İcra başçısının həyasızlığının 2 min AZN-dən 4 minə qalxması

138

3 gün öncə korrupsioner icra başçılarından daha biri tutuldu. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, habelə onun birinci müavini Tacəddin Novruzov, İH-nin şöbə müdiri Natiq Kərimov və digərləri rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərində təqsirli bilinərək, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb ediliblər.

Əməliyyat çəkilişinə baxanda rüşvət həyasızlığının sərhəd, hədd-hüdud tanımadığı adamı dəhşətə gətirir.

Kamera qarşısında danışan icra başçısının müavini Tacəddin Novruzov deyir ki, başçının tapşırığı əsasında rayonun təhsil, səhiyyə, mədəniyyət və s. qurumlarından, habelə sahibkarlıq subyektlərindən aylıq yığıblar.

Bu heç, əksər icra başçılarının həyata keçirdiyi, ənənəvi, köhnə metoddur. Ancaq bir incə məqam var Tacəddin Novruzovun ifadəsində. Deyir ki, 2018-2019-cu illərdə səhiyyə şöbəsindən ayda 2000-2500 manat aylıq alıb icra başçısına çatdırırmış, son aylarda isə Ceyhun Cəfərovun tapşırığı ilə bu məbləğ 4000 manata qaldırılıb! (Bax: https://www.youtube.com/watch?v=mDMBDKOEkXw&feature=emb_title)

Burada maraqlı, heyrətamiz olan nədir? Bəllidir ki, son aylarda dövlət rəhbərliyinin tapşırığı əsasında DTX, Baş Prokurorluq rüşvətxorluq cinayətləri törətdiyinə görə Ceyhun Cəfərova qədər 5 icra başçısını həbs etmişdi.

Prezident İlham Əliyev bütün çıxışlarında məmurlara, xüsusi ilə icra başçılarına xəbərdarlıq edir ki, əhalini incitməyin, əyri əməllərdən əl çəkin, yoxsa sonunuz pis olacaq.
İndi təsəvvür edin, Ceyhun Cəfərov həmkarlarının həbsindən, dövlət başçısının qəti xəbərdarlıqlarından sonra necə “nəticə” çıxarıb: Adam faktiki olaraq dövlətə meydan oxuyaraq, rüşvəti 2 dəfə artıraraq, 2 min manatdan 4 min manata çatdırıb.

Screenshot_20200821-143016_YouTube.jpg (195 KB)

Bu həyasızlığın, anormallığın, özbaşınalığın, harınlığın, saymazlığın son həddidir! Bilmirəm, bəlkə bundan daha artığı da var, amma məhz bu cür davranışına görə ona qanunvericilikdəki uyğun cəzaların ən ağır növü tətbiq edilməlidir, bütün əmlakı müsadirə olunmalıdır.
Sabiq icra başçısı bu əməli ilə həm də cəmiyyət arasında belə rəy yaratmağa çalışırmış ki, əşşi, nə olsun 5 icra başçısını tutublar, heç nə dəyişən deyil, gətirin pulunuzu verin, məni “piyləndirin”, yoxsa işiniz getməz…

Bu cür fon yaratmaq bir məmurun dövlətə, xalqa ən böyük zərbəsidir, ümidlərini öldürməkdir, Prezidentin islahatlarına qarşı sabotajıdır.

Adam nə qədər acgöz, bivec olar, ölkəsini, dövlətini, təmsil olunduğu komandanı saymaz ki, rüşvətxorluğa qarşı məhz icra strukturlarında ən sərt formada mübarizə aparıldığı, həbslər həyata keçirildiyi bir vaxtda dövləti, onun siyasətini bu şəkildə gözdən salmağa çalışsın…

Kürdəmir Azərbaycanın qayğıya, inkişafa ən çox ehtiyacı olan rayonlarından biridir. Yayı isti, qışı sərt keçir, xeyli torpaq sahəsi şorandır, əkinə yararlı deyil, əhalinin böyük bir qismi kasıbdır.

Artıq altı aydır davam edən koronavirus pandemiyası, karantin səbəbindən vətəndaşlar daha çox çətinliklərlə üzləşiblər. Belə bir vaxtda hər kəs əhaliyə, səhiyyə, təhsil, iş sektoruna bacardığı yardımı edir. İcra başçısı isə bu müddətdə xəracı artırır.

Hələlik üzə çıxan fakt odur ki, yaxın illərdə Ceyhun Cəfərov Kürdəmirdə səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, kommunal müəssisələrdən 58 min, təhsil müəssisələrindən 120 min, “Azbiyan” MMC-dən 71 min AZN və s. alıb. Başqa sözlə həkimlərin, müəllimlərin, kommunal sahədə çalışanların – süpürgəçilərin belə haqqıını yeyib!

Daha bir maraqlı detal odur ki, Cəfərov rüşvətxorluğu, korrupsiyanı gizli şəkildə həyata keçirməyib. Otağından aşkarlanan sənədlər bunun təsdiqidir. Rüşvəti “rəsmiləşdirirlərmiş”. Necə? Kompüterdə xüsusi blanklar tərtib edib, printerdən çıxarıb, aylıqları, xəracı cədvəl üzrə yığır, qollayır, aylar üzrə “+”, “- “qoyub, qovluqda arxivləşdiriblər.

Screenshot_20200821-143109_YouTube.jpg (328 KB)

Birdən kimsə yaddan çıxar, ondan almazlar…
Belə səliqəli rüşvətxor, məşhur bir deputatın sözü olmasın, heç Fransada yoxdur…

Bəs son nədir?

118309841_6215292133471_3591200876022720155_n.jpg (15 KB)

Həbsxana… Yerin yayda çox isti, qışda çox soyuq olsun, Ceyhun “məllim”, Kürdəxanıda Kürdəmiri xatırlayasan azı 10-15 il…

Elşad MƏMMƏDLİ

“Yeni Müsavat”