İcbari tibbi sığortanın tətbiqi yenə ertələnir

99

İqtisadçı deyir ki, kağız üzərində normal görünsə də, real həyatda tətbiqində çətinliklər olacaq

Xəbər verdiyimiz kimi, icbari sığortanın bütün ölkə ərazisində tətbiqi növbəti dəfə ertələnib. Belə ki, Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 17 mart tarixli 98 nömrəli Qərarında dəyişiklik edib. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, qərarın adında və 1-ci hissəsində “2020-ci ildə” sözləri “2020-ci və 2021-ci illərdə” sözləri ilə əvəz edilib. Bununla da qərar 2021-ci ili də əhatə edəcək.

Yeni qərarla sığorta haqqının ödənilməsi qaydasına da dəyişiklik edilib. Sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq aşağıdakı kimi müəyyən edilir:

– 2020-ci il üzrə – icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat;

– 2021-ci il üzrə – icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.

Bundan əvvəlki qərara əsasən, sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq, icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edirdi.

Ekspertlər isə icbari tibbi sığortanın tətbininin gecikməsindən narahatdırlar və sığorta mexanizminin mükəmməl olmadığını, bir çox çatışmazlıqların və boşluqların olduğunu bildiriblər.

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı  dəqiq vaxtı açıqladı

Tibb elmləri doktoru Adil Qeybulla məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, icbari tibbi sığortanın təxirə salınmasında pandemiya bir bəhanə oldu: “2020-ci ildə ölkə üzrə icbari tibbi sığortanı tətbiq etmək fikri var idi. Çünki pilot rayonlarda tətbiqinə başlanılmışdı. Ancaq pilot rayonlarda da icbari tibbi sığortanın tətbiqində problemlər var idi. Yanlışlıqlar bundan ibarət idi ki, həkimlərin ilkin fiksə olunmuş maaşları olmadan icbari tibbi sığortadan söhbət gedə bilməz. Bu isə o deməkdir ki, xəstələrin müalicəsinə ciddi fərq qoyulmamalıdır. Əgər dövlət möhür vurub həkimə diplom veribsə, burada yaxşı həkim, pis həkim söhbəti ola  bilməz. Bu bir çox həkimlərin sıradan çıxmasına səbəb ola bilər. Ona görə də bu o qədər vacib məsələdir ki, mütləq ilk növbədə fiksə olunmuş maaş sistemi olmalıdır. Bundan sonra icbari tibbi sığorta sisteminə daxil olan həkim kontingenti müəyyən olunmalıdır. İcbari tibbi sığortanı əsasən dövlət xəstəxanalarında  həyata keçirmək mümkündür. İlk növbədə kontingent və onların maaşları standart səviyyədə təmin olunmalıdır. Ancaq indi sistemi belə qurublar ki, kim nə qədər çox xəstəyə baxsa, o qədər çox maaş  alacaq. Tam anormal yanaşmadır və neqativ halların ortaya çıxması ilə nəticələnə bilər. Əvvəlcədən uğursuzluğa məhkum olan bir məsələdir”.

İqtisadçı-ekspert Natiq Cəfərli neftin kəskin ucuzlaşmasından danışdı -  Video

İqtisadçı ekspert Natiq Cəfərli də  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, icbari tibbi sığorta ilə bağlı əsas məqamlardan biri iqtisadiyyatla bağlıdır: “İcbari tibbi sığorta məsələsi uzandıqca uzanır, 20 ildir bununla bağlı müəyyən qaydaların qəbul olunacağı elan olunur, sonradan təxirə salınır. Ötən il bölgə pilot elan edildi, Mingəçevir və Yevlaxda icbari sığortanın bir nəticəsi olmadı, xeyli problemlər ortaya çıxdı. Çox çətin bir sistem olmasa da, tətbiqində çətinliklər yaşanır. Çünki tibbi sığortanın tətbiqi ilə bağlı təkcə tibbi məsələlərin həlli, ödənişlərlə yanaşı digər nüanslar da var. Tibbi sığortanın effektiv həyata keçirilməsi  üçün əmək bazarının leqallaşması, əmək müqavilələlərinin bağlanması, qeyri-rəsmi məşğulluğun minimuma endirilməsi önəmli şərtlərdən biridir. Əmək münasibətləri leqallaşmasa, vətəndaşların icbari tibbi sığortaya ödəniş etmə imkanları o qədər də geniş yayılmayacaq. Gələn il də bununla bağlı ertələmələr ola bilər. Hökumət gələn il də elan edə bilər ki, pandemiya və ya dünyadakı iqtisadi məsələlərlə əlaqədar tibbi sığortanın tətbiqi ertələnir. Artıq 3 dəfə belə hal yaşanıb”.

İqtisadçının fikrincə, ümumilikdə çətin bir mexanizm olmasa da, yan təsirləri hesablanmalıdır: “Burada həkimlərin və vətəndaşların maraqları uzlaşmadan, özəl xəstəxanalarla dövlət xəstəxanaları arasında münasibətlərin hansı formada olacağı, seçim imkanlarının hansı formada olacağı, ödənişlərlə bağlı məsələ – hamısı bir mexanizm halına salınmalıdır. Leqal iş yerləri olarsa, ödənişlər daha effektiv olur. Ölkədə 5, 7 milyon əmək qabiliyyətli əhali var. Muzdla çalışanların sayı 1, 6 milyondur. VÖEN-lə çalışanları sayı 700 minə yaxındır. 1,7 milyon nəfər aqrar sektorda çalışan kimi qeydiyyatdan keçib. Onların ödənişlərinin hansı formada həyata keçiriləcəyi də ayrı bir məsələdir. Kağız üzərində normal görünsə də, real həyatda tətbiqində çətinliklər olacaq. Bu mənada ertələnmələrin olacağı gözlənilir”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”