“İcra başçıları bizneslə məşğul olmamalıdır” – QUBAD İBADOĞLU 

78

“İcra başçıları xalqa yaxınlığı ilə seçilməsi ilə yanaşı, dövlətçiliyə bağlılığı da vacibdir”

“1992-93-cü illər hakimiyyətinin süqutunda icra hakimiyyəti başçılarının misilsiz xidməti olub. Bir çox rayonlarda məhz onların səriştəsiz və yarıtmaz  fəaliyyəti nəticəsində xalqın Elçibəy hakimiyyətinə etimadı azaldı və milli demokratik qüvvələrin xalq arasında dayağı sürətlə sarsıldı”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Elçibəy hakimiyyətinin icra başçılarının əksəriyyəti  işlərində dürüst olsalar da, peşəkar olmayıblar”

Q. İbadoğlu qeyd edib ki, bununla o dövrün bütün başçılarının fəaliyyətinə kölgə salmaq istəməzdi: “Ən azından həmin dövrün ən yaxşı icra başçılarından ikisi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunur.  Belə ki,  ADR Hərəkatı sədrinin müavini Ədalət Yusublu Salyan rayonunun, ADR Hərəkatı Məşvərət Məclisinin üzvü məhrum  Rafiq Həsən (allah rəhmət eləsin) isə Yevlax rayon icra hakimiyyətinin başçısı işləmişdi. Onlar fədəkarlığı və dürüstlüyü ilə indiyədək rəhbərlik etdikləri rayon camaatının  yaddaşında yaxşı izlər buraxıblar və həmişə başqalarına nümunə olaraq xatırlanırlar. Elçibəy hakimiyyətinin rayon icra başçıları arasında örnək olanların siyahısı Ədalət bəy və Rafiq bəylə bitmir. Lakin onların əksəriyyəti  işlərində dürüst olsalar da, peşəkar olmayıblar”.

“İcra başçısı Seymur Orucov bəzən haqlı, bəzən də haqsız qınağa rast gəlir” 

Q. İbadoğlunun sözlərinə görə, son zamanlar icra başçısı vəzifəsinə təyinat alanlar arasında  qınaq obyektinə tuş gələnlər İsmayıllı, Neftçala və Ağstafa rayonlarının hazırkı başçılarıdır: “Onlar arasında sonuncu rayona təyinat alan icra başçısı Seymur Orucov ictimaiyyət arasında daha çox müzakirə olunur, bəzən haqlı, bəzən də haqsız qınağa rast gəlir.  Seymur Orucovun ingilis dilində çıxışı onun biliklərinin səviyyəsini xarakterizə etmək üçün göstərici olsa da, mən onun ingilis dilinin qolunu və qıçını sindırdığına görə  qınanmasını düzgün hesab etmirəm. Çünki ona qınamaq üçün buna qədər yetərli arqumentlər mövcuddur”.

Q. İbadoğlu nəzərə çatdırıb ki, Nigeriyada hər kəs ingilis dilində danışır: “Amma bu, o demək deyil ki, onlardan yaxşı icra başçısı çıxa bilər. Digər tərəfdən də Azərbaycan rayonları müstəqil  iqtisadi agent deyil, onların  malyyə muxtariyyatı yoxdur ki, vergi və gömrük tənzimlənməsinə təsir etməklə, daha əlverişli biznes mühiti yaradıb  xaricdən birbaşa sərmayə cəlb etsinlər”.

“Hazırkı təyinatlarda qohumbazlıq, regionçuluq, rəhbərə sədaqət, müxalifətə nifrət öndə olan meyarlardır”

Q. İbadoğlu hesab edir ki, icra başçısı vəzifəsində çalışmaq üçün daha vacib keyfiyyətlər peşəkarlıq, dürüstlük, vətənpərvərlik,  dövlətçilik, ünsiyyət bacarığı  və işgüzarlıq olmalıdır: “Peşəkarlıq  dedikdə icra başçısının regional iqtisadiyyat və yerli idarəetmə sahəsində bliklərinin və təcrübəsinin mövcudluğunu nəzərdə tuturam. Dürüstlük icra başçısının gəlirlərini və əmlakını bəyan etməsindən başlamalıdır. İcra başçıları bizneslə məşğul olmamalı,  korrupsiya və rüşvətə  qarşı mübarizə aparmalıdırlar. Onların açıq və səmimi olması, xalqa yaxınlığı ilə seçilməsi ilə yanaşı, dövlətçiliyə bağlılığı da vacibdir. Xüsusilə də sərhəd rayonlarına rəhbərlik edənlər üçün milli təhlükəsizlik məsələlərini bilməsi, daim rayonun, dövlətin mənafeyini qoruması vacibdir. Nəhayət, ünsiyyət bacarığı və işgüzarlıq, daim çalışmaq, gününü istirahət  yerlərində deyil, iş yerlərində keçirmək lazımdır. Azərbaycanda bu meyara uyğun gələn çoxsaylı gənc olsa da, onların icra başçısı vəzifəsinə təyinat almaq şansı sıfira bərabərdir, hətta belələri icra başçısı təyin olunsa da, hazırkı şərtlərlə işləyə bilməzlər. Çünki hazırkı təyinatlarda qohumbazlıq, regionçuluq, rəhbərə sədaqət, müxalifətə nifrət öndə olan meyarlardır. Əslində ən düzgün yol budur:  icra hakimiyyətləri ləğv olunur, onların  yerini xalqın azad və ədalətli seçkidə mandat verdiyi bələdiyyələr tutur. Ona qədər də müxalifətdən də icra başçıları təyin etmək olar”.

Şamo EMİN, Hurriyyet.org