İctimaiyyət dövlətlə birgə addım atdı… – LAYİHƏ

18

Vətənin ərazi bütövlüyü uğrunda keçirilən yürüş təqdir olunmalıdır

İyulun 12-dən 13-nə keçən gecə təcavüzkar Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının Tovuz rayonuna silahlı hücumlar təşkil etmək üçün təşəbbüslər göstərsə də, bu döyüşdə milli ordumuzun qüvvələri düşməni darmadağın edibdir. Həmin döyüşdə Ermənistan ordusunun 30-dan çox əsgəri məhv edilib və düşmən tərəfi çoxlu yaralı verib. Bu hadisədən bir gün sonra, Azərbaycan silahlı qüvvələrinin generalı Polad Həşimov, polkovnik İlqar Mirzəyev, hərbi qulluqçulardan mayorlardan  Namiq Əhmədov, Anar Novruzov, gizirlərdən İlqar Zeynallı, Yaşar Babayev, sıravi əsgər Elçin Mustafazadə qəhrəmanlıqla həlak olmuşlar. Elə bu hadisələrin ardınca paytaxt Bakıda iyulun 15-də gecə saatlarında onminlərlə gənclər meydanlara və küçələrə axışaraq: “Cənab Ali Baş Komandan əmr ver silahlanıb düşmən üzərinə gedək” və başqa şüarlar səsləndirdilər. İyulun 16-da ölkə gənclərinin Tovuz, Qazax, Sumqayıt, Lənkəran və başqa şəhərlərdə yürüşləri oldu. Xüsusilə bu son döyüşlərdə şəhid düşən hərbçilərimizin dəfn mərasimi böyük coşqularla qarşılandı. Hər yerdə “Şəhidlər ölməz, Vətən bölünməz”, “Başını dik tut Azərbaycan”, “Ali Baş Komandanın əmrini gözləyirik” və sair şüarlar səsləndirildi.

Xalqın birlik və həmrəyliyini nümayiş etdirdi

Vətən uğrunda xalq küçələdə “Qarabağ” deyərək səsini ucaltdı. Gənclərimizin bu vətənsevərliyi olduqca qürurvericidir. Beləliklə səmimi vətənpərvərlik hisslərimizi ifadə edərək millətimizin bütövlüyünə və maraqlarına, dövlətimizin dayanıqlılığına inam hissləri daha da gücləndi. Vətən sevgisi, torpaq təəssübü, ordumuza dəstək ifadə olundu. Bəli, gənclərimiz, orta yaşlılarımız, hətta ahıllarımız belə Qarabağda döyüşmək üçün əmr gözlədiklərini dilə gətirdilər. Bu əmr verilməlidir, veriləcək də.

Orduya könüllü yazılmaq istəyən gənclərin Azərbaycan Prezidentinə müraciəti isə  sadəcə Azərbaycanda deyil, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız arasında çox böyük coşqularla qarşılandı. İctimaiyyət fəalları, ziyalılar, millət vəkilləri Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün məqamın yetişdiyini bəyan edərək, hər kəsi müharibəyə hazır olmağa səslədilər. Hətta onminlərlə gənclər milli  orduya yazılmaq üçün prezident ilham Əliyevə müraciət ünvanladılar. Müraciətdə bildirilirdi ki: “Azərbaycan xalqı, o cümlədən gənclər Sizin Təhlükəsizlik Şurasındakı çıxışınızdan sonra orduya yazılmaq istəklərini bildirirlər. Çoxsaylı paytaxt gəncləri və idmançılar, əmrinizlə ordu sıralarında düşmənə qarşı döyüşmək, torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını bəyan edirlər. Azərbaycan gəncliyinin böyük əksəriyyəti Qarabağın azadlığı üçün döyüşməyə və yeri gəlsə, canını fəda etməyə hazır vəziyyətdə dayanıb”

Bu müraciətlərdən sonra o da bəlli oldu ki,  ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər. Bu bir daha göstərdi ki, xalqımız mübarizə əzmindədir və Ali Baş Komandanın əmrini gözləyirlər.

Siyasi qüvvələr də xalqın və dövlətin yanında olduqlarını bəyan etdilər

Partiya rəhbərləri Milli Həmrəylik bəyanatı imzalamaqla bir yandan ölkə daxilində milli həmrəyliyi, digər yandan isə beynəlxalq aləmə Azərbaycan xalqı və dövlətinin bu ağır günlərdə, xüsusilə Ermənistanın işğalçılıq siyasətinə qarşı vahid mövqedən çıxış etdiyini nümayiş etdirdi. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar 43 siyasi partiya milli həmrəylik bəyanatını yaymaqla ölkəmizdə cəmiyyətin müxtəlif ictimai və sosial təbəqələrinin dövlətçiliyimiz naminə birliyinin simvoluna çevrildi.

Bəyanatda İyulun 12-də Ermənistan hərbi qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribatın törətdiyi, Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücumunun qarşısının qətiyyətlə alınması, düşmənə layiqli cavab verilməsi qeyd olunmuşdu.

Bəyanatda Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanlarının sarsıdılması, böyük sayda hərbi texnika və canlı qüvvəsinin məhv edilməsi də öz əksini tapıb. Bəyanatda o da qeyd edilir ki, növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında baş verməsi təsadüfi deyildir və onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Dünya nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır. – Bəyanatda vurğulanıb. Bəyanatı Yeni Azərbaycan, AĞ, Ana Vətən, Aydınlar, Azadlıq, Azad Respublikaçılar, Azərbaycan Demokrat Partiyası, Demokratik Maarifçilik, Xalq Azərbaycan Naminə Alyans, Respublikaçılar, Sosial Demokrat, Sosial Rifah,   Təkamül, Ümid, Yurddaş, Birlik, Böyük Azərbaycan, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Cümhuriyyət Xalq Partiyası, Demokratik Azərbaycan Dünyası, Demokratik İslahatlar, Ədalət, Gələcək Azərbaycan, Klassik Xalq Cəbhəsi,  Qorqud, Milli Demokrat İdrak, Milli Dirçəliş Hərəkatı, Milli Konqres, Milli Vəhdət,  Müasir Müsavat, Müstəqil Xalq, Vahid Azərbaycan Milli Birlik, Vəhdət, Vətəndaş Birliyi, Vətəndaş Həmrəyliyi və Yeni Zaman partiyalarının sədrləri imzalamışdılar.

Dünya Azərbaycanlılarının həmrəyliyi

Rusiya Federasiyasının paytaxtı Moskva, eləcə də Sankt-Peterbuq, Yekatrinburq, Stavropol, Samara, Volqaqrad, Kalininqrad, Tver və digər şəhərlərində yaşayan soyadaşlarımız milli həmrəylik nümayiş etdirərək, Ermənistanın təcavüzkar siyasi hərəkətlərinə qarşı olduqlarını elan etdilər. Ukryanın paytaxtı Kiyevdə Azərbaycan diaspora təşkilatları bir araya gələrək böyük bir mitinq keçirdilər. Bu mitinqdə elan edildi ki, Ermənistan təcavüzkar əməllərindən əl çəkməli və Azərbaycanın işğal olunmuş bütün ərzilərindən qeyd-şərtsiz tamamilə geri çəkilməlidir. İsveçin paytaxtı Stohkolmda Ermənistan səfirliyinin qarşısında Azərbaycan, Türkiyə, Doğu Türküstan və Orta Asiya diaspora təşkilatları bir araya gələrək Ermənistanın təcavüzkar, hərbi və işğalçılıq siyasətini bütün İsveç cəmiyyətinə bir daha elan etdilər. Bu aksiyanı demək olar ki, İsveçin əksər aparıcı tv kanalları və KİV-ləri işıqlandırdı. Almaniya, ABŞ, Fransa, Belçika, Hollandiya, Avstriya, Polşa, Kanada, Macarstan, Finlandiya, Norveç, İngiltərə, Moldova, Qazaxstan, Özbəkistan və digər ölkələrdə soydaşlarımız Ermənistanın işğalçılıq siyasətinin çirkin üzünü mitinqlər və yürüşlər keçirərək yerli əhaliyə bir daha tanıtdırmağa çalışdılar. Özəlliklə Türkiyənin paytaxtı Ankara, həm də İstanbul, İzmir, Əskişəhər, Antalya, Dənizli, Mersin və digər şəhərlərində keçirilən bu həmrəylik aksiyalarına bütün türk xalqı da qoşuldu. Güney Azərbaycanın mərkəzi Təbriz, eləcə də Ərdəbil, Urmu, Zəncan, Mərənd, Maku, Xoy, Sulduz, Qoşaçay, Miyanə, Soyuqbulaq, Ələmdar, Meşkin və digər şəhərlərindəki soydaşlarımızın küçə yürüşləri olduca möhtəşəm xarakteri ilə tarixdə öz imzasını qoydu. Hətta Tehranda yaşayan onminlərlə soydaşlarımız Ermənistan səfirliyinin qarşısında təcavüzkarlıq siyasətinə son qoyulması tələbləri çox ciddi şəkildə səsləndirildi.

Susqun beynəlxalq təşkilatların gizli təşvişləri

Cənubi Qafqazda sülhün qorunması və işğalçılıq siyasətinin durdurulması yönündə  neçə illərdir fəaliyyət göstərdiklərini BMT, ATƏT-in Minsk Qrupu, Avropa Birliyi, Avropa Şurası, MDB və digər çoxsaylı beynəlxalq təşkilatlar Tovuz rayonu ətrafında baş verən hadisələri sanki, seyrçi mövqedə durmaqla müşahidə edirdilər. Onlar elə bil əvvəlki illərdə olduğu kimi, diplomatik oyunlarla Azərbaycan dövlətini və xalqını aldatmaq taktikasından məmnun qalmış kimi görünürdülər. Elə ki, Ermənistanın Berd (keçmiş Şəmşəddin) rayonuun ərazisi silahlı qüvvələrimiz tərəfindən darmadağın olunduğunu, həmin bölgədən 30 mindən çox erməni əhalisinin məcbur olaraq, digər bölgələrə köç etməsi faktı ilə üz-üzə qaldılar, bu zaman “sülh” missiyası da yadlarına düşdü. Digər yandan onları qorxuya salan paytaxt Bakıda, bunun ardınca ölkəmizin digər rayonları və qəsəbələrində əhalinin yüksək ruhla dövlətimizin yanında olması, eləcə də bütün cəbhə boyu döyüşlərin başlanılması ilə hərbi təcavüzkarın işğal etdiyi ərazilərimizdən çıxarılması iradəsini ortaya qoyulanda beynəlxalq diplomatik çevrələr də hərəkət keçdilər. Hətta Ermənistanı qınayan açıqlamalar verməyi də unutmadılar.
Azərbaycan tərəfi Tovuz rayonunun strateji bölgə olduğunu, buradan beynəlxalq əhəmiyyətli TRASEKA, TANAP və TAP layihələrinin tərkib hissəsi olan Bakı-Tiflis-Ceyhan neft boru xətti, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolunun keçdiyini transkontinental şirkətlərə də izah edildi.
Türkiyə, Ukrayna, Pakistan, Qazaxstan, Moldova, Yaponiya, İngiltərə və İsrail Tovuz rayonu ətrafında baş vermiş hadisələrə görə Ermənistanın işğalçılıq və təcavüzkar siyasətinə qarşı olduqlarını, Azərbaycan dövlətinə dəstək verdiklərini bu çətin günlər ərzində nümayiş etdirdilər.
Tovuz hadisələri bir daha sübut etdi ki, Azərbaycanda dövlətçilik ideyalarına sadiqlik və cəmiyyətin bu məsələdə vahid mövqedən çıxış etməsi ən möhtəşəm, qürurverici bir prosesə çevrildi. Bu olay sadəcə ölkəmizin daxilində deyil, eyni zamanda xaricdə yaşayan soydaşlarımızın milli birlik və bərabərlik içində addım atmalarının ən vacib strateji hədəflərimizdən biri olduğunu gündəmə gətirdi. Bu hadisələr xalq və dövlət bütünlüyünün simvolu olaraq yaddaşlara həkk olundu. 2016-cı ilin aprel hadisələri zamanı da belə bir durumu yaşamalı olmuşduq. Hər iki hadisə sübut etdi ki, xalqımız qələbə quhu ilə yaşayır. Neçə illərdir beynəlxalq təşkilatların dolayı yolla apardıqları “təslimçi” siyasət məhz bu hadisələr zamanı iflasa uğrayıbdır. Çünki, cəmiyyət və dövlətin birliyi tarixi torpaqlarımızın bölünməzliyi uğrunda aparılan mübarizənin açıq şəkildə simvoluna çevrilibdir.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.