“Hürriyyət”ə şar atan, bizi sionist mediası adlandıran bədnamlara cavab

123

Özünü İran dövlətinin vəkili kimi aparan nur-az.com saytı ağalarına yarınmağa çalışır

Bugünlərdə “Hürriyyət” qəzetində dərc edilmiş “İkinci Qarabağ müharibəsi” adlı məqalə görünür, bəzi dairələri narahat etmişdir. Maraqlıdır ki, narahatçılığını bildirən nur-az.com saytı bizi sionist mediası adlandıraraq, Azərbaycan dövlətçiliyinə xidmət edən media orqanına necə şər atdığının fərqində deyil. Görünür ki, adıçəkilən sayt özünü İran dövlətinin vəkili kimi apardığının da fərqində deyil. Halbuki, “Hürriyyət” qəzeti İsrailin təbliği ilə məşğul deyil, o ki, qaldı sionizmin təbliğinə. Adını çəkdiklərimin təbliğindən uzaq olan,yalnız dövlətçilik maraqlarına xidmət edən media qurumuna hansı əsaslarla, hansı kriteriyalar əsasında sionist media deyilir?

İlk öncə ondan başlayım ki, nur-az.com saytının etirazında İranın nüvə enerjisindən yalnız sülh və dinc məqsədlər üçün istifadə etməsi bildirlisə də, “Foreignpolicy” nəşrində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin “Tehranın “3 bomba” üçün yetəri qədər zənginləşdirilmiş urana malik olduğu” və əgər Co Bayden prezident seçilərsə yeni danışıqlara getməkdən imtina edəcəyi barədə informasiya var (foreignpolicy.com/2020/09/21/us-isolated-un-iran-snapback-sanctions-trump-pompeo/). İkincisi, Rusiyadan Ermənistana İran vasitəsilə silah ötürülməsi barədə mediada kifayət qədər məlumat mövcuddur – axtarın taparsınız. Çox təəssüf ki, İranın Azərbaycanı dəstəkləməsini illərlə gözləsək də, bunu görmədik və görmürük. İranın nüvə silahı ərsəyə gətirməsi üçün Ermənistandan “Metsamor” atom stansiyasından atom tullantısı əldə edə bilməsi ehtimalları barədə məlumatlar da mövcuddur. (/kavkazplus.com/news.php?id=30198#.X22pxWVzzcc).

Onu da qeyd edək ki, “Metsamor” hələ sovet zamanından qurulub, söhbət stansiyanın uran tullantısının silahın istehsalında istifadəsindən gedir. Rusiyadan İran vasitəsilə Ermənistana ötürülən silah trafikində isə nüvə tullantısının da ötürülə bilməsi tamamilə mümkün ola bilər. Silah ötürülməsi etiraf edilmir əldə materiallar ola-ola. Bu ehtimal etiraf edilərmi? Daha sonra “Böyük Ermənistan” iddiasına gəldikdə isə ermənilər “bəzilərindən fərqli olaraq” bu niyyətlərini etiraf edirlər. Sizin bunu inkar etməkdə məqsədiniz nədir? Ermənistanı təmizə çıxarmaq sizin görəvinizdir?

Sona yaxın bildirirəm ki, Qarabağ  müharibəsində İranın necə bir dəstəyi olub? Azərbaycanın Cəbrayıl rayonunun işğalda olmasından istifadə edərək, Ermənistanı blokadadan çıxarmaq üçün körpü tikintisimi, Gəncənin keçmiş icra başçısı Elmar Səfərova sui-qəsd zamanı yaranan çaxnaşmalarda iştirak edənlərin məşhur Qum şəhərində təhsil alan adamlar olmasımı, sonra ortadan qeyb olub mühakimə üçün geri verilməməsimi? Hətta son Tovuz aksiyasında şanlı Azərbaycan ordusu erməniləri geri oturdandan sonra İran tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir.

Ermənistanın Livandan erməni gətirib Qarabağda məskunlaşdırmasına İran necə reaksiya verib? Nəsə rast gəlməmişəm. Bəlkə bilməyənlər üçün açıqlama verəsiniz. İran vasitəsilə Rusiyanın Ermənistanı dişinə qədər silahlandırılması barədə daha bir link atıram ki, oxuyub xəbərdar olasınız. (tgme.org/2020/09/how-iran-helps-moscow-to-arm-armenia/?fbclid=IwAR29KEJIYkBmD6ltkJgcQIEQa9-40vt09w2R4Fsk_ES4bVZ4yo3Rr87APC8%20). Narahatlığınızdan görünür ki, özünüzü İran mediası kimi aparırsınız. Çox istəyərdim ki, İran islam ümmətinin liderliyi yerinə iddia etdiyi halda din qardaşı “saydığı” azərbaycanlılara qarşı da adekvat mövqe tutardı, amma hələ ki, görə bilmirəm. Nur-az.com-un “facebook” səhifəsində çıxış edən şeyx Orxan Məmmədovun İranın PJAK terrorçuları ilə mübarizə apardığını deməsinə gəlincə, Türkiyənin PKK ilə mübarizəsini dünya görür, çünki mübarizə həqiqətən aparılır. Bəs İranın PJAK-la mübarizəsi niyə görünmür? Yəqin gözəgörünməz mübarizədir. Qeyd edim ki, adıçəkilən adam sözügedən səhifədə Azərbaycan-Türkiyə tandeminə qarşı çirkin təxribat yürətməklə məşğuldur. Həm də Azərbaycan-Türkiyə birliyini həzm edə bilməməsi səbəbindən. O ki, qaldı sizin “Lakin Qarabağ müharibəsi baş verəcəyi sürətdə Qarabağı azad etməyə hazır olan azərbaycanlı vətənpərəst və dindarlar ermənilərə qarşı müharibə cəbhəsinə yollanacaqlar. Bu şərtlə ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev azəri azadlıqsevərlərə tam dəstək versin” sözünə dair öncə soruşuram: azərbaycanlı vətənpərəst və dindarlar adı altında kimlər nəzərdə tutulur? Gəncədəki çaxmaşmalarda iştirak edən “Qum saatının” əqrəblərimi? Jurnalist mövqeyimdən öncə bir Azərbaycan vətəndaşı kimi bildirirəm ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə heç kim, təkrar edirəm heç kim şərt qoya bilməz! Azərbaycan xalqı prezidentinin yanındadır. Bir vətəndaş kimi, o cümlədən də mən! Qarabağı da azad edəcəyik! Buna şübhəniz olmasın!

Ülviyyə ŞÜKÜROVA