İDLİBDƏ TÜRKİYƏ-RUSİYA QARŞIDURMASI… – İki ölkə arasında savaş gözlənilirmi?

12

Qabil Hüseynli: “Baş verənlərin bütün məsuliyyəti Rusiyanın üzərinə düşür”

Məhəmməd Əsədullazadə: “Tarix boyu Rusiya-Türkiyə strateji ortaqlığı mümkün olmayıb”

Şahin Cəfərli: “Türkiyə ənənəvi xarici siyasətinə qayıtmalıdır”

İdlibdə Rusiya hərbi təyyarələrinin Türkiyə əsgərlərinə havadan zərbə endirməsi nəticəsində 33 türk əsgərinin şəhid olması dünyanın diqqətini bu hadisəyə yönəltdi. Buna rəğmən, dünən Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb ki, Türkiyə həmin bölgədə türk əsgərlərinin olduğu ilə bağlı bizə məlumat verməmişdi.

“Suriyada müxalifət qüvvələri İdlibdə böyük hücuma hazırlaşırdı. Biz həmin bölgədə türk əsgərinin olduğunu bilmirdik. Rusiya təyyarələri hava hücumunda iştirak etməyib”, – açıqlamada qeyd olunub.

Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Rusiya İdlibdə atəşkəsi qorumaq üçün əlindən gələni edir: “Amma türk əsgərləri onlara aid olmayan ərazidə olduqları üçün rejim əsgərləri tərəfindən vurulub”.

Əslində, Rusiya Müdafiə Nazirliyinin açıqlamasından aydın görünür ki, türk əsgərləri  məhz Rusiya hərbi təyyarələri tərəfindən vurulub. Sadəcə, Bəşər Əsəd qüvvələri tərəfindən vurulduğunu deməklə, Turkiyə ilə birbaşa üz-üzə gəlmək istəmirlər.

Qeyd edək ki,  İldibdə 33 türk əsgərinin vurulmasından sonra Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Ankarada, Beştəpədəki Prezident Administrasiyasında  müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın, yüksək vəzifəli məmurların iştirakı ilə İdliblə bağlı təcili toplantı keçirib. Qapalı iclas fevralın 27-də Türkiyə vaxtı ilə 21.30-da başlanıb və təxminən 6 saat davam edib. Bundan sonra isə Türkiyə Suriyada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Artıq dünən yayılan məlumatlara görə, Türkiyə hərbi qüvvələri atəş zərbələri nəticəsində 5 vertolyot, 23 tank, 23 top və haubitsa, 1 ədəd SA-17, 1 ədəd SA-22 hava müdafiə sistemi, 309 nəfər rejim əsgərini zərərsizləşdirib.

İdlibdə baş hadisədən sonra  bir çox Türkiyə rəsmiləri,  o cümlədən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın köməkçisi Məsud Haqqı Rusiyanın ünvanına sərt sözlər deyib. Prezidentin köməkçisi Rusiya ilə tarixi münasibətləri xatırladaraq, Suriya uğrunda müharibəyə hazır olduqlarını bildirib: “Rusiya ilə 16 dəfə müharibə etmişik və bunu təkrarlamağa hazırıq. Türkiyənin qisası amansız olacaq. Unutmayaq ki, Rusiyada 25 milyon müsəlman yaşayır və onlar ölkəni içindən parçalayacaq”.

Rusiyanın İdlibdə Türkiyəyə ağır faciə yaşatmasına rəğmən, rəşadətli Türkiyə ordusunun Suriyada dünən genişmiqyaslı əməliyyatları başlaması və  Əsəd rejiminin xeyli sayda hərbi texnikasını, canlı qüvvəsini məhv etməsindən sonra Rusiyanın geri çəkildiyini müşahidə etmək olur. Çünki Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatında bu, aydın görünür. Rusiya və Türkiyə prezidentlərinin telefon əlaqəsi saxlayaraq İdlibdəki razılaşmaların hansı formada həyata keçiriləcəyini müzakirə etdiklərini  bildirən Lavrov bəyan edib ki, Putin və Ərdoğan arasındakı İdlib mövzusu ilə bağlı razılaşmalara sadiqdirlər: “Terrorçularla müxalif qüvvələrin bir-birindən ayrılması ümumi məqsədimiz sayılmalıdır. Bu məqsədə çatmaq üçün nə edəcəyimizi müəyyənləşdirmək əsas prioritetimiz olmalıdır. Türk ordusu ilə təmaslar hər gün davam edir”.

Rusiya xarici işlər naziri qeyd edib ki, dünənki koordinasiya məlumatları Suriya ordusuna ötürülmüşdü: “Vurulan türk qoşunları haqqında məlumat yox idi. Baş verənlər İdlib razılaşmasının bizim tərəfimizdən pozulması deyil. Türkiyəyə başsağlığı diləklərimizi çatdırırıq. İdlibdə gərginliyi azaltmaq üçün bölgədə fəaliyyət göstərən türk əsgərlərinin təhlükəsizliyi üçün işlərimizi davam etdirəcəyik”.

“Rusiya və Türkiyə nümayəndə heyəti görüşlərini bu gün də davam etdirəcəklər. Aşılmaz maneələrin olduğunu düşünmürəm. İdliblə bağlı koordinasiya yaratmaq üçün danışıqlara hazırıq”,-deyə Lavrov bəyan edib.

“Rusiya riyakarlıq edir”

Картинки по запросу "Qabil Hüseynli"

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına münasibətini bildirən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, əməliyyatı həyata keçirən Rusiya hərbi hava qüvvələrinin təyyarələridir: “Rusiya riyakarlıq edir. Bundan əvvəl, iki əsgərin ölümü zamanı da rus təyyarələri havada idi. İndi baş verənlərin bütün məsuliyyəti Rusiyanın üzərinə düşür. Məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirilir. Bunun heç bir mənası yoxdur”.

“Türkiyə bunun qisasını alacaq”

 “Bu gün (red-dünən nəzərdə tutulur) NATO-nun rəhbərliyi təcili surətdə toplanır və Türkiyə-Rusiya münasibətləri ilə bağlı məsələlər müzakirə ediləcəkdir. Bununla bağlı NATO ölkələri NATO-nun 4-cü maddəsinin, yəni üzvlərindən birinə qarşı hərbi təcavüzün edilməsi və bu təcavüzün dəf edilməsi üçün 29 NATO üzvünün hansı addımlar atacağı müəyyənləşdiriləcəkdir. Çünki həmişə olduğu kimi, Rusiya riyakarlıq edir və baş vermiş hadisə Türkiyə ordusu üçün çox ağır hadisədir. Türkiyə hansı formada olursa-olsun, bunun qisasını alacaq”,- deyə politoloq əlavə etdi

“Rusiyadan soruşarlar ki, sənin əsgərin burada nə gəzir?”

Q.Hüseynlinin sözlərinə görə, Rusiyanın arqumentləri heç bir məntiqə sığımır: ““Vaşinqton Post” qəzetinin yazdığına görə, Türkiyə ona görə buradadır ki, məzlum insanların göz yaşının axmasının qarşısını alsın. Türkiyə burada ona görədir ki, köç axını yenə də Türkiyə sərhədlərini bürüməsin və üzünü Avropaya çöndərsin. Əslində, Türkiyə burada Qərb dünyasının maraqlarını müdafiə edən addımlar atırdı və diktator Bəşər Əsəddən onun öz xalqını müdafiə etmək istəyirdi. Türkiyənin başqa bir niyyəti yox idi. Amma ruslar burada hansı maraqları uğrunda mübarizə aparır və təyyarələri burada nə gəzir? Bir sözlə, Türkiyə 710 km sərhəddi olan qonşu dövlətdən öz ərazisinə köç axınını dayandırmaq, diktator rejiminin öz xalqına qarşı soyqırım siaysətinin qarşını almaq üçün Suriyadadır. Türkiyə buradakı demokratik qüvvələrə, Suriya müxalifətinə, Suriya Azadlıq Ordusuna dəstək üçün buradadırsa, Rusiya  aqressiv və təcavüzkar niyyətləri üçün buradadır. Rusiyadan soruşarlar ki, sən neçə min kilometr qət edərək burada neynirsən?”

“Türkiyənin təkbaşına Rusiyaya qarşı vuruşmasını məqbul hesab etmirəm”

Hüseynlinin fikrincə, bu müharibə Rusiya-Türkiyə müharibəsi kimi olmayacaq: “Bəli, Türkiyə bu gün qisas əməliyyatlarını axıra qədər həyata keçirəcək. Amma NATO üzvü olan Türkiyənin təkbaşına Rusiyaya qarşı vuruşmasını mən məqbul hesab etmirəm. Bu mübarizə NATO-nun Rusiyaya qarşı mübarizəsi şəkilində olacaq. Bu mübarizə açıq müharibə, sanksiyalar formasını ala bilər. Ondan sonra, Rusiyanın beynəlxalq siyasi məkanda sıxışdırılması kimi təzahür edə bilər. Bir sözlə, artıq proses NATO-Rusiya qarşıdurması şəkilində cərəyan edəcək”.

“Türkiyənin və NATO-nun dəstəyi olsa, Uraldan o tərəfə Rusiyanın bütün əraziləri itaətsizlik vəziyyətinə keçə bilər”

Türkiyə prezidenti köməkçisi Məsud Haqqının Rusiyanın parçalanacağı ilə bağlı fikirlərinə gəlincə, Q. Hüseynli qeyd etdi ki, Rusiyada türk mənşəli əhali 25 milyon deyil, çoxdur: “Rusiyada ondan çox muxtar qurum və respublika türk mənşəli respublikalardır. Bunların içərisində ən böyükləri Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Kalmıkiya, Altay respublikası və Tuladır, saymaqla bitmir. Bunların sayı 50 milyon civarındadır. Bəli, həmin xalqlar, xüsusən də Tatarıstan və Başqırdıstan bu saat Rusiyadan ayrılmaq uğurunda zəncir gəmirirlər, onlara Türkiyənin və NATO-nun müəyyən dəstəyi olsa, Uraldan o tərəfə Rusiyanın bütün əraziləri tam itaətsizlik vəziyyətinə keçə bilər. Amma bunun üçün müəyyən zaman lazımdır. Hətta Çeçenistanı da bura əlavə edirəm, türk respublikası olmasa da, Çeçenistanın üzərində Türkiyənin böyük təsiri var”.

“Türkiyə bu hadisədən da daha betərini Rusiyaya yaşada biləcəkmi” sualına Q. Hüseynli belə cavab verdi: “Təkcə mən buraya Rusiyanın adını daxil etmirəm. Çünki quru sahəsində Rusiyanın xüsusi təyinatlıları ilə yanaşı, İranın “Həşti-Şəbi” qüvvələri, İranpərəst “Hizbullah” ordusunun müəyyən dəstələri vuruşur. Bəşər Əsəd ordusunun tör-töküntüləri var ki, onlar da vuruşur. Ona görə də Türkiyə ordusunun zərbə mövqeyində olacaq qüvvələr İranın yaratdığı “Həşti-Şəbi”, “Hizbullah” ordusunun dəstələri və Bəşər Əsədin tör-töküntüləridir. Mən hər şeyi demək istəmirəm. Suriyada çox ciddi hadisələr baş verə bilər və hətta rejim dəyişikliyi ilə nəticələnə bilən hadisələrə qədər gedib çatar”.

“İran çox hiyləgər, eyni zamanda çox yaramaz bir siyasət həyata keçirir”

Türkiyəli ekspert Həsən Oqtayın “Türk əsgərlərinə hücum İran əsgərləri tərəfindən edilib” fikirləri ilə bağlı da Q. Hüseynli mövqeyini bölüşdü: “İlkin məlumata görə, ölüm hadisəsi Rusiya hərbi hava qüvvələrinin atdığı bombalar nəticəsində baş tutub. Amma yerüstü əməliyyatları İranın “Həşti-Şəbi” qüvvələri həyata keçirib. SEPAH-ın müəyyən bölükləri bu prosesdə iştirak edibdir. Bəli, İran çox hiyləgər, eyni zamanda çox yaramaz bir siyasət həyata keçirir və buna görə də Türkiyədən payını alacaq”.

“Astana və Soçi razılaşması Moskva tərəfindən pozulmuş oldu”

Картинки по запросу "Məhəmməd Əsədullazadə"

Suriyada Türkiyə və Rusiyanın ortaq strateji əməkdaşlığının taktiki olduğunu qeyd edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə isə bildirdi ki, ölkə arasında Astana və Soçi razılaşması Moskva tərəfindən pozulmuş oldu: “Rusiya ABŞ -Türkiyə əlaqələrinin pozulması üçün kifayət qədər bu günə kimi çalışdı. Sonunda meydanda Ankaranı tək buraxaraq Suriyadan çıxarmaq planını reallaşdırmaq üçün xeyli işlər gördü və İdlibdə bunu reallaşdırmağa çalışır”.

“Ankara baş verənlərdən nəticə çıxaracaq”

ABŞ və və İsrailin yalnız Əsədə zərbələr endirməklə Türkiyəni bu meydanda tək buraxmayacağını iddia edən Əsədullazadə hesab edir ki, Türkiyə əvvəlki siyasətinə qaytımaq kursunu götürərək ənənəvi müttəfiqlərinə geri dönəcək: “Ona görə ki, tarix boyu Rusiya-Türkiyə strateji ortaqlığı mümkün olmayıb və baş verənlər bunun bariz nümunəsidir. Rusiya hər zaman Türkiyəni öz imperiya maraqlarına və geosiyasətinə təhdid görür. İki ölkə Qara dənizdə, Cənubi Qafqazda və Yaxın və Orta Şərqdə rəqibdirlər. Artıq Ankara Rusiya ilə iqtisadi və enerji əlaqələrini zəiflədəcək və Moskvadan asılılığı qaldırmağa çalışacaq. Bu müddət ərzində prezident R.T.Ərdoğan kifayət qədər Türkiyəni Rusiyaya yaxınlaşdırdı. Amma Rusiya Türkiyənin Liviyada və Suriyada heç bir maraqlarını və təhlükəsizliyini nəzərə almadı. Ankara baş verənlərdən nəticə çıxaracaq, Rusiyanın bu siyasətini Suriyada cavabsız qoymayacaq”.

Rusiyanın İdlibdə M4 və M5 strateji marşutu ələ keçirməyə çalışdığını diqqətə çatdıran Əsədullazadənin sözlərinə görə, Rusiya İdlibdən Türkiyəni çıxartmaq istəyir: “Tərəflər arasında diplomatik danışıqlar nəticəsiz bitir. Dünən Ankarada Rusiya heyəti ilə danışıqlar baş tutmadı və ardınca Rusiya Əsədin əli ilə Türkiyə hərbiçilərinə geniş hücum etdi. Həmçinin Putin çalışır ki, Ərdoğanla görüşənədək bu magistral yollara nəzarəti ələ alsın və İdlibdə güclü mövqeyə sahiblənsin. Nəticədə masada Türkiyəni güzəştlərə məcbur etsin”.

“Rusiya-Türkiyə ortaq kordinasiyası sona yetdi”

Əsədin Rusiyanın icazəsi olmadan belə bir hücuma risk etmədiyini nəzərə çatdıran Əsədullazadə dedi ki, İŞİD tərəfindən darmadağın edilən Əsəd ordusunda bu kimi silahlar və güclü heyəti yoxdur: “Rusiya düşünür ki, Türkiyə bu hücumlar qarşısında geri çəkiləcək. Amma Türkiyə daha da irəli gedərək öz üstünlüyünü qoruyacaq. Artıq Suriyada yeni siyasi-hərbi mərhələ başlayır və Rusiya-Türkiyə ortaq kordinasiyası sona yetdi. Yerini və estafeti ABŞ və Türkiyə əməkdaşlığı tutacaq. Suriyada İsrail, ABŞ və Türkiyə ortaq əməliyyatlar keçirib, Rusiyaya ciddi problemlər yaradacaqlar. Artıq Suriya ərazisində sülhün əldə olunması mümkün görünmür. Türkiyə Suriyada Rusiyanı rahat buraxmayacaq. Göründüyü kimi, Rusiya-Türkiyə əməkdaşlığı mövsümidir və tərəflərin birgə maraqları tarix boyu davamlı şəkildə ortaq olmayıb”.

Liviyada, Qara dənizdə və Suriyada Rusiya-Türkiyə əməkdaşlığının mümkün olmadığını vurğulayan Əsədullazadə hesab edir ki, Ankara öz müttəfiqlərinin dəstəyini almayınca, Rusiya Ankaranın üzərinə yeriyəcək: “Regionda vəziyyət mürəkkəbləşir. Proses Əsədin devrilməsi ilə bitə bilər. Artıq Əsədə qarşı terrorçu qruplar deyil, böyük dövlətlərin orduları hücuma keçə bilər. Rusiya Əsədə görə ABŞ, Türkiyə və İsrailə qarşı gələ bilməyəcək”.

“Rusiya və İran min kilometrlərlə məsafədən gəlib Suriyada nə gəzirsə, Türkiyə sərhədləri daxilində öz təhlükəsizliyini qoruyur və Suriyada kənar güc deyil”,-deyə politoloq əlavə etdi.

“II Yekaterina nəvəsinə Konstantin adını verdi ki…”

Картинки по запросу "Şahin Cəfərli"

Politoloq Şahin Cəfərli isə bu qədər dövlətçilik təcrübəsi olan, tarixdə dəfələrlə Rusiya ilə qarşı-qarşıya gəlmiş türk dövlət ağlının Rusiyanı hələ də yaxşı tanıya bilməməsini son illər heyrətlər içərisində izlədiyini bildirib.

Cəfərli tarixə ekskursiya edərək müəyyən məqamları xatırladıb: “Rusiya imperiyası Bizansın süqutundan bir müddət sonra özünü onun varisi – “Üçüncü Roma” kimi mövqeləndirib, siyasi-dini mirasını sahibləndi. Pravoslavlığın xilaskarı, “Mehdisi” qismində Konstantinopolu geri almaq və onu yenidən pravoslav xristianlığın mərkəzinə çevirmək əsas hədəf kimi qoyuldu. Hətta II Yekaterina nəvəsinə Konstantin adını verdi ki, gələcəkdə şəhər alındıqdan sonra onu Bizans taxt-tacına çıxarsınlar.

Krım savaşında (1853-56) I Nikolayın məqsədi o idi ki, “Avropanın xəstə adamı” adlandırdığı Osmanlını məhv edərək Konstantinopolu ələ keçirsin. Britaniya və Fransa rus imperiyasının isti dənizlərə enməsini və talassokratik gücə çevrilməsini istəmədikləri üçün Osmanlıya dəstək verib, birlikdə Rusiyanı sarsıdıcı məğlubiyyətə uğratdılar. Təkcə Sevastopolda 100 minlik rus qarnizonu məhv edildi. Nikolay qəhrindən öldü”.

II Aleksandr dövründə Konstantinopolun və boğazların ələ keçirilməsi üçün hərbi əməliyyat planı hazırlandığını nəzərə çatdıran Ş.Cəfərli qeyd edib ki, 1877-78-ci il savaşında (türklərin "93 Harbi" dediyi) rus ordusu Osmanlını bütün cəbhələrdə məğlub edərək Yeşilköyə – hazırda fəaliyyəti dayandırılmış Atatürk hava limanının yerləşdiyi əraziyə qədər gəldi, lakin Britaniyanın ultimatumundan sonra geri çəkildi və şəhər türklərdə qaldı: “II Nikolay taxta çıxdıqdan sonra ilk qərarlarından biri Konstantinopol uğrunda Osmanlı ilə müharibəyə başlamaq oldu. Lakin maliyyə naziri, alman Vitte bu avantüranın dövlətin iqtisadi əsaslarını sarsıdacağı fikrini irəli sürüb, çarın əmisi, Qvardiyanın və Peterburq hərbi dairəsinin komandanı, knyaz Vladimir ilə birlikdə bu qərarı təxirə saldıra bildi”,

“Ankara təcili ABŞ-la yaxınlaşdı”

Cəfərlinin sözlərinə görə, ikinci dünya savaşından sonra Stalin Türkiyəyə ultimatum ünvanlayıb ki, boğazlarda hərbi baza yaratmağımıza icazə verməlisiniz: “Eyni zamanda Stalin Türkiyədən bəzi şərq vilayətlərini də SSRİ-yə (Ermənistana və Gürcüstana) verməyi tələb etdi. Dünya müharibəsindən qalib çıxmış 10 milyonluq Sovet ordusu qısa müddətdə Türkiyəni diz çökdürə bilərdi. Ankara təcili ABŞ-la yaxınlaşdı, NATO yarananda isə üzvlük üçün 3 dəfə müraciət etdikdən və Koreya savaşında ABŞ-ın tərəfində döyüşə girib, 700-dən çox şəhid verdikdən sonra ittifaqa daxil olaraq təhlükəni sovuşdurdu”

“Vəziyyətin bu yerə çatması təkcə Ərdoğanın məsuliyyəti deyil”

Müasir tarixdə Rusiya-Türkiyə əlaqələrini şərh edən Cəfərli vurğulayıb ki, vəziyyətin bu yerə çatması təkcə Ərdoğanın məsuliyyəti deyil: “Atatürkün adı ilə hərəkət edən, onu özünə sipər etmiş ulusalcı-avrasiyaçı klikin mövcud durumun yaranmasında böyük rolu var. Dərinə varmadan qeyd edim ki, “Nə ABŞ, nə AB, tam bağımsız Türkiyə” mottosu ilə hərəkət edən bu qruplaşmanın məqsədi Türkiyənin yönünü Qərbdən Avrasiyaya çevirib, Rusiya və Çinə yaxınlaşdırmaqdır. ABŞ ordusunun İraqa hücumda Türkiyə ərazisindən istifadəsinə icazə verən 2003-cü ilin 1 mart tezkeresinin TBMM-də rədd edilməsi bu istiqamətdə atılmış çox önəmli addım oldu. Ərdoğan bu klikdən qurtulub, dövlət gücünü öz əlində cəmləşdirmək üçün dövlət aparatında yuvalanmış başqa bir bürokratik güc – Gülən icması ilə ittifaqa girərək repressiv tədbirlərə (Ergenekon, Balyoz və s.) başladı. Siyasi motivli olduğundan, ittihamlar saxta idi, qurunun oduna xeyli yaş da yandı və türk ordusu bu əməliyyat-istintaq tədbirlərindən böyük zərər gördü. ABŞ və Avropa avrasiyaçı kamalist elitanın zərərsizləşdirilməsində maraqlı olduğu üçün kobud insan haqları pozuntularına, NATO generallarının kütləvi həbsinə səs çıxarmadı”.

Cəfərli onu da diqqətə çatdırıb ki, Ərdoğan və Gülən arasında qənimətə şəriksiz sahiblik uğrunda mübarizə başladıqdan, xüsusən 15 temmuz olayından sonra isə dövlət içərisində ulusalcı qüvvələr yenidən dirçəldi və Ərdoğanın da onlara ehtiyacı yarandı: “Nəticədə Türkiyənin xarici siyasətində avrasiyaçı xətt önə çıxmağa başladı”.

“İndi başına gələnlərdən şikayət edib, NATO-dan dəstək istəyir”

Ərdoğan dönəmində Türkiyə-Rusiya münasibətlərində baş verənlərə də diqqət çəkən Cəfəri qeyd edib ki, Avropaya böyük həcmdə əlavə Rusiya təbii qazını çıxaracaq “Cənub axını” layihəsi baş tutmadı, “Şimal axını-2” layihəsi isə ABŞ-ın sanksiya təhdidi altında idi: “Bu vaxt Ərdoğan köməyə yetişərək Moskvanın “Türk axını” (marketinq hiyləsi) adını verdiyi layihəni gerçəkləşdirməsinə şərait yaratdı. Bundan başqa, Ərdoğan Putinlə birlikdə AES layihəsi həyata keçirməyə qərar verdi və Aralıq dənizi sahilindəki Mersində Rusiyaya böyük ərazi ayırdı. “Ruslar texnoloji sirlərini bizə verəcək, birgə istehsal da olacaq” kimi boş iddialarla Rusiyadan S-400 ZRK alındı, hətta bunun üçün Türkiyə ən müasir, beşinci nəsil F-35 təyyarələrindən məhrum olmağı da gözə aldı. (Bu dəqiqə hava-su kimi lazımdır.) Halbuki, Türkiyə istehsalçı qismində bu strateji layihənin içində yer alan azsaylı NATO ölkələrindən biridir. İndi ən lazımlı anda S-400 işləmir, işləsə belə, bu qurğunu Rusiya və onun müttəfiqlərinə qarşı istifadə etmək mümkün deyil. Hətta Suriya da daxil olmaqla, bütün regional məsələlər üzrə maraqları toqquşduğu, rəqib olduqları, xüsusən Krımın ilhaqından sonra Türkiyənin təhlükəsizliyinə Rusiya təhdidi artdığı halda, Ərdoğan Moskva və Tehranla ortaqlıq qurub, Qərbə və İsrailə meydan oxumağa çalışdı. Ərdoğan Türkiyəsi NATO-nun Rusiyaya qarşı strategiyasının həyata keçirilməsindən mümkün olduğu qədər yayındı və çox passiv rol aldı. İndi isə başına gələnlərdən şikayət edib, NATO-dan dəstək istəyir. (Suriyada Türkiyə ordusuna hücum 5-ci maddənin əhatə dairəsinə aid deyil.) Belə xarici siyasət olmur”.

“Qorxuram ki, Ərdoğan ölkəni savaşa daxil edib, azadlıqları daha da məhdudlaşdırsın”

Cəfərli hesab edir ki, Türkiyə ənənəvi xarici siyasətinə qayıtmalıdır: “Amma ölkənin radikal siyasi dəyişikliyə ehtiyacı var, bunsuz heç nə mümkün olmayacaq. İndi qorxuram ki, Ərdoğan ölkəni savaşa daxil edib, azadlıqları daha da məhdudlaşdırsın və mövcud durumdan öz zəifləmiş iqtidarını möhkəmlətmək üçün yararlansın”.

Şamo EMİN, Hurriyyet.org