Hüsnü Mübarək 92 yaşında vəfat etdi

15

Hurriyyet.org xəbər verir ki, Misirin keçmiş prezidenti Hüsnü Mübarək 92 yaşında vəfat edib.

Məlumatı Misir mətbuatı yayıb.

Misirin dördüncü prezidenti olmuş Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçi olub. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub.

1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək o vaxtkı prezident Ənvər Sədat 1981-ci il oktyabrın 6-da hərbi paradda öldürüldükdən sonra, ölkə konstitusiyasına müvafiq olaraq, prezident təyin edilib. Ənvər Sədata sui-qəsd zamanı Hüsnü Mübarək özü də əlindən yaralanıb. Mübarək oktyabrın 14-də Misir prezidenti vəzifəsinə keçdikdən dərhal sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb.

2005-ci ildə Misir Konstitusiyasına dəyişiklik edilib, bu dəyişikliklərə əsasən, partiyalar prezident postuna öz namizədlərini irəli sürmək hüququ qazanıblar. Yeni sistemlə ilk seçki 2005-ci ildə keçirilib və Hüsnü Mübarək yenə qələbə qazanıb.

Keçmiş Misir prezidentinə qarşı isə düz 6 dəfə sui-qəsd cəhdi olub. Prezident olduğu illər ərzində Mübarək Yaxın Şərqdə ən görkəmli dövlət başçılarından birinə çevrilib. Onun hakimiyyəti altında Misirin bütün ərəb ölkələri ilə diplomatik münasibətləri yaxşılaşıb. Misir 1979-cu ildə İsrail ilə sülh razılaşmasına görə, ərəb dövlətləri Liqasından üzvlük haqqı əlindən alınan yeganə dövlət olub. 1989-cu ildə Misirin liqaya üzvlüyünün bərpa edilməsinə nail olub. Ölkə iqtisadiyyatında Mübarək Misirin xarici borcunu 2 dəfə azaltmağa və turizmin inkişafına müvəffəq olub.

2011-ci il yanvar ayının 24-də Misirdə Hüsnü Mübarəkin əleyhdarlarının genişmiqyaslı etiraz aksiyaları başlayıb. Əleyhdarlar ölkədə korrupsiyanın yüksək səviyyədə olduğunu və sərvətlərin kiçik bir zümrənin əlində toplandığını bəyan edirlər. Məhz bu, Hüsnü Mübarəkə qarşı kütləvi çıxışların əsas səbəbi kimi göstərilirdi.

H.Mübarək 1978-ci ildə yarı ingilis olan Süzanna Sabetlə ailə həyatı qurub. Bu evlilikdən onun iki oğlu dünyaya gəlib – Əla və Camal.

Hüsnü Mübarəkin həyat yoldaşı Süzan, oğlu Camal və gəlini Xədicə Qahirədə etiraz aksiyaları başlayandan dərhal sonra Londona gediblər. Ölkəni 100 çamadanla tərk edən Süzan Mübarək İngiltərə vətəndaşı olduğundan, bu ölkəni seçdiyi bildirilir.

Mübarək Misirdə 2011-ci ildə baş vermiş üsyan nəticəsində devriəndən sonra uzun müddət hərbi xəstəxanada qalıb.

Hurriyyet.org