“Hürriyyət” İsa Nəcəfovun eyni adlı kitabını ixtisarla oxucularına təqdim edir

99

 Azərbaycan Respublikasının sabiq Baş prokuroru Eldar Həsənovun həbsinin bir çox detalları hələ ictimaiyyətə qaranlıq olsa da, onun bağlı olduğu qüvvələr, keçmişdə və səfir olduğu dönəmdə göstərdiyi fəaliyyət haqda məlumatlar da az deyil. 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifəsində işləyən İsa Nəcəfovun müəllifi olduğu “Acı həqiqət” kitabında da bu haqda kifayət qədər geniş məlumat yer alır. Ümumilikdə,  bu kitabın keçmişlə bağlı bir sıra proseslərə aydınlıq gətirdiyini nəzərə alıb, “Acı həqiqət”i ixtisarla oxucularımıza təqdim etməyi qərara aldıq. Buyurun, izləyin!

***

(Əvvəli ötən saylarımızda)

02 oktyabr 1994-cü ildə Mahir Cavadovun başçılıq etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup üzvü  Respublika Prokurorluğuna silahlı basqın etdi. “Gecə yarısı qətl” kitabında orada baş vermiş hadisələr ətraflı təsvir edilmişdir.

03 oktyabr 1994-cü il. Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsindəki növbətçi otağında telefon zəng çaldı. Səhər iş vaxtı yenicə başlamışdı. Növbətçi zabit dəstəyi götürdü:

– Eşidirəm, – dedi.

– Yoldaş növbətçi, mən Topçubaşov küçəsindəki 23 nömrəli binada yaşayıram. 4-5 gündür ki, bizim həyətdə qara rəngli VAZ-2108 markalı P-25-28 AZ nömrəli bir maşın dayanır. Sahibi bəlli deyil. Onu mənim maşınımın yerində saxlayıblar. Maşının içində silah və hərbi sursat var. Pəncərəsindən  görmək olur. Xahiş edirəm, bir tədbir görəsiniz.

– Aydındır, məlumatınız qəbul olundu. Adınızı və soyadınızı, ünvanınızı deyin. Dərhal tədbir görərik.

Növbətçi dəstəyi yerinə qoyub bölmə rəisi Dəmirovun birbaşa telefonunun dəstəyini götürdü. İkinci çağırış zəngində Dəmirov selektorun düyməsini basıb:

–  Eşidirəm, – dedi.

– Cənab rəis, indi məlumat aldım ki, Topçubaşov küçəsindəki 23-cü yaşayış binasının həyətində sahibsiz bir VAZ-2108 markalı avtomobil var, içərisində də silah və sursat.

– Yaxşı, indi oraya əməliyyat işçilərini göndərərəm.

On dəqiqə keçməmiş əməliyyat işçiləri artıq avtomobilin yanında idilər. Qara rəngli VAZ-2108 markalı “Jiquli”nin içərisində, arxa oturacağın üstündə tank əleyhinə RPQ-7 markalı qumbaraatan, qumbaralar və digər hərbi sursatları pəncərədən görmək olurdu.

Sakinlərlə ilk sorğu-sual bir nəticə vermədi, avtomobilin sahibini müəyyən etmək mümkün olmadı. Polis işçiləri avtomobili polis bölməsinə aparmağı qərara aldılar. Yarım saatdan sonra polis şöbəsində avtomobilə baxış keçirildi.

Polis bölməsinin əməliyyat müvəkkili İsmayılov və avtomobilə baxışda iştirak edənlər tərəfindən protokol imzalandı. Protokol avtomobildə bir ədəd RPQ-7 markalı qumbaraatanın, iki ədəd qumbaranın, iki ədəd 7.62 mm kalibrli avtomat qundağının, bir ədəd içərisində 23 ədəd 7.62 mm kalibrli patron olan sandıqcanın, bir ədəd maskanın, bir ədəd əsgər üçün yay papağının, polietilendən hazırlanmış uzun hərbi geyimin, bir ədəd plaş-örtüyün, iki ədəd – biri Baş Polis İdarəsinin, digəri isə Dövlət Avtomobil Müfəttişliyinin ka- nalında tənzimlənən ratsiyanın, bir ədəd AKM avtomat silahının lüləsinin uc hissəsinə keçirilmiş kompensatorun, bir ədəd başlıqlı gödəkcənin, bir tay əlcəyin və bir cüt ağ idman ayaqqabısının olduğunu təsdiqləyirdi.

Dövlət Yol Polisinə göndərilən sorğunun cavabından məlum oldu ki, bu avtomobil heç bir yerdə qeydiyyatdan keçməyib. Avtomobilin nömrəsi isə Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Əliyev Vüqar Xanağa oğluna aid VAZ markalı avtomobilə məxsusdur.

Ə.İsmayılov eyni zamanda növbətçi otağındakı “Hadisələr kitabı”nda da müvafiq qeydlər apardı. (324 saylı qeydiyyat). Şöbə rəisi Dəmirov Daxili İşlər Nazirliyinin müvafiq təlimatına əsasən bu faktlar barədə Bakı şəhər Baş Polis İdarəsinə, Nəsimi rayon Polis İdarəsinə və Nəsimi rayon Prokurorluğuna məlumat verilməsi barədə məktub hazırlanmasına göstəriş verdi. 10-15 dəqiqə sonra məlumatlar qeyd edilən ünvanlara çatdırıldı.

Lakin Xüsusi Təyinatlı Polis Dəstəsinin prokurorluğa basqını Topçubaşov küçəsində 23 nömrəli binanın qarşısındakı VAZ-2108 “Jiquli” markalı avtomobili vaxtında götürməyə imkan vermədi.

Oktyabrın 3-də axşamçağı “Bəstəboy” ləqəbli gənc avtomobili həyətdən götürmək tapşırığını aldı. Digər tərəf- dən, avtomobil ona hava-su kimi lazım idi. O, XTPD-nin bazasından evinə gedib-gəlmək üçün nəqliyyat vasitəsi tapa bilmirdi.

Hava qaralanda o, artıq həyətdəydi. Lakin “Jiquli”ni yerində görmədi. Yaxınlıqda bir neçə yeniyetmə söhbət edirdi. Bəstəboy gənc onlara yaxınlaşdı. Onun zahiri görü- nüşü, xüsusilə də burnu və kobud əlləri, eləcə də çiynindən azacıq yuxarısı, başını boksçusayağı vurdurması və bir də baxışları idmançı olmasına dəlalət edirdi.

– Uşaqlar, mən qara rəngli VAZ-2108 “Jiquli”mi burda saxlamışdım. İndi isə yerində yoxdur. Bilmirsiniz, onu buradan kim aparıb?

Uşaqlardan biri dilləndi:

–  Əmi, dünən polislər bura tökülüşmüşdülər. Onlar maşını apardılar şöbəyə.

Bəstəboy gənc bir söz demədən geriyə döndü və onu binadan bir qədər aralıda gözləyən UAZ-a tərəf addımladı. Maşına oturar-oturmaz dedi:

–  Maşını dünən polis bölməsinə aparıblar. Sür gedək bazaya.

O, bazada Fikrəti axtardı. Onu komandirin oturduğu ikinci mərtəbədə tapdı. Fikrət Makedon ləqəbli “omon”çu ilə söhbət edirdi. Dərhal ona:

–  Maşını polis bölməsinə aparıblar, – dedi.

– Hardan bilirsən? – deyə Fikrət soruşdu.

–  Getmişdim götürməyə, yerində yox idi. Həyətdəki uşaqlardan soruşdum. Axı bu uşaqlar çox şey bilirlər. Dedilər ki, polislər gəlmişdilər, onlar götürüb apardılar. İndi nə edək? Bəlkə, komandirə deyək?

– Yox, çalışaq özümüz götürək, əgər mümkün olma- sa, onda deyərik. Makedon, bəlkə, sən uşaqlarla bir yerdə Dəyanətlə gedib bölmədən maşını götürəsiniz?! Deyərsiniz ki, bu avtomaşın OMON-undur. Onlar qorxaq şeydilər, dər- hal verəcəklər.

–  Hə, nə olar, gedərəm. Ancaq məsələ qəlizləşə də bilər, – Makedon dedi.

–  Onda səhər gedin, – deyə Fikrət məsləhət gördü.

Ertəsi gün Dəyanət, Makedon və üç nəfər “omon”çu Makedonun 2106-“Jiquli”sində 20-ci polis bölməsinə gəldilər. Üç nəfər “omon”çu Makedonun məsləhətinə görə, avtomobildə qaldı. Dəyanət Makedonla bölməyə daxil olub növbətçidən rəisin bölmədə olub-olmadığını soruşdu. Növbətçi bildirdi ki, bölmə rəisinin müavini yerindədir.

Makedon qabaqda, o isə arxada ikinci mərtəbəyə qalxdılar. Nəhayət, qapıların üzərindəki lövhələri oxumaqla rəis müavininin kabinetini tapdılar.

Makedon qapını döydü.

– Buyurun, – deyə içəridən səs eşidildi.

Makedon qabaqda, Dəyanət isə onun arxasınca kabinetə keçdilər. Hər ikisi birdən:

–  Salam aleykum ,– dedilər.

– Salam, buyurun əyləşin.

– Sağ olun, rəis. Biz OMON-un əməkdaşlarıyıq, dünən gətirdiyiniz qara VAZ-2108 markalı “Jiquli” maşınını aparmağa gəlmişik. Maşın OMON-a məxsusdur.

– Bunu ancaq rəis edə bilər, o da indi yerində yoxdur. Gözləyin gəlsin, icazə versə, apararsınız.

– Sağ olun, – deyib Makedonla Dəyanət otaqdan çıxdılar. Növbətçini xəbərdar etdilər ki, VAZ-2108 “Jiquli” markalı maşını polis içşiləri əziblər, iki saata düzəltsinlər, gəlib aparacaqlar.

Lakin Makedon və Dəyanət rəisi gözləmədən çıxıb getdilər. Artıq onları bayırda gözləyən silahdaşları ilə “Jiquli”yə oturub 8-ci kilometr qəsəbəsindəki OMON-un bazasına qayıtdılar.

Fikrət onları gözləyirdi.

–“Jiquli”ni götürə bilmədik. Maşın əzik-əzikdir. Nömrələrini götürdük. İçindəki silah və sursatları da götürüblər, – dedi, – vəziyyət o qədər də yaxşı deyil.

Fikrət “Jiquli”dən götürülənlərin istintaq üçün əhəmiyyətini dərk edirdi. Bu hadisənin Rövşənlə Mahiri hiddətləndirəcəyini də bilirdi, lakin gecikmək də olmazdı, tədbir görülməli, silahlar maşınla birlikdə geri alınmalı idi.

– Yaxşı, mən Rövşənlə danışaram. Siz isə buralarda olun, –  deyib Fikrət ikinci mərtəbəyə qalxdı.

Qəbul otağında növbətçidən Rövşənin yanında kimin olduğunu soruşdu.

Növbətçi dedi:

–  Kənan Gürel içəridədir. Bir saatdır ordadır, çıxmaq bilmir. Bu türk, deyəsən, əməllicə Rövşən müəllimin qılığına girib. Onu yanından heç yana buraxmır.

– Sən dəstəyi qaldır və bildir ki, mən təcili onunla görüşmək istəyirəm.

– Baş üstə, rəis, – deyə növbətçi “omon”çu hırıldadı.

Telefonun dəstəyini qaldırdı.

– Eşidirəm, – dəstəyin o başından Rövşənin səsi gəldi.

–  Cin Fikrət sizi görmək istəyir.

Rəis dedi:

–  Yaxşı, Kənan bəy çıxandan sonra gələr.

On dəqiqə keçməmiş qapı açıldı və astanada Kənan Gürel, onun arxasınca Rövşən Cavadov göründü. Onlar sağollaşıb ayrıldılar. Cavadov geri döndü.

Birbaşa telefonun zəngi çalındı. Növbətçi dəstəyi götürdü:

–  Bəli, cənab polkovnik. Baş üstə.

– Cin, buyur içəri.

Fikrət cəld özünün üst-başını düzəldib içəri keçdi. Qapını arxasınca bərk örtdü.

– Cənab polkovnik, bilirsiniz, Afiyəddin Cəlilovla bağlı əməliyyata gedənlər bəzi şeyləri Dəyanətin maşınında qoyublar qalıb. Dünən maşını 20-ci polis bölməsinə aparıblar. Maşında olanları da götürüblər. İstintaqın əlinə keçsə, batdıq. Bu gün Makedonla Dəyanəti göndərdim bölməyə ki, götürsünlər, amma ala bilməyiblər.

– Cin, sənin başın xarab olub, onlar qanmazdılar, bəs sənə nə olub? Bilmirsən ki, çox qısa müddətə o cinayəti açmaq olar. “Jiquli” və onun içindən götürülənlər əsas sübutlardır və bu da cinayət işinin açılması üçün kifayətdir.

Rövşən selektorun düyməsini basdı:

–  Tez Elçini tap, gəlsin yanıma, – dedi. – Makedon kimin yanında olub?

– Rəis müavininin. Deyib ki, maşın OMON-undur. Müavin də bildirib ki, bölmə rəisi yerində yoxdur. Maşını yalnız o qaytara bilər.

– Polis onu nə vaxt aşkar edib?

– Ayın 3-də. Bilirsiniz, cənab polkovnik, bu günlərdə baş verən hadisələr bizim başımızı lap qatıb, vaxt eləyə bilməmişik. Uşaqlarda günah yoxdur.

–  Yaxşı, çıx bayırda gözlə, Elçin gələnə kimi.

10-15 dəqiqədən sonra Elçin (Qazax OMON-nun bölük komandiri) Rövşən Cavadovun qəbul otağına daxil oldu. Cin Fikrət:

–  Hardasan, Rövşən müəllim bizi gözləyir.

Elçin bir söz demədən kabinetin qapısına tərəf yeridi və qapını döymədən açdı. Ardınca Cin Fikrət içəri keçdi.

– Rövşən müəllim, məni axtarmısınız?

Rövşən sənədlərdən gözünü çəkib Elçinə baxdı. Orta boylu, daim hərbi geyimdə gəzən, xüsusi azğınlığı və qəddarlığı ilə digər “omon”çulardan fərqlənən bu şəxs çox hallarda onun dadına çatırdı. İndi də belə bir vəziyyətdən yalnız onun vasitəsilə qurtaracağına əmin idi. Rövşən Cavadov:

– Elçin, gəl əyləş. Fikrət, sən isə çöldə gözlə.

– Baş üstə, komandir, – Fikrət kabineti tərk etdi.

Qapı örtüldükdən sonra Rövşən sözə başladı:

– Elçin, sən çox maymaqlıq etmisən. Afiyəddin Cəlilovu qətlə yetirəndən sonra maddi sübutları gizlətmək və ya məhv etmək əvəzinə, onları küçədə atıb getmisiniz. Başınız işləmir? Axı onlar birinci dəfə deyil ki, belə əməliyyat aparırlar. Onlara inandım ki, hər bir hərəkəti lazımi qaydada icra edəcəklər. Doğrudan da, sarsaqmışlar. Əməliyyatda istifadə etdikləri avtomobili küçədə atıb gediblər.

– Rövşən müəllim, siz heç narahat olmayın. Bu saat “omon”çuları götürüb gedərəm bölməyə və avtomaşını da, onun içindəkiləri də alıb gətirərəm.

– Yox, sən tələsmə. Səni tanıyıram, elə hay-küy salarsan ki, sonra altından çıxa bilmərik. İndi isə məni eşit. Unutma ki, bölmə rəisi Aslan Dəmirov Əfqanıstan müharibəsi iştirakçısıdır. Səndən çox qanlı döyüşlərdən sağ-salamat çıxıb, cəsarətli adamdır. Ondan ehtiyatlı olmaq lazımdır. Nəsimi rayon Polis İdarəsinin rəisi Əfəndiyev isə qorxağın biridir. O, müqavimət göstərməyəcək. Sən ona qarşı sərt ol, dərhal tələblərinizi yerinə yetirəcək. Ancaq əvvəlcə oraya bir-iki nəfər göndər, xəbərdarlıq eləsinlər. Əvvəlcədən götürəcəyiniz avtomaşını, hərbi sursatları hazır etsinlər, sonra siz gedərsiniz. Qoy deməsinlər ki, quldurluq edirsiniz. Səhər tezdən əməliyyata başlayın.

– Baş üstə, komandir, – deyib Elçin yerindən qalxdı. – Bir otuz nəfər götürərəm. Mənim təcrübəm var. Elə edəcəyəm ki, bölmədən heç kim bayıra çıxa bilməsin, hamısını əsir götürəcəyəm. Özləri isə tələbimizi həvəslə yerinə yetirəcəklər.

– Sənə uğurlar, gedə bilərsən, – Rövşən dedi.

Elçin kabineti tərk edib komandasının yerləşdiyi – müvəqqəti məskunlaşdığı korpusa gəldi. Növbətçiyə taqım komandirinin müavini Makedonu tapmağı tapşırdı. Növbətçi Makedonu idman zalında tapdı və Elçinin onu axtardığını dedi.

 

(Ardı var)