“İçəridən çıxım, 20 mini ödəyəcəyəm” – Polis polkovniki məhkəmədə söz verib

    42

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hurriyyet.org xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq əldə edilmədiyi elan olunub.

    Zərərçəkmişin vəkili qeyd edib ki, dəymiş zərər ödənilməyib: “Müdafiə etdiyim şəxs söylədi ki, Fərhad Məmmədxanov 20 min versə, onu bağışlayacaq. Amma bu məbləğ də ödənmədi”.

    Təqsirləndirilən polkovnik F.Məmmədxanov isə həbsxanada olduğu müddətdə həmin pulu ödəməsinin mümkün olmadığını vurğulayıb: “Hazırda həbsdəyəm. Həmin məbləğlə də razıyam. Amma içəridən çıxım, şərait yaradım, sonra pulu ödəyim. Heç yerə də qaçası deyiləm. Mənim ailəm var, uşağım xəstədir, ölür. Qanı qanla yumazlar. Söz verirəm ki, 20 mini ödəyəcəyəm”.

    Məhkəmənin növbəti iclası mayın 7-nə təyin edilib.

    Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

    İttihama görə, o, Eldar Hənifəyevi işə düzəltmək adı ilə 185 min manat pulu mənimsəməkdə ittiham olunur. O, həmin məbləğin 35 min manatını zərərçəkmişə qaytarıb.

    F.Məmmədxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham edilir.

    O, həbs edilməmişdən əvvəl DİN orqanlarından çıxarılıb./report/