“Hürriyyət” org saytının baş redaktoru hörmətli Vüqar Məmmədova!

273

Azərbaycanın görkəmli hüquqçularından biri, şəxsiyyətinə və ədalətinə ehtiram bəslədiyim İsa Nəcəfovun “Acı həqiqətlər” tarixi memuar əsərinin növbəti hissəsini oxudum. Vüqar müəllim, yaxın keçmişimizdə ölkənin hüquq orqanlarında baş verən tük ürpədici hadisələrlə dolu olan belə bir əsəri ictimai rəyə təqdim etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

İsa Nəcəfovu təkcə yüksək hüquq orqanlarında qanunların keşiyini çəkən, haqqı və doğrunu ən çətin anlarda belə ayağa verməyən, günahsızı daima müdafiə edən şəxs kimi tanımamışam. Onu həm də yüksək dəyərlərə sahib olan insani hiss və duyğularına görə həmişə yüksək qiymətləndirmişəm. Bu gün də həmin hörmət və ehtiramın qəlbimdə geniş yeri var.

“Acı həqiqətlər” in üzləşdirmə səhnəsi məni dəhşətə gətirdi. Rəngli boyalarla yaradılan bu tabloda hər kəsin özünəməxsus obrazı əksini tapır. İsa Nəcəfovun fırçası o qədər dəqiqliliklə işləmişdir ki, bu mənzərini sadəcə silib yox etmək mümkün deyil. Heydər Əliyev həqiqətin harada və kimin yanında olduğunu aşkar etmək üçün hüquq mühafizə orqanlarının rəhbərlərinin yanına çağıraraq onları bir-biri ilə üzləşdirirdi. Səhnədə İsa Nəcəfov tək görünür. Ona qarşı isə Baş Prokurorun, daxili işlər nazirinin, MTN başçısının sövdələşmiş hücumu ara vermir.

İsa Nəcəfov vurmaq istəyirlər. Lakin böhtan və şəri yeridə bilməyən ÜÇLÜYÜN təhdidləri nəticəsiz qalır. Nəhayət, prezident Heydər Əliyevin sonda dediyi sözlərdən məyus olan “dostlar” kor-peşiman Baş Sarayı tərk etməli olurlar. Dostlar, oxuyun bu əsəri. Oxuduqca daha aydın dərk edəcəksiniz ki, ədalətə, gerçəkliyə, dürüstlüyə qənim kəsilənlər hansı şəxsi maraqlara görə birləşirlər.

Eldar SABİROĞLU