geopolitik mübarizəsinin daha da qızışacağını göstərir./publika.az/