İKİ MƏZARLI ŞƏHİD

54

Hər zaman “şəhidlər ölməz” deyirik, eşidirik. Bəs şəhidlərin ölməzliyinə şahid oldunuzmu?

Ruhumdan ucalan səda artıq qulaqlarımı batırırdı. Mən o an yalnız bir şəhid məzarı önündə ruhən rahat ola bilərdim. Elə də oldu. Müqəddəs torpağın müqəddəs daşları. Hər birinin baxışlarından bir məna sezilirdi. Mənə çox tanış idi bu baxışlar. Çünki hər birinin “ömür kitablarını” vərəqləmişdim. Ancaq bu daş baxışlıların arasından bir tanımadığım tanış sanki məni səslədi. İlahi, bu necə doğmalıqdır? Heç zaman görmədiyim bir insana qarşı mən bu doğmalığı necə hiss edə bilərəm? Mən bu məzarı elə bağrıma basdım ki, köksüm bir doğmama qucaq açar kimi. Bu səslənişin səbəbsiz olmadığı mənə agah oldu. Bəli, səbəbsiz deyildi. Həmin gün Yarmətov Ruslan Hacımərdan oğlunun mövludu günü idi.

Mən,məni ovsunlayan bu şəhidin qısa ömrünün izinə düşəcəyimi düşündüyüm an  telefonda tanımadığım bir qızcığazın titrəyən səs ilə “Mən illərdi bu anı gözləyirəm. Hər dəfə kaş ki, atamın can verdiyi bu vətənin vətəndaşları atamı da yad edələr” sözlərini dedi. Bu sözləri deyən şəhidimizin qızı Nuridə Yarmətova idi. Bir anda donub qaldım. Dünya bu qədər kiçikmiş deyə düşündüm. O gün yaşananlar Allahın möcüzəsi və tanımadığımız bir şəhidimizin illərdən sonra xalq tərəfindən tanınması üçün atılan ilk addım idi.

Bu möcüzə dolu məzarda uyuyan şəhid kimdir?

Yarmətov Ruslan Hacımərdan oğlu 1970-ci il avqustun 15- də Sumqayıt şəhərində Hacımərdan və Simnarə Yarmətovların ailəsində dünyaya göz açmışdı. Ruslan və digər 5 bacı, qardaşı kasıb fəhlə ailəsində alın təri ilə qazanılan çörəklə, zəhmətin işıq saçdığı ocaqda sevgi ilə böyüyürdülər. Ailənin kiçik dövlət olduğunu körpəlikdən dərk edən Ruslan vətənə sevgi ilə böyüyürdü. 1977-ci ildə 24 N li məktəbdə təhsil almağa başlamışdı. 1975-ci ildə məktəbi bitirdikdən sonra 7 saylı texniki – peşə məktəbini bitirmişdi.

Ruslan hərbi xidmətinə Sovet Ordusu sıralarında başlamış, iki il xidmət etdikdən sonra vətənə qayıtmışdı.

Köksünə çarpaz dağ basılan, körpələri asılan, hər bucağı talanan vətənin qeyrətli övladları kimi Ruslan da vətənin sızlayan yarasına məlhəm olmaq üçün könüllü olaraq ordu sıralarına qoşulmuşdu. Vətənin bir qarış torpağını belə düşmən tapdağında görmək istəməyən qəhrəman, vətənin azadlığı uğrunda mübarizəyə Goranboy rayonunda başlamışdı. Dağların ağ qarının laləzara çevrildiyi 1994-cü ilin qış aylarında neçə ömrə son nida qoyulmuşdu. Ömrü naməlum zamanda Kəlbəcər dağlarında bitən o şəhidlərdən biri də Yarmətov Ruslan Hacımərdan oğlu idi. Aylarla onun ailəsi ondan xəbər almağa çalışsa da onu “gördüm” deyən yox idi. Artıq ümidlər tükənirdi. Son dəfə üç aylıq olanda atasının üzünü görən, son dəfə atasının üzünə gülən Nuridə və ondan bir yaş böyük qardaşı Nurlan dəyişən fəsillərlə birlikdə böyüyürdülər. O körpələr hələ o zaman anlamırdılar ki, özləri ilə bərabər bu dünyanın ən böyük həsrətini də böyüdəcəklər.

Artıq qış yerini yaza, yaz isə yaya vermişdi. Qan rənginə boyanmış qarlar əriyib torpağa hopmağa başlamışdı. Qar əridikcə dərədə bir – bir itgin sayılan şəhidlərin nəşi üzə çıxırdı. Düşmənin bir addımlığında olan bu nəşləri götürmək çox təhlükəli idi. Ancaq əsgərlər bu təhlükəni gözə alaraq irəliləməkdə qərarlı idilər. “Nə olur olsun müqəddəs şəhid cənazələri vətən torpağına əmanət ediləcək” deyirdi qəhrəman əsgərlər. Beş ay qar altında qalmalarına baxmayaraq şəhidlərin hər biri sanki bu gün şəhid olmuşlar kimi tapılmış,iki şəhid cənazəsi isə ürəkləri bir başqa sızlatmışdı. Bir şinelin üzərində bir – birini qucaqlayaraq can verən Adıyev Zakir Allahyar oğlu və Yarmətov Ruslan Hacımərdan oğlunun cansız bədənlərini əsgərlər də ayırmadan götürürlər. Birlikdə şəhadətə ucalan qəhrəmanların nəşləri Gəncə şəhərinə gətirilir. Hər zaman qəhrəmanlara qucaq açan Gəncə torpağına 1994-cü il iyunun 20-də 32 naməlum şəhid əmanət edilir. Həmin gün yer – göy həm hz Hüseynə həm də naməlum şəhidlərə ağlayır. Bir neçə gün sonra Ruslanın ailəsinə naməlum şəhidlər haqqında məlumat verilir. Ailənin ümidlərinə nur saçılır. Aylardı “məzarsız şəhid” deyib ağladıqları Ruslanın bir məzarının olmağı ailə üçün böyük təsəlli idi. Ruslanın anası, qardaşı və əmisi bir ümidlə məzarlara baxırlar. Bu dünyanın ən çətin anı ilə üz-üzə qalan Ruslanın ailəsinə məzardakı naməlum şəhid göstərilir. “Bu odur, bu mənim balamdır, bu mənim Ruslanımdır”. Həmin an “bəlkə sağdır” ümidi ölür, “bircə məzarı olsun” ümidi doğulur… Sözlərin izah etməkdə aciz qaldığı anlar…

Şəhid Yarmətov Ruslan Hacımərdan oğlunun nəşi iyunun 29-u Sumqayıt şəhərinə gətirilərək 30-u Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilir. Şəhidin nigaran ruhu uzun müddətdən sonra rahatlıq tapır. Aylarla Ruslanın məzarına həsrət qalan ailəsi onun məzarını ziyarətgaha çevirirlər. O gündən sonra şəhidin əmanət olan körpələri atalarının daşlaşmış məzarına sığınırlar. Körpələr ata nəvazişinə həsrət böyüsələr də həyatı dərk edəndən sonra əslində şəhid adının böyüklüyünü, şəhidlərin vətən boyda eşq ilə sevildiyini başa düşürlər.

Bu vətən torpağına çox igidlər can qurban edib. Müqəddəs şəhid qanı qarışan vətən torpağı müqəddəs and yerimiz, müqəddəs vətənin azadlığı isə tək amalımızdır. Bu gün hər birimiz bu amal uğrunda birləşmişik. Ruslan və Ruslan kimi qəhrəmanların qanı axan torpaqlar işğaldan azad edilir. Azadlığı qazanmaq üçün yenə də canlar fəda edilir. Həm vətən, həm şəhid ruhları sevinir.

 

ŞƏHİD RUSLAN

Eşqin çıraq oldu vətənə, elə,

Vətən dərdin hər zaman gəldi dilə,

Cismin ilə düşmənə gəlib sinə,

Qorudun vətənin dağın, yaylağın

Talanırdı vətənlə könül bağın.

 

Kəlbəcər dağları oldu məzarın,

Cismin kimi buz, tutdu arzuların,

Yoluna göz dikdi övladın, yarın,

Günü-gündən ümidlər də saraldı

Gəlmədiyin yollarını qar aldı.

 

Ötdü aylar qış dolanıb yay oldu,

Ürəklərə bir anda ümid doldu,

“Adsız məzar” sənin qismətin oldu,

Anan görüb Ruslanını tanıdı

Həmin o gün yer də, göy də ağladı.

 

Qovuşdun elində ana torpağa,

Məzarın çevrildi ziyarətgaha,

“Daş evinə” kölgə salan bayrağa,

Hər baxanda ürəklər qürrələnir

Şəhid qanı düşən yer çiçəklənir.

 

 

ADINI YAŞADACAM

 

Adının nuru düşür,

Neçə könül evinə.

Mənim sevgim bənzəyir

Sənin vətən sevginə.

 

“Daş evinə” müqəddəs,

Vətən kimi baxıram.

Sənin məzar daşını,

Öz köksümə sıxıram.

 

Bir ana balasını,

Köksünə sıxdığı tək.

Şəhidim, səni duyur

Sinəmdə çarpan ürək.

 

Cənnətindən ucalan,

Müqəddəs avazınla,

Sanki ruhunu gördüm,

Bərq vuran pərvazınla.

 

Mənim qəlbimə düşdü,

Şəhidim, sənin adın.

Adını yaşadacaq

Ruslan, bil ki, bu qadın.

Manya SƏXAVƏTQIZI