HÜCEYRƏ – Əlisa Nicatdan yeni layihə

117

(Hadisələr və düşüncələr)

Epoxal roman

Ön söz

Bu romanda üç milyard yarım il bundan əvvəl hansı bir ağlasığmaz dərəcədə mürəkkəb maddə və enerji sintezi nəticəsində okean sularında əmələ gələn bir ölməz hüceyrənin o vaxtdan bugünəcən keçdiyi həyat yolu təsvir olunur.

Bu gün həmin hüceyrə Əlisa Nicat adlanan və on trilyonlarla hüceyrə və o qədər də neyronlardan ibarət olan bir canlı orqanizmə çevrilib. Bu hüceyrələrin üçdə biri çoxalan həmin ilk hüceyrələrdən, üçdə biri sonrakı dəyişmələrin nümunələrindən, yerdə qalan üçdə biri də yalnız mənim orqanizmimdə formalaşan hüceyrələrdən ibarətdir. Yəni məndə, dönüb olduğum bütün canlıların hüceyrələri, ən çoxu isə şəxsən mənə məxsus olanlardır.

Eləcə beynimin də bütün neyronları haçansa bu uzun epopeya başa çatıb bizim bu üç milyard yarımlıq mövcudluğumuzda sona çatacaq. İkincisi və ən əsası isə məndə həmin ilk hüceyrəmin bütün mutasiyalardan sonra topladığı bütün enerjilərin çiçəklənməsi sayıla bilər.

Lakin mənim bir hüceyrə kimi yaranmağımda bir məna və məqsəd olubmu və ya oldumu? Heç şübhəsiz! Lakin altı milyard yarımlıq bəşəriyyətin yalnız bir faizi bu məna və məqsədi daşıyanlardan ibarət olub. Bu bir faizin bir çoxunda məqsəd bu qədər uzun tarix ərzində öz əksini tapıb, öz missiyasını başa vurmuşdur. Eləcə bizim üç milyard yarım illik yürüşümüz də öz missiyasını məndə başa çatdırır. Lakin bir şey maraqlı və heyrətamizdir. Həmin bir faizin demək olar ki, bütün nümayəndələri bütün dövrlərdə onların planını cızan ZƏRURƏT və onları formalaşdıran TƏBİƏTİN heç də sevimli və xoşagələn məhsulu olmayıblar. Bunu biz öz timsalımızda aşkar etməyə çalışacağıq.

* *  *

İlk həyat üç milyard yarım il bundan qabaq okean sahillərində ilk canlı hüceyrə kimi yarananda kainatda ilk dəfə  onunla birlikdə ölüm adlı, yəni həm mövcud olan, həm də mövcud olmayan əkiz qardaşı əmələ gəldi. Və məsələ də orasındadır ki, birinci qardaş dünyaya gələn kimi ikinci də hələ olmadan onunla bərabər doğulub “qardaşını” özünküləşdirməyə çalışır və bir anda olsun niyyətindən təşəbbüs və inadından əl çəkmir.

O uzaq zamanlarda biz ölümlə əkiz yaranırdıq. Və bu kiçik romanda bir canlı, bir insan, bir fərdin timsalında bu mübarizənin – fərdin öz olmayan “qardaşı” ilə mübarizəsini – yəni ölüm adlı şeyin öz qardaşını daim öz yanına aparmaq uğrunda sonsuz və saysız inadlarından bəhs edirik.

Hər iki qardaşın müttəfiqlərinə gəldikdə isə birinci qardaş milyon illər ərzində demək olar ki, tək olub və ikinci qardaş hər yerdə demək olar ki, çox asanlıqla qalib gəlir və böyük qardaş cəmi bir neçə dəqiqə yaşa bilir, nəfəs ala, hərəkət və qida qəbul edə, hətta düşünə bilirdi. Amma o, bu qısa müddət ərzində çoxlu sayda özünü istehsal etməyə müvəffəq olurdu. Yəni fasiləsiz bölünüb çoxalırdı.

Bugün üç milyard yarım il bundan əvvəl çoxlu minerallarla hopmuş ilıq okean sahil sularında əmələ gələn milyardlarla təkhüceyrəli canlılardan bu gün Əlisa Nicat adlanan birisi özünü ilk dəfə canlı kimi hiss etdi. Bu necə oldu? Yəqin ki, heç Allah da bilmir. Bəlkə də bilirdi, amma Allah bilir. Hər halda o var idi və sudan da oksigeni qəbul edib, nəfəs alır, dalğalar üstündə və ya suyun dibində ora-bura tərpənir və daim Freydin yazdığı kimi hər anı gərginlik içində keçirdi. O canlı, üzvi varlıq idi, ətraf isə, ətrafdakılar isə – qum, daş-kəsək və su kimi canlı deyil, qidalanmır, nəfəs almırdı. Bu, üstünlükdürmü? Məlum deyil. Bircə fərq var idi, YENİLİK…

O, tək deyildi, okean sahillərində onun kimi hüceyrələrin sayı-hesabı yox idi, onlar həqiqi qardaş idilərmi? Yox. Sadəcə bir növ idilər və lazım olarsa, bir-birləriylə qidalana da bilər amma ətrafda qida bol idi. Və su içində həl olunmuş minerallar idi bu qida.

Onların ömrü yazdığımız kimi çox qısa, cəmi bir neçə dəqiqə çəkirdi. Amma bu da onlara artıq çoxalmaq üçün, özünəbənzərləri törətmək üçün kifayət idi. Bu bölünmə zamanı ana – birinci rüşeym qeyri-üzvi vəziyyətə qayıdır, yəni bugünki təbirlə desək ölürdü. Onlar buna yəni, qeyri-üzviliyə MƏMNUNİYYƏTLƏ gedirdilər. Freyd belə hesab edir. Çünki üzvi olduqları müddətdə gərginlik – var olmaq çətin və bu səbəbdən də əzablı idi. Qeyri-üzvi olanda isə bu gərginlik yox olurdu. Çünki onların özləri də yox olurdular və indikilərdən fərqli olaraq buna həvəsli gedirdilər. Amma qəribədir, insanlar arasında hələ də üzvilikdən qeyri-üzviliyə məmnuniyyətlə, yəni həvəslə gedən canlılara hələki rast gəlmək olmur. Əlbəttə, Novalis, De Bor, Ejen Qari, Otto Veyninger və yüzlərlə başqa şöhrətli insanların qeyri-üzviliyə necə getdiyi əlbəttə müəmmalıdır.

Beləliklə, üç milyard yarım il əvvəl hansı bir səbəbdənsə və ya səbəbsiz təkhüceyrəli kimi əmələ gəldik. Amma burada təsadüf sözünü işlətmək çox çətindir. Çünki bu qədər mürəkkəb bir material təsadüfən əmələ gələ bilməz. Təsadüflər çox sadə olur. Bəs səbəb necə? Buna isə yerli-dibli cavab yoxdur. Özü də bu qədər saysız-hesabsız şəkildə. Axı, mənimlə bərabər mənim kimi milyardlarla təkhüceyrəlilər əmələ gəlib, ilıq okean sularında yırğalanırdıq. Mən başqalarına ötürüləndə bunu bilirdimmi? Onu da demək çətindir. Yəni mən bilirdimmi, cansızlığa çevrilən “anamın” “övladıyam”? Hər halda anamızın olduğunu və biz olanda onun olmadığını bilirdik, bilmirdik, bunu da təyin etmək çətindir.

Yenə qayıdaq həmin suallar sualına. Həyatın, ilk canlıların, ilk üzvi orqanizmlərin – kainatda ikinci ən möhtəşəm bir hadisə olan bu yeniliyin səbəbkarı kim idi? Qeyd edək ki, öz-özünə yaranma qətiyyətlə istisna olunur. Və istər-istəməz səbəbkarı özümüz müəyyən edirik. Bu ancaq və ancaq əlahəzrət ZƏRURƏT ola bilərdi. Çünki ancaq onun qarşısıalınmaz iradəsi ilə bu dərəcədə fövqəladə bir yenilik baş verə bilər, yeni bir element – Mendeleyevin 116 elementindən də həm güclü, həm də gücsüz bir element –  həyat yarana bilərdi. Zərurətin hökmü qabağında təbiət kimdir ki onu icra etməsin? Və doğrudanda bütün kainatda, məzmunsuz, əhəmiyyətsiz, ağılsız və mənasız fırlanan ulduz və qalaktikalar aləmində bu gözəgörünməz dərəcədə kiçik varlıqları yaradaraq ZƏRURƏT bütün kainata meydan oxumuşdu. Kainat ayrı-ayrı qalaktikalardan ibarət bütöv bir sistem idi və bu sistem tamamilə yekrəng idi.

Lakin qəribədir ki, hər bir qalaktikanın forması da eynilə mənim kimidir. Yəni hamısının nüvəsi var və bütün güc və iradə həmin nüvədə cəm olunur. Lakin qalaktikaların qabığı kainatın isə sərhədi, ölçüsü yoxdur. Bizim isə bu qədər kiçik miqyasımıza baxmayaraq, həm nüvəmiz, həm qabığımız, həm də ölçümüz var idi. Və qeyd edək ki, qalaktikalar kimi bizim də bütün mahiyyətimiz nüvəmizdə, yəni həmin ibtidai beynimizdə idi.

(Ardı var)