“İCRA BAŞÇISI BİR DƏFƏ DƏ OLSUN AĞIR YARALI QAZİ İLƏ MARAQLANMAYIB” – Fəhlə işləyən qazi atasının müraciəti + FOTOLAR

297

Vətən müharibəsi iştirakçıları, qazi və şəhid ailələrinə qarşı yerli icra orqanlarının münasibəti heç də hər yerdə ürəkaçan səviyyədə deyil. Təəssüf ki, müharibənin başa çatmasından daha çox vaxt keçdikcə bu məsələ ilə bağlı şikayətlərin sayı da artmağa başlayır.

Göyçay rayonu Müskürlü kənd sakini Məmmədov Ramazan Əvəz oğlu da övladı, Vətən müharibəsində ağır yaralanmış 1997-ci il təvəllüdlü Rüstəm Məmmədova qarşı biganə münasibətlə bağlı ölkə başçısı və Birinci Vitse-prezidentə məktubla müraciət edib.

Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən məktubda deyilir ki, qazi Rüstəm Məmmədov ağır yaralı olsa da, onun evdə müalicəsi və dava-dərmanla təminatı üçün heç bir yardım göstərilmir: “Oğlum Rüstəm Vətən Müharibəsində şücaət, qəhrəmanlıq göstərib.02 noyabr 2020-ci il tarixdə Suqovuşanda gedən döyüşlərdə ağır yaralanıb.Ayağı bir neçə yerdən sınıb, başından və bədəninin müxtəlif yerlərindən qəlpə yaraları alıb.Yevlax rayon Xəstəxanasında müalicə olunub, sonra hərbi hissə komandiri tərəfindən məzuniyyətə buraxılıb. Hazırda ayağı gipsdə və dəmir konstruksiyadadır.Sol nahiyəsində görmə və eşitmə qabiliyyəti yoxdur.”

Fəhlə işlədiyini bildirən qazi atası övladını vaxtlı-vaxtında xəstəxanaya aparmağa belə maddi imkanının olmadığını yazır: “Özüm Azərbaycan Dəmir Yolları QSC-nin Ucar ərazisində dəmir yolunda fəhlə işləyirəm. Övladlarımın böyüyü Rüstəmdir, digər 3 övladım azyaşlıdırlar. Acınacaqlı, yoxsul vəziyyətdə yaşayırıq, heç bir yerdən maddi köməyimiz yoxdur.Yaşadığımız Müskürlü kəndindən Göyçay rayon Xəstəxanasına 20 km məsafə var.Hər gün oğlumu rayona aparıb gətirməyə belə maddi imkanım yoxdur.Evimiz qəzalı vəziyyətdədir və hər an uça bilər.”

R.Məmmədov yazır ki, Göyçayın icra başçısı qazimizdən və onun ailəsinin durumundan xəbəri olsa da, onlara heç bir diqqət ayırmır: “Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə bir dəfədə olsun Vətən Müharibəsi qazisi olan ağır yaralı oğlumla maraqlanmayıb. Hansı ki, oğlum Rüstəmin qazi olmasından onun xəbəri var.”

Sonda yalnız ölkə başçısına ümid etdiyini bildirən qazi atası, Prezidentdən oğlunun şəfa tapmasında yardımçı olmasını xahiş edir: “Biz ancaq İlham Əliyevə inanırıq, ona güvənirik.Ağır yaralı qazi oğlum Rüstəmin müalicəsi üçün maddi imkanımız yoxdur.Həmçinin, Rüstəm hərbi xidmətdə ağır yaralanaraq əmək qabiliyyətini 90 % itirdiyi üçün ona əlillik dərəcəsi təyin edilməldir.Buna görə Sizdən xahiş edirəm ki, Vətən müharibəsi qazisi Məmmədov Rüstəm Ramazan oğlunun müalicəsinə və əlillik dərəcəsi almasına köməklik göstərəsiniz.”

Cəlal

“AzPolitika.info”