İctimai maraqların dövlət maraqları çərçivəsində müdafiəsi – LAYİHƏ

1

İctimai maraqlar hərfi mənada cəmiyyətin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai marağı qəlibə salan və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər və vətəndaş cəmiyyəti təşkilatları səviyyəsində hüquqi vasitələrlə ictimai marağın müdafiəsini həyata keçirirlər.

İctimai rəy dövlət siyasətinin hədəfində

Dövlət və ictimai maraqların təmin olunması və bu prosesin ümumi inkişaf səviyyəsi müasir dövrün ən mühüm məsələlərindən biri kimi qarşımızda dayanır. Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var.

Ona görə də ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsini, cəmiyyətə aşılanmasını tələb edir. İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. İctimai maraqlarla fərdi və qrup maraqlarının uzlaşdırılması mədəniyyətinin təşəkkül tapması hər bir toplum üçün həyati vacib amillərdən və harmonik inkişafın əsas şərtlərindən biridir. Amma müasir dövrün şərtləri, qloballaşma dövlət və ictimai maraqların təmin olunması istiqamətində yeni vəziyyət yaratmaqla yeni yanaşma tələb edir.
Bu baxımdan, milli dövlətçilik maraqları hər zaman, hər yerdə qorunmalıdır. Bu, müzakirə olunmayan və etirazsız qəbul edilməli bir konsepsiyadır. Məsələ ondadır ki, təkcə minillik dövlətçilik tarixinə malik ölkələrdə deyil, adı dünya xəritəsinə cəmi bir neçə yüz il əvvəl həkk olunmuş dövlətlərdə də bu məsələyə münasibət birmənalıdır. Yəni bəzən biz milliliklə millətçilik, dövlətlə iqtidar arasında fərqi düzgün qiymətləndirmirik.
Halbuki, millilik xalqa, millətçilik kütləyə xas anlayışdır. Dövlət öz vətəndaşlarına məxsusdur. İqtidar isə dövləti təmsil edir. İqtidarla müxalifdə olmaq normaldır. Dövlətə müxalif olmaq isə ictimai və milli maraqlara qarşı çıxmaq deməkdir. O da məlum həqiqətdir ki, milli maraqları şəxsi maraqlardan öndə tutmaq vətənpərvər insanlara xasdır. Vətənpərvər olmayan, zəmanənin tələbi ilə qrup maraqlarından çıxış edən insanlar heç vaxt belə mövqe sərgiləyə bilməzlər. Belələri üçün hər zaman şəxsi maraqlar dövlət maraqlarından öndə olub. Bu, tarixən belə olub. Ona görə də belələrindən dövlət maraqları ilə bağlı nəsə ummaq sadəlövhlük olar.

Milli dəyərlərlə uzlaşma sistemi

Görkəmli maarifçi Nikolay Çernışevski vaxtilə yazırdı ki, insanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. XIX əsrin tanınmış mütəfəkkiri Vladimir Belinski isə hesab edirdi ki, öz vətəninə mənsub olmayan adam bəşəriyyətə də mənsub ola bilməz. Bu fikir günümüz üçün də aktuallığını itirməyib. Bəziləri vətənin çörəyi-suyu ilə böyüyüb ərsəyə çatandan sonra özünü kosmopolit adlandırır və bütün milli dəyərlərə arxa çevirir. Hər fürsətdə, imkan düşdükcə milli dəyərlərə qarşı çıxır və dövlət maraqlarını görməzdən gəlirlər. Sanki bu dövlətin vətəndaşı deyillər. Belə xoşagəlməz hallar nəinki Azərbaycanda, bir sıra digər dövlətlərdə də var. O üzdən bu kimi məsələlərdə son dərəcə ayıq-sayıq olmaq hər bir vətəndaşın borcudur. Çünki milli və dövlət maraqlarının qorunması hamının borcudur. Bu məsələdə hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Sözügedən məsələdə bütün yükü dövlətin üzərinə qoymaq ədalətli yanaşma deyil. Ona görə də kosmopolitizm son illərdə yenidən gündəmə gətirilməklə yanaşı, həm də neoliberalism qaydalarının mümkün qədər yayğın olmasına çalışılır. Bəzən “qlobalizm standartları” adı ilə bu prosesin daha da canlı olması üçün müəyyən institutların dəstəyi sayəsində anti dövlət siyasətləri də yürüdülür. Belə olduğu təqdirdə, dövlət və cəmiyyət arasında süni şəkildə bağlantıların inkişafına çox ciddi şəkildə zərərverici hadisələr də baş verir.

Onu da nəzərə almaq lazımdır ki, müasir dünyada reallıqlar sürətlə dəyişir və dövlətlərin daxili sabitliyi, ərazi bütövlüyü, suverenliyinə yönəlik təhdidlər müxtəlif formalarda özünü büruzə verir. Son illər Yaxın Şərqdə yaşanan dəhşətli hadisələr bunu bir daha sübut etdi. Bu baxımdan Azərbaycanda hər bir fərd, qrup, təşkilat və struktur tərəfindən dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi daha aktualdır. İctimai və dövlət maraqlarının qorunmasına xüsusi önəm verilməlidir. Ən azından, Yaxın Şərqdə baş verən hadisələrdən ciddi nəticə çıxarılmalıdır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Ermənistan xaricdəki havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edib, ərazi bütövlüyümüz pozulub. Dünyada hökm sürən ikili standartlar və digər ədalətsizliklər üzündən Azərbaycan əraziləri hələ də işğaldan azad olunmayıb.
Reallıq ondan ibarətdir ki, Ermənistan və onları himayə edən müəyyən güclər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmaq, suverenliyinə zərbə vurmaq və daxili sabitliyini pozmaq üçün müxtəlif vasitələrdən yararlanmağa çalışırlar. Azərbaycanda inkişafa mane olunması, son nəticədə qarşıdurma mühitinin yaradılması və ölkənin mənfi imicinin formalaşdırılması qarşıya qoyulan məqsədlər sırasındadır. Bu istiqamətdə zaman-zaman müxtəlif vasitələrə əl atblar. Xaricdən himayə olunan bəzi marginal qruplar onların əlində alətə çevriliblər. Dövlət rəsmiləri də zaman-zaman çıxışlarında Azərbaycanın milli maraqlarına zərbə vurmaq yönündə xidmət göstərən bəzi QHT və KİV-lərin olduğunu bəyan ediblər. Elə buna görə də Azərbaycanın dövlət maraqlarına zidd olan bu fəaliyyətin qarşısının alınması üçün bir sıra addımlar atılıb. Məsələn, QHT-lər haqqında qanunvericiliyə dəyişiklik edilib.
Xarici donorların bəzi QHT-ləri maliyyələşdirməsinə qanuni şəkildə məhdudiyyət qoyulub. Bu, xarici donorların Azərbaycanda daxili sabitliyə yönəlik planlarının qarşısının alınmasında mühüm rol oynayıb. Sözügedən məsələdə KİV-in də üzərinə mühüm vəzifələr düşür. Bu da KİV-də dövlət maraqlarının strateji baxımdan milli və ictimai müdafiəsinin mühüm milli və ictimai vəzifə olması ilə bağlı maarifləndirmə işinin aparılması, eyni zamanda, KİV-in fəaliyyətində dövlət maraqlarının əsas götürülməsi ilə bağlıdır.

Elmi konseptual hədəflərin müstəvisində yeni anlayış

Çağdaş dövrün elmi nailiyyətləri içərisində ən əhəmiyyətlisi internetdən istifadə imkanlarıdır. Dövrümüz həm də informasiya bolluğu ilə fərqlənir. İnformasiya mübadiləsi milyonların maraqlarını təmin etməklə insanların həyatında önəmli rol oynayır. Azərbaycanın işğalçı dövlət olan Ermənistanla müharibə şəraitində olması virtual məkanda da özünü açıq büruzə verir.
Başqa sözlə desək, informasiya müharibəsi gedir və bu özünü müxtəlif formalarda göstərir. Məsələ ondadır ki, əvvəllər Ermənistan dezinformasiya siyasətindən məharətlə istifadə edərək uğur əldə edirdisə, artıq Azərbaycanın bu müharibədə önəmli nailiyyətlər əldə etdiyini əminliklə söyləmək olar. Daha əvvəlki kimi erməni yalanları dünya ictimaiyyətini inandırıb öz tərəfinə çəkə bilmir. Nə qədər bunu istəsələr də, buna nail ola bilmirlər. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var.
Nəzərə almaq lazımdır ki, nə qədər çətin olsa belə, Azərbaycan bununla bağlı həqiqətləri dünyaya çatdırır. Sevindirici haldır ki, virtual rəqabət məkanında sadə vətəndaşlarımız da fəal iştirak edərək milli maraqların qorunması işinə öz töhfələrini verirlər. Virtual məkanın yaratdığı imkanlar bu məsələdə insanlara öz köməkliyini göstərir. Milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyi vacib amildir və bu həqiqəti hamı dərk etməlidir. Bu hisslər körpəlikdən insanlara aşılanmalıdır. Bu baxımdan müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşür. Platonun müdrik bir kəlamı var – vətən hüquqları valideyn hüquqlarından daha genişdir.
Vətənpərvərlik, milli və ictimai maraqların qorunması ilə bağlı mövzular – inşa yarışları, debatlar və digər tədbirlər kampaniya xarakteri daşımamalı, davamlı olmalıdır. Unutmamalıyıq ki, insanın xarakteri məhz kiçik yaşlarda formalaşır. Xarakter isə prinsipial olmaq bacarığından ibarətdir. Vətəni sevməyi, bu dövlətin vətəndaşı olmaqla fəxr etməyi, milli və ictimai maraqların mahiyyətini öyrətmək hər bir müəllimin borcudur.
Keçmiş ABŞ prezidenti Vurdi Vilson da vaxtilə ölkə pedaqoqlarının belə bir vəzifə daşıdığını qeyd edərək, vətənin böyüklüyünün onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunduğunu bildirmişdi. Gəlin biz də böyük olmağa və vətənimizi də böyük tutmağa çalışaq. Fəxr edək ki, bizlər bu vətənin övladları, bu dövlətin vətəndaşlarıyıq. Bu baxımdan ictimai və dövlət maraqlarının qorunmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki onlar valideynlərdən sonra şagirdlərə daha çox yaxındırlar. Ona görə də, ixtisasından asılı olmayaraq, hər bir müəllim bu məsələdə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Şagirdlərə sözügedən dəyərləri aşılamalı və onları məhz bu ruhda tərbiyələndirməlidirlər. Belə olduğu halda, ictimai və dövlət maraqlarının qorunmasında gənc nəslin iştirakı, rolu artacaq. Bu da dövlətin daha etibarlı qorunmasında öz sözünü deyəcək.
Ona görə də, ictimai maraqların dövlət siyasəti ilə uzlaşması, cəmiyyətin müxtəlif təbəqələrinin ortaq dəyərlər müstəvisində həmrəyliyinin təmin edilməsi istiqamətində atılacaq addımlarda vətəndaş cəmiyyətinin müstəsna rolu vardır. Bir sözlə dövlətin işi dolayı yolla KİV-lər və vətəndaş cəmiyyəti strukturları sayəsində inkişaf etdirilir. Azərbaycan keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, vətəndaş cəmiyyəti ideyası ilə uzlaşdırılan həyat normasına son illərdə daxil olmağa başlayıbdır. Bu istiqamətdə bir sıra uğurlara da imza atmağa başlayıb. İnanırıq ki, bütün bunlar institutsional system şəkilində daha da formalaşacaqdır.

“Hürriyyət” 

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.