İcra başçısının qardaşına Türkiyədə bir neçə milyon “ATIBLAR”

    6

    Nazim Fərəcov milyonlar xərcləyib restoran və mənzil alıb, amma sənədləri saxta çıxıb…

    Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcova Türkiyədə külli miqdarda pul atıblar.

    Bu haqda tanınmış jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində status və sənədlər paylaşıb. Onun yazısını olduğu kimi dərc edirik:

    “Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputatlardan olan (2010-2015) Nazim Fərəcovu, türklər demiş, əməlli-başlı kazıklayıblar, yəni aldadıblar.

    Sabiq deputatı Türkiyədə elə "yandırıblar" ki, tüstüsü gedib Ərdoğana çatıb.

    Deməli, bu cənabın bir məktubu rastıma çıxıb. Şikayət məktubudur. Türkiyənin cumhurbaşqanına ünvanlayıb. Başına gələnləri nəql eləyib, necə dolandırıldığını xırdalayıb, Ərdoğandan kömək istəyib.

    Məktubdan mlum olur ki, icra başçısının qardaşı, yəni keçmiş deputatımız 2012-ci ildə Türkiyədə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alıb. Orada əlavə xərc çəkib Mert Mungan adlı şəxsin inşaat şirkətinə təmir və yeni dizayn işləri gördürüb. Restoranın qarşısında NORF RESTAURANT & BAR (mənası Nazim oğlu Ruslan Fərəcov) yazılı iri reklam lövhəsi asdırıb. 10-12 nəfər personal işə götürüb. Restoran fəaliyyətə başlayıb. Amma…

    Az sonra qıraqdan restoranın əsl sahibi ortaya çıxıb. Çək-çevirdən, məhkəmə başvurularından sonra sonra o zaman hələ deputat mandatı daşıyan Nazim Fərəcova aydın olur ki, əmlak şirkəti tərəfindən aldadılıb, restoranı və mənzili bunlara saxta sənədlərlə satıb.

    Nazim Fərəcov Ərdoğana məktubunda yazır ki, əmlak şirkətinin sahibi və qardaşı dolandırıcılıq edərək onun mülkünə əl qoymaq üçün qeyri-qanuni yollara da əl atıb. Keçmiş deputat iddia edir ki, həmin şəxslər vəkillərlə və icra məmurları ilə anlaşaraq onun satın aldığı restoran və evi satışa çıxarıblar.

    Nazim Fərəcov Ərdoğanı inandırmağa çalışıb ki, onu aldadanlar Fətullah örgütü (təşkilatı) ilə bağlıdırlar və bu səbəbdən özləri Avropaya qaçıblar. Məktubun sonunda Nazim Fərəcov aldığı əmlakların geri qaytarılmasını Ərdoğandan xahiş edib.

    Qeyd edim ki, məktub 2017-ci ilin dekabrın 7-də yazılıb. Bu günə qədər isə əmlak mübahisəsi davam edir. Nazim Fərəcov deputat olmamışdan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Oğlu Ruslan Fərəcov Türkiyədə bizneslə məşğuldur və Norf ticarət markası ilə sərinləşdirici içkilər istehsalı ilə məşğuldur. Bundan başqa sabiq deputatın oğlunun Kuşadasında "Norf" adı altında "Bistro" kafesi, sushi və balıq restoranı var”.

    Hazırladı: KƏNAN, Hurriyyet.org

    Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.