İclası necə keçiririk…

36

 – Cənab iclas iştirakçıları, qadınlar və kişilər. Bu günkü konfrans mühüm mə­­sələyə – gənc kadrların irəli çəkilməsinə həsr olunmuşdur. İclasın gündəliyində üç məsələ durmuşdur. Giriş sözü mənimdir, birinci məsələ də mənimdir. İclası qa­pa­­maq da mənimdir. Və direktor 25 dəqiqə məsələdən danışır və daha 40 dəqiqə özü­nün fikirlərini əlavə edir. Üst-üstə 65 dəqiqə!

İclas idarəetmə elmində ən mühüm həlqədir, düyündür ki, gedişdə işti­rak­çı­lar potensial imkanlarını ortaya çıxarır: hər bir çıxışçı məqsədyönlü şəkildə özünün so­sial, psixoloji və mənəvi potensialını nəzərə alır, fikrini rəsmiləşdirir. İclasın for­ma­sı və məzmunu bir-birini tamamlayır, intellektuallıq və emosionallıq təmin olu­nur, nəticədə obyektiv qərar çıxarılır.

Tarixi müşahidələr göstərir ki, ən əvvəl, iclasın formaları müəyyənləşdirilir, tə­bii ki, konkret məkan və zaman (vaxt) nəzərə alınır. Ən çox iclas formaları aşa­ğı­da­kı kimi təsnif olunmuşdur: 1) Qurultay, 2) Konfrans, 3) Məclis, 4) Forum, 5) Şu­ra, 6) Məşvərət, 7) Dəyirmi masa və s.

Praktikada idarə (müəssisə) rəhbərləri iclasın (ümumi kontekstdə) fəlsəfəsini (mən­tiqini) başa düşmür, qoyulan məsələnin (problemin) necə və hansı yolla mü­za­kirəsinin fərqinə varmır, vaxtı nəzərə almır, iştirakçıların mənəvi – psixoloji du­ru­muna əhəmiyyət vermirlər. Sadəcə, belə rəhbərləri (birinci şəxsləri şəxsi karye­ra­sı, maraqları, özünüifadəsi, nəhayət, rəsmi tərəfi necə deyərlər, qarşısına “quş” yaz­­­ması) düşündürür! Son on ildə belə vəziyyət adiləşmişdir. İclasın gündəliyinə bə­­sit, müzakirəyə çıxarmağa ehtiyacsız məsələlər salınır, birinci şəxs əməkdaşların (de­­yək ki, müəllimlərin, pedaqoqların, müvafiq qrum rəhbərlərinin, müdirlərin, tex­­niki heyətin ovqatını, işinə adaptasiyasını, tapşırığın hazırlanmasına başlanma­sı­nın və s.) işini, vaxtını öz marağına tabe edir. Məsələn: tədris müəssisəsidir, dərs­lə­rə başlanmışdır, qəfil elan olunur ki, iclasdır: bəzən heç məsələ də elan edilmir. Unut­­mayaq ki, xüsusilə, elmi və tədris müəssisələrində əməkdaşlar fəaliyyətə baş­lar-başlamaz zala toplaşır, rəhbər adamın yeknəsək, məlum məsələni dinləmək məc­­bu­riyyətində qalır. Və “gündəlik” kadrlar ənənəsini pozmur, tərif, pafos dolu çı­xı­şı ilə dinləyiciləri yorur!

Yaradıcı – tədris (bu da yaradıcılıq bir atributudur, psixoloji əhvala köklənir və s.) müəssisəsində bir şəxsin cari layihəsi fota gedir; gəl özünü yaradıcılığa sah­man­la.

İclas formasını, adətən, fərqləndirməyənlər var və təcrübəsiz mütəxəssis ki­mi vəzifəyə gəlir, idarəetmədən xəbərsiz iclas xəstəsinə çevirlir. Bunu nəzərə alı­rıq: təfsilata ehtiyac yox deyil. Məclis də bir formadır və iclasın sonunda qərar qə­bul olunur. Bu, işgüzar, yəni qurultay, konfrans, elmi şura adlanır. Qərar qəbul edil­­məz­sə, ritual, yəni xeyir – şər məclisləri, “dəyirmi masa” kimi səciyyələndirilir.

Məzmununa görə, belə məclislər 2 (iki) yerə bölünür: 1) Qlobal, (qurultay, fo­rum, milli məclis: 2) Lokal (komissiya, kafedra iclası). Beləliklə, müntəzəm ça­ğ­rı­lan, çox geniş yayılmış işgüzar məclislərə “iclas” deyilir. İclas müxtəlif məzmun­lu əks mövqeləri, problemləri, məsələləri üzə çıxarmaq üçün ən münasib, əlverişli im­­­kana malikdir. Və obyektiv, gözlənilən qərarın çıxarılmasında səmərəli sosial alət­­dir! Məsələn: Müxtəlif elm sahələrinin aparıcı mütəxəssislərinin: ədəbiyyatçı, fi­­zik, kimyaçı, tarixçi və sair alimlərin ali məclisləri, adətən, konfrans adlanır və əhə­­miyyət daşıyır. Elm və təhsil müəssisələrinin cari (gündəlik) məsələləri Elmi şu­ra, yaxud, kafedra iclasında həllini tapır. Bu cür səpgili iclaslar formaca müx­tə­lif­­dir, lakin məqsəd yayındırılmamalıdır və düzgün qərar qəbul edilməlidir.

Maarifləndirici və bəyanedici iclaslar olur ki, mənəvi – tarixi səciyyə daşıyır. Və sosial şüura təsir göstərir. Deyək ki: “Dəyirmi masa”, “Yubiley” bu cür məc­lis­lə­rə aid edilir.

Maraqlı nüans da mövcuddur ki, belə iclasların – idarə edəni – obyekti zal­dır, toplantının tərkibidir, daha rəyasət heyəti (prezidum) olmamalıdır. Təəssüf ki, av­­to­ritar xasiyyətli idarə edən – subyekt iclası öz şəxsi psixologiyasına tabe edir və zal­dakıların səsini boğur, səsin köntöylüyünə, yumruğun düyünməsinə üstünlük ve­­rir. Bu gün belə tərz – metod vərdişə çevrilmişdir. Nəticədə iclas ritual səviy­yə­yə endirilir. Rituallıqda enerji generasiya edilmir, əksinə udulur, divarlara yayılır. Zal (kütlə) idarə olunan tərəf – obyekt kimi çıxış edir, passiv rol oynayır – buna məc­­bur olurlar! Və subyektə çevrilir. Elmi şura, Elmi toplantı öz məzmunu, ma­hiy­­yəti baxımından işgüzar xarakter daşımalıdır. Məsələn: qurultay, konfrans sə­viy­­yəsində.

Ürəkbulandırıcı olsa da son illərdə Elmi şuralar, müdafiə şuraları, elmi mü­za­­kirələr intellektual, öyrədici, polemik məcradan çıxmışdır. Ritual məclislərə bən­zə­­yir. Hətta gündəliyə problem – məsələlər, elmi proqnozlar daxil edilmir. Pole­mi­ka, optimal müzakirə obyektindən kənarda dayanır. Nəsə təsdiqini tapır, gündəliyə çı­­xır, yeni fikir deməyə əsas vermir. Halbuki, institutun (ali təhsil müəssisəsinin) kadr po­tensialı daha elmlə məşğul olmayanlar, vəzifə daşıyanlar, ağzı qıfıllı bəzi əmək­­daş­lardır…

“Prezidum və zal” modelinə üstünlük verilməlidir. Fəlsəfi fərqini prosesin – ic­lasın gedişinin aparıcı tərəfi prezidum yox, seçilmişlər olmalıdır. Bunun üçün ic­lasda prezidumun zala təntənə ilə daxil olmasına ehtiyac qalmamalıdır. Prezidum sa­dəcə, səmərəli qərarla sona yetməsində israrlı olmalıdır.

Bir haşiyə çıxaq ki, “İclas” anlamının tarixinə qayıdanda Şərqi unutmağa dəy­­məz və Qərbə tərəf yüyürməkdə təmkin göstərmək lazımdır. Böyük futuhat Əmir Tey­mura Zeynəddin Əbubəkr məktubunda yazırdı: “Səltənəti idarə edərkən işi­­ni­zi məş­vərətlə, məsləhətlə, tədbirlə yeridin ki, qat – qarışığa qatlaşmayasız, peş­man ol­mayasız”.

Əmir Teymur müəlliminin məsləhətinə önəm verirdi, səhvlərini görürdü. Mü­­qayisə aparanda çağdaş idarə edənlərlə paradokslar görünür: Birinci şəxs iclasa çı­xaracağı elmi, sosial, əxlaqi məsələnin fəlsəfəsini, tərbiyəvi mahiyyətini bil­mə­dən öyrənmək, məsləhət almaq belə istəmədən reallaşdırır. Şəxsi nüfuzuna və bu imicin kəsərli olacağına arxayınlaşır, qalib gəlir.

Əmir Teymuru xatırlayaq: O, Ali Məsləhət Şurasına çıxarılan adamlar haq­qın­da yazmışdır: “Mən təcrübəmdən onu da keçirmişəm ki, ali məclis adamları uza­­ğı düşünən, dolğun ağıllı, dərin fikirli, həssas olmalıdır”. Məntiq bu gün bizə onu diqtə edir ki, elmi – tədris müəssisəsində elmi səriştəsi və nüfuzu, intellekti və proq­­nozlaşdırmağı bacaran, təhsilin fəlsəfəsindən baş çıxaran şəxslər toplanmalı, El­mi şurada təmsil olunmalıdır. Qurum rəhbərləri bilavasitə yox, bilvasitə təmsil edil­­məlidirlər.

Mən çağdaş Azərbaycan Respublikası idarəçiliyinə qayıdıram. Və Ulu öndər Hey­dər Əliyevin əsasını qoyduğu modeli nəzərə çatdırmaq istərdim.

Heydər Əliyev Şərq dəyərlərinə xüsusi söykənərək, iclasın aparılmasının fəl­sə­fi – əxlaqi mahiyyətini ortaya qoydu. H.Ə.Əliyev YAP-ın Naxçıvan təsis konf­ran­sında (1992) Sovet iclasaparma modelindən imtina etdi və zala müraciətlə dedi: “Biz iclasımızı necə aparaq. Sovetlərdə olduğu kimi prezidum seçək, yoxsa müasir yol­la keçək?” – sualına cavabda zaldan eşidildi ki, ənənəvi hala, preziduma ehti­yac yoxdur. Beləliklə, Ulu öndərin modeli ilə iclas demokratik və rasional ovqatla öz işini gördü. Bu, zala təzyiq etmədi…

Qəribədir ki, bəzi rəhbər şəxslər Prezidumu sanki ələ keçirib, “giriş sö­zün”də iclasda  müzakirə olunan, fikir söyləməyə ehtiyac duyulan məsələlər haq­qın­­da “cari” hazırlaşıb (bir neçə saatdan sonra yadından çıxacaqdır) 20-30 dəqiqə nitq söyləyir: baxmayaraq ixtisasına dəxli ol­ma­yan məsələdir, yaxud problemdir. Daha nəzərə almır ki, konfransın gündə­li­yin­də məhz bu məsələ (problem) haqqın­da mütəxəssis məruzəsi vardır. Axı, eyni mən­bələr və faktlardan çıxış edən rektor (direktor), yaxud rəis, ümumiyyətlə, birin­ci şəxs əslində olanı danışdı, bəs sonra? Fik­rimizcə, bu vəziyyət zaldakılara hör­mət­sizlik deyilmi? Bu, özünütəbliğin bir for­­­ması deyilmi? Eləcə də məruzəçi şəxsə. Belə halda o, vəziyyətdən çıxmaq üçün din­ləyicilərə üzünü tutub deyir: “Bağışlayın, Sizə de­yə­cəyim faktları direktor (rek­tor) söylədi, ona görə də vaxtınızı çox almaya­ca­ğam…”

Nəticədə geniş fikir mübadiləsi olmadan – söhbət elmi – praktik konf­rans­dan gedir – vaxt “oğurlanır” və fasiləyə qədər məsələyə xitam verilir. Beləliklə, ic­las geniş mənada ritual səviyyəyə endirilir.

İclasın elmi və praktik çəkisini yüksəltmək üçün qəbul edilmiş qərarların se­çil­miş (toplanmış) şəxslərin fikirlərini məhdudlaşdırmaq (öyrənmək) yolveril­məz­dir. Hətta yenidən (təkrarən) danışmaq istəyənə söz verilir. Unutmayaq ki, zal­da öz sözü, düşüncə tərzi, müstəqil münasibəti olanlar da nəzərə alınmalıdır.

– Cənab konfrans iştirakçıları, qadınlar və kişilər. Çıxışlara yekun vururuq. Onu əlavə edərdim ki, daha 15 dəqiqə direktorun payına düşdü. Hansısa bir filmin qəh­rəmanını xatırladım…

Allahverdi Eminov

SEKS ALLAHIN ƏMRİDİR” - Allahverdi Eminov » Manevr.az