Hüquqşünaslar prokurorların işdən çıxarılmasını necə dəyərləndirir?

132

Namizəd Səfərov: “Kadr dəyişiklikləri islahat kimi xarakterizə oluna bilməz”

Bəhruz Bayramov: “Kiminsə təqüdə  göndərilməsi islahat ola bilməz”

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad edildi. Hansı ki, bu məsələ hazırda cəmiyyətdə, sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Çünki təqaüdə göndərilən prokurorlardan biri – uzun illərdir Xətai rayon prokuroru vəzifəsini daşıyan Yusif İldırımzadə sabiq Daxili İşlər naziri, Təhlükəsizik Şurasının katibi Ramil Usubovun qudasıdır. O, eyni zamanda bir müddət əvvəl bağlanan “AmrahBank”ın rəhbəri Yunis İldırımzadənin qardaşıdır.

Yevlaxın təqaüdə göndərilən prokuroru Elxan Pənahov isə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşıdır. Təqaüdə göndərilən Nəsimi rayon prokuroru Salman Məmmədli isə Ali Məhkəmənin sədri Ramiz Rzayevin xalası oğludur.

Qeyd edək ki, Baş prokuror K.Əliyevin imzaladığı digər əmrlə Ağstafa rayon prokuroru Aslan Surxayev də tutduğu vəzifədən azad olunub. Əslində, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevi həbs edilməsindən sonra o rayonun hüquq-mühafizə sistemində də kadr dəyişikliklərinin edilməsi zəruri idi. Eləcə də DTX əməliyyat keçirib, icra başçılarını həbs etdiri digər rayonlarda da hüquq-mühafizə sistemində dəyişiklik vacibdir. Çünki hansısa rayonda icra başçısı dövlətin, xalqın əmlakınını yeyib-dağıdıbsa, o rayonun hakiminin, prokurorunun, yaxud polis rəisinin yalnız maaşa işləməsi mümkünsüzdür. Ümumiyyətlə, ölkədə elə bir rayon rəhbərliyi tapmaq mümkün deyil ki, yalnız maaşla dolansın, ona qane olsun.

Bu arada, Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da  işdən çıxarılıb, təqaüdə göndərilib. Görünür, Prezident İlham Əliyevin prokurorluq orqanlarında islahatların aparılmasına dair tövsiyələrinə əməl olunur.

Əslində, nəinki prokurorluq orqanlarında, məhkəmə sistemində də islahatlara ehtiyac var. Ümumiyyətlə, ölkənin hüquq-mühafizə sisteminin tamamilə yenilənməsi arzuolunandır.

“Sistem elə qurulub ki, kimin kimlə əvəz olunması heç bir mühüm əhəmiyyət kəsb etmir”

Sovetlər birliyinin zəruriliyi bayağı bir şəkildə təbliğ olunur ...

Təqaüdə göndərilən rayon prokurorları ilə bağlı fikirlərini bölüşən hüquqşünas Namizəd Səfərov “Hürriyyət”ə bildirib ki, istər prokurorluqda, istər Daxili İşlər Nazirliyində aparılan kadr dəyişiklikləri, istərsə də ayrı-ayrı icra başçılarının tutulub başqaları ilə əvəz olunması heç bir halda islahat kimi xarakterizə oluna bilməz: “Çünki söhbət sistemin özündən gedir. Burada sistem elə qurulub ki, kimin kimlə əvəz olunması heç bir mühüm əhəmiyyət kəsb etmir. O insanlar arasında digərlərinə nisbətən yaxşı xarakterli, tutaq ki, bir az savadlı, gənc kadrlar ola bilər. Lakin sistemin özü elə qurulub ki, bu yerdəyişmələr, əvəzolunmalar, başqalarının təyin edilməsi heç bir yenilik gətirmir, həmin sistemdir, həmin prokurorluq əməkdaşlarıdır. Düşünürəm ki, bu şəxslər, elə Xətai rayon prokuroru olsun uzun müddətdən bəri həmin vəzifələri tutub oturmuş şəxslərdir. Onlar hər hansı bir islahatla, ümumiyyətlə, yeniliklə xəbərləri olmayan adamlardır. Bəzən taxta olur, suyun içində qalır, heç o  taxtanı balta ilə də sındırmaq olmur, belə insanlardır. Düşünürəm ki, bu gün onları vəzifədən çıxarmayıblar, təqaüdə yollayıblar. Onların əksəriyyəti 65-70 yaşa yaxın yaşları olubdur. Onlar onsuz da qanuna görə prokurorluqda tutduqları vəzifədə bundan artıq qala bilməzdilər”.

“Prokurorluq bu gün icra strukturlarından verilən əmrləri yerinə yetirəcək”

N. Səfərov qeyd edib ki, bu yerdəyişmələri cəmiyyətə islahat kimi təqdim edirlər: “Düşünürəm ki, bu, heç bir yenilik gətirməyəcək, köhnə hamam, köhnə tas olaraq qalacaq, yenə də prokurorluq öz vəzifələrini icra etməyəcək. Prokurorluq bu gün  yalnız yuxarıdan göstərilən, icra strukturlarından verilən əmrləri yerinə yetirəcək. O cinayətkarlar ki, hakimiyyətə yaxın adamdırlar, onların kütləvi cinayətləri hakimiyyətə bəllidir, yenidən onları heç kim cinayət məsuliyətinə cəlb etməyəcək və prokurorluğun başlıca vəzifəsi hazırkı hakimiyyətə müxalifət olan şəxslərə qarşı uydurma ittihamlar düzəldib, cinayətlər törədib hakimiyyətin cinayətlərinin üstünün açılmasına imkan verməmək olacaqdır”.

“İldırımzadənin işdən çıxarılması kimin qohumu olması ilə bağlı deyil”

“Doğrusu, heç mən kimlərin vəzifədən azad olduqlarını bilmirdim. İndi adını çəkdiniz, Elxan Pənahovu mən şəxsən yaxşı prokuror kimi tanıyıram, vəzifəsinin öhdəsindən gələn, doğrudan da savadlı bir insandır. Heç düşünmürəm ki, o, qardaşına görə vəzifəyə gəlib çıxmışdı. Bir rayonun prokuroru olmaq böyük bir vəzifə deyil ki. O mənada heç bu məsələyə toxunmaq istəmirəm. Hətta çox təəssüf edirəm ki, onu vəzifədən kənarlaşdırıblar. Ola bilsin ki, ona başqa bir vəzifə də verə bilərlər. Çünki mən şəxsən onu dəyərli bir prokurorluq işçisi kimi tanıyıram. O ki qaldı kiminsə qohumu olmaq məsələsinə, məsələn, mən bilən İldırımzadənin artıq 70-ə yaxın yaşı var, kifayət qədər işləyib. O, ömrünün axırına qədər həmin vəzifədə çalışmamalıydı ki. Onun işdən çıxarılması  digər siyasi məsələlərlə və yaxud kimin qohumu olması ilə bağlı deyil”,-deyə vəkil vurğulayıb.

“Məsləhət olmayıb ki, Zakir Qaralov vaxtında bunlara toxunmayıb”

N. Səfərov deyib ki, o, əslində, prokurorların fəaliyyətində elə bir fərq görmür: “Ümumiyyətlə, respublikanın bütün prokurorluq işçiləri, vəzifəli şəxslər eyni sistem üzrə işləyiblər. Yəni sistemin məmurları olublar. Məsləhət olmayıb ki, Zakir Qaralov vaxtında bunlara toxunmayıb. İndi yeni baş prokuror yəqin ki, özbaşına yox, hər halda  ədliyyə sisteminə rəhbərlik edən şəxslərin göstərişi ilə o şəxslər vəzifələrindən azad olunublar. Mən heç də fikirləşmirəm ki, onların hər hansı birini törətdikləri qeyri-adi əmələ görə vəzifədən azad ediblər. Sadəcə olaraq siyahı üzrə hazırlanılır, verilir və işdən çıxarlır. Hesab edirəm ki, bu, onların şəxsi keyfiyyətləri ilə heç əlaqəli deyil. Amma yenə deyirəm, mən bunu qətiyyən islahat hesab etmirəm”.

“Bunların təqaüdə göndərilməsini mən dəyişiklik kimi qiymətləndirə bilmərəm”

Vəkil Bəhruz Bayramov da bir neçə rayon prokurorunun vəzifəsindən azad edilməsinə münasibətini bildirib: “Mən bu prokurorların işdən çıxarılmasını dəyişikik  hesab etmirəm. Sadəcə müəyyən yaş hədlərinə çatıblar və ona görə də təqaüdə göndərirlər. Hələ ki, istintaqda bir dəyişiklik görmürəm. Yaxud da məhkəmə istintaqa nəzarət edən bir orqandır, hələ ki, bir dəyişiklik hiss etmirəm. Baş Prokurorluq istintaqa, qanunvericiliyin dürüst həyata keçirlməsinə nəzarət edir, hələ ki, dəyişiklik hiss etmirəm və onu dəyişiklik kimi də qiymətləndirmirəm. Çünki təqaüd yaşlarına çatıblar. Hətta bəziləri təqaüd yaşlarını çoxdan keçmişdi. Bunların təqaüdə göndərilməsini mən dəyişiklik kimi qiymətləndirə bilmərəm, onlar 80 yaşında prokuror işləyəsi deyil ki”.

 “Gələcəkdə prokurorluq orqanlarının fəaliyyətinə baxıb qiymətləndirmək olar ki, bu, islahatadır, ya yox”

“Zakir Qaralov bunu niyə həyata keçirmirdi, onu Zakir Qaralovdan soruşsanız, yaxşı olar. Amma mənim fikrimcə, kiminsə təqüdə  göndərilməsi islahat ola bilməz. Onların eləsi var ki, təqaüd yaşını 5-3 il keçib. Ola bilsin gələcəkdə prokurorluq orqanlarının iş fəaliyyətinə baxıb qiymətləndirmək olar ki, bu islahatadır, ya yox”, – deyə vəkil əlavə etdi.

 Şamo EMİN, Hurriyyet.org