Hulusi Akar Şərqi Aralıq dənizindəki vəziyyətdən danışdı: “Gəldikləri kimi də gedəcəklər”

105

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Hava Qüvvələrinin yeni uçuş təlimi ilinin açılışını Egey dənizinin şimalına xüsusi uçuşla həyata keçirib. Hava Qüvvələrinin komandanı general Hasan Küçükakyüzün müşayiəti ilə baş tutmuş uçuşdan sonra Akar deyib: “Minlərlə kilometr məsafədən gəlib qoçuluq eləmək, özünü qoruyucu mələk kimi göstərmək istəyənlər var. Belələri gələr və gəldikləri kimi gedərlər”.

Nazir Hulusi Akarın Şərqi Aralıq dənizindəki gərginlik ilə bağlı verdiyi mesajlar belədir:

“Biz gərginlik axtarışında deyilik, inamla, elmlə, hüquqla haqqımızı və mənafeyimizi təmin edirik. Heç kim bunun qarşısını ala bilməz”.

“Minlərlə kilometrdən gəlib qoçuluq eləməyə, qoruyucu mələk rolu oynamağa cəhd edənlər var. Bunlar gələrlər və gəldikləri kimi gedərlər”.

“Siz əgər Cənubi Kiprə qarşı embarqonu ləğv eləsəniz, balansı bu şəkildə pozmağa çalışsanız, bu, sülh yox, toqquşma, problemin həlli yox, həll edilməməsi ilə nəticələnəcəkdir”.

“Üçüncü ölkələr bu məsələyə ağılla yanaşmalıdırlar. Ancaq belə olacağı təqdirdə, məsələ həll oluna bilər”.