Diaspor sahəsindəki islahatlar bəhrəsini verir – LAYİHƏ

12

Diaspor quruculuğuna “mafioz” düşüncə ilə yanaşım artıq iflasa uğrayıb

Vaxtilə Rusiya Federasiyasının paytaxtı Moskvada “AzərRoss” təşkilatı milli diaspor quruculuğu adına elan ediləndə çoxları buna çox sevinmişdi. Ona görə ki, Qarabağ uğrunda gedən müharibənin alovlu dövründə soydaşlarımızın vahid komanda altında bir araya gəlməsi milli səfərbərlik kimi dəyərləndirilmişdi. Ancaq sonradan bəlli oldu ki, Söyün Sadıqov və onun yanında yer alan mafioz təfəkkürlü iş adamlarının məqsədi Azərbaycan xalqının milli maraqlarını tamamilə fərqli məcralara yönəltmək olmuşdur.

Bu quruma sonradan keçmiş baş nazirin müavini Abbas Abbasovun təqaüddə olan və hərbi-inzibati təfəkkürlü kadrların sayəsində rəhbərlik iddiasını sərgiləməsi də az sonra iflasa uğradı.

Feodal düşüncəlilər müasir anlayışları hələ də dərk etmirlər

Moskvanı vilayət boyunca 7 milyon, şəhər üzrə isə 12 milyon 500 min nəfər əhali təşkil edir. 17 milyonluq paytaxtda yaşayan toplumun etnik mənzərəsinə diqqətlə baxdıqda görürük ki, azərbaycanlılar ruslar və tatarlardan sonra 3-cü yeri tuturlar. Bu da təqribən 1 milyon 800 min nəfər soydaşımızın Moskva şəhəri və eyniadlı vilayətdə məskunlaşdıqlarını isbat edir. Moskva şəhərini və vilayətini toplam 146 rayon təşkil edir. Hər bir rayon və şəhərdə soydaşlarımız özlərinin milli-mədəni muxtariyyatı adı ilə ictimai təşkilatlarını yaradıblar.
1999-cu ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyində 3794 saylı şəhadətnamə ilə qeydiyyatdan keçən “Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatı”nın (AzerRoss) ilk günlərdən xoşməramlı layihələr mövzularla gündəmə gəlsə də, az sonra gözlənilən ümidləri puça çıxardı.

Belə ki, maddi imkanlarını önə sürən Söyün Sadıqov “AzerRoss”un adı ilə Rusiya boyunca komprador maraqları çərçivəsində və kriminallaşmış “mafioz” şəbəkəsini formalaşdırmaq siyasətini yürütməyə başladı. Halbuki, Moskvada 266 universitet fəaliyyət göstərir və bu qədər ali təhsil ocağında azından 5 min nəfər alim dərs deyirdi. Rusiya Milli Elmlər Akademiyasının 300-dən çox elmi-tədqiqat institutlarında çalışan soydaşlarımızın sayı orta hesabla 10 min nəfər təşkil edirdi. Bundan əlavə, müxtəlif elmi, yaradıcı və humanitar sahələrdə 30 mindən çox ziyalı intellektual səviyyələri ilə tanınırdılar. Paytaxt Moskvada bu qədər saya malik intellektual bazanı bir yana qoyub “AzerRoss” rəhbərliyinə dürtülmüş və dolayı yolla “mafioz-kriminal” ünsürlər Rusiyada bütün xalqlara örnək ola biləcək təşkilati işləri və milli bütünlük maraqlarımızı öz səviyyələrinə endirmək siyasətini yürütdülər. Ona görə də, bu qurumun mahiyyəti bəlirsizlik sindromunun içində it-bata düşüdü.
2013-cü ildə istefaya göndərilən Azərbaycan hökuməti baş nazirinin müavini olmuş Abbas Abbasov dərhal Moskvaya köçərək “AzərRoss” təşkilatının lideri olmaq iddiası ilə gündəmə gəldi. Elə həmin tarixdən bu günə kimi ötən 7 il müddətində “AzerRoss” təşkilatı faktiki olaraq iflic durumundadır. Çünki bu dəfə ziyalılar, müxtəlif ictimai qurumlar sərt inzibati-amirlik metodu ilə və avtoritarizmə söykənən idarəetməni qəbul etmədilər. Beləliklə də soydaşlarımızın elmi, intellektual və sosial-ictimai bazasından tamamilə kənarda qaldılar. Problemin bu qədər dərinləşməsi dolayı yolla həm də milli strateji hədəflər baxımından Azərbaycan Respublikasının maraqlarına zidd mövqeyə çevrildi.

İntellektual səviyyədə diaspora çevrilmənin yeni mərhələsi

2001-ci ildə “Ümum Rusiya Azərbaycanlıları Konqresi” adlı yeni bir qurum yaradıldı. Bu qurumun əsas məqsədi Rusiya Federasiyasının bütün bölgələrində rəsmi şəkildə fəaliyyət göstərən bütün təşkilatları bir çətir altında birləşdirmək idi. Bu məqsədlə Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin rəsmi şəkildə öz xeyir-dualarını da verdilər. 4 oktyabr 2001-ci il tarixdə Moskvada keçirilən qurultayda faktiki olaraq, Federasiyanın bütün bölgələrini təmsil edən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak etdilər. Qurultayda bir sıra mühüm strateji qərarlar qəbul edildi. Ana dilinin qorunması və yaşadılması, Rusiya ilə münasibətlərdə sosial-iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsi və islahat yönlü digər qərarlar qəbul edildi. Qurultayda Rusiyada yaşayan soydaşlarımızın öz etnomədəni varlıqlarını qorumaq və yaşatmaq üçün çox ciddi təkliflər gündəmə gəldi. Eyni zamanda Federasiya boyunca fəaliyyət göstərən milli-mədəni təşkilatların vahid mövqedən çıxış edərək koordinasiya konsepsiyasına xüsusi önəm verildi. Bununla yanaşı, soydaşlarımızın Rusiya Dövlət Duması, bölgələrdəki yerli dumalara, eləcə də bələdiyyə seçkilərində fəal şəkildə iştirak etmək, hamılıqla real namizədlərə dəstək verilməsi məsələsinə xüsusi diqqət ayrıldı. Faktiki olaraq, 2003-2004-cü illər ərzində “Ümum Rusiya Azərbaycanlıları Konqresi” təşkilatı bütün ictimai qurumlarla birlikdə vahid orqanizm şəklində formalaşma dövrünə qədəm qoydu. Volqaboyu, Ural, Şimal-Qərb, Sibir, Uzaq Şərq regionları üzrə çox böyük miqyasda soydaşlarımızla əlaqələr üzrə strukturlar yaradıldı. Azərbaycan Respublikası prezidenti İlham Əliyev dəfələrlə “Ümum Rusiya Azərbaycanlıları Konqresi” ilə həm Rusiyada, həm də Azərbaycanda bir sıra görüşlər keçirərək bu prosesin inkişaf etdirilməsi üçün müvafiq dəstəyini və tövhələrini də verdi. Faktiki olaraq, diaspor təşkilatlarımızın nəzdində Azərbaycan dili və tarixi, mədəniyyətini öyrənən mərkəzlə yaradıldı. “Həftəsonu məktəbləri” təsis edildi. Bununla yanaşı, “Ümum Rusiya Azərbaycanlıları Konqresi” MDB coğrafiyası boyunca fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin qurulması, bir sıra inteqrasiya modelləri də önə sürüldü. Hətta bu məqsədlə Konqresin nəzdində “Analitik İnformasiya Mərkəzi” yaradıldı. Həftəlik “Azərbaycan Konqresi” qəzetinin nəşrə başlaması və Rusiya Federasiyası boyunca kütləvilik qazanması gözlənilən uğurlu nəticələrə səbəb oldu. Moskvadakı “Azərbaycan” cəmiyyəti, “Şəhriyar Ədəbi Məclisi”, “Nicat” Azərbaycan İrsinin İntibahı Cəmiyyəti, “İrs” dərgisi, “Xalqlar Dostluğu Fondu”, “RVAK Fondu” kimi milli-mədəni strukturlar “Azərbaycan Evi” qurumunun çətiri altında vahid mövqedən çıxış etməyə başladılar. Ancaq, gözlənilmədən 2017-ci ildə “Ümum Rusiya Azərbaycanlıları Konqresi”nin üzərindən “qara buludlar” əsməyə başladı. Ədliyyə nazirliyi heç bir əsas olmadan təşkilata qarşı qərəzli mövqe ortaya qoydu. Beləliklə Rusiyada fəaliyyət göstərən azərbaycanlıların iki böyük qurumun acınacaqlı duruma düşməsi bu ölkədə yaşayan 3 milyondan artıq soydaşımızın milli səfərbərlik hədəfləri üçün böyük problemə səbəb oldu. Biri avtoritarizmə yuvarlanmış olduğu üçün, digəri isə, milli-mədəni maarifçilik düsturu ilə hərəkət etdiyinə görə. O da bəllidir ki, bütün bunlar diplomatların dediyi kimi: “Hər şeyin sonu deyil” prinsipi ilə daha mükəmməl və effektiv təsir imkanları çərçivəsində milli diaspor quruculuğu işi davam edir.

2019-cu ildən başlanılan diaspor reformları və Rusiya

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin dəyişməsinin ardından tamamilə yeni məzmunda diaspor siyasətinin formalaşdırılması proseslərinə başlanıldı. Belə ki, hər bir dövlətin özünün xarakterik özəlliklərini nəzərə alaraq, diaspor quruculuğu prosesinə başlanıldı. Əslində hansı qurumun tolerant şəkildə, həm də milli-mədəni maarifçilik istiqamətində effektiv fəaliyyətlərinin qabardılmasına üstünlük verilməsi ilə bu prosesə başlanıldı. Rusiya Federasiyasında “Azərbaycan Diaspor Təşkilatlarının Koordinasiya Şurası”nın yaradılması ən mühüm addımlardan biri oldu. Beləliklə də regional əsaslarla formalaşdırılan yeni əlaqələndirici qurumlar arasındakı inteqrasiya üçün stimula çevrildi. Hal-hazırda Rusiya Federasiyasında yeni məzmun və xarakter daşıyan diaspor quruculuğu prosesinə bir sıra addımların atılması müşahidə olunur.
Keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış “ələbaxımlılıq” təfəkkürü ilə diaspor quruculuğu siyasətinin heç də doğru olmadığı, kriminal-mafioz düşüncə tərzi ilə milli diasporun adından çıxış etmək səlahiyyətlərinin iflasa uğaması demək olar ki, yeni mərhələnin sosial-ictimai xarakterini ortaya qoyur. Bunun üçün milli-mədəni maarifçi baxışların önə çıxarılması, tarixi zaman və məkanın dinamik şəkidə dəyişməsi kimi anlamlar da artıq öz sözünü deməkdədir. Rusiya Federasiyası məsələsinə ona görə üstünlük verilir ki, orada yaşayan soydaşlarımızın çoxu Azərbaycan Respublikasının sabiq vətəndaşlarıdırlar. Hətta yeni nəsli təmsil edən soydaşlarımız istənilən formada tarixi vətənləri ilə bağlıdırlar. Son illərdə azərbaycanlıların Rusiyanın bir sıra dövlət orqanlarında, elmi-tədqiqat mərkəzlərində, eləcə də digər sahələrdə rəhbər vəzifələr baxımından irəli çəkilməsi müşahidə olunan uğurlardan biridir. Öz intellektual və elmi qabiliyyəti sayəsində bu zirvələri fəth edən soydaşlarımızın təbii olaraq, Rusiyanin dövlət quruculuğunda müstəsna əhəmiyyətini də artırır.
Diasporla İş üzrə Dövlət Komitəsi bu il may ayının 7-də Rusiya Federasiyasındakı diaspor təşkilatlarının rəhbərləri və üzvləri ilə videokonfranslar təşkil edərək COVİD-19-un bəlalarını birlikdə adlamaq üçün bir sıra mövzuları müzakirə etdi. Virtual konfransa Rusiya Azərbaycan İcmasının sədri Fazil Qurbanov, Cənub Universitetinin rektoru İmran Əkbərov, “Smolnı Universiteti” Elmi-Təhsil Konsorsiumunun prezidenti Heydər İmanov, Rusiya Vəkillər Gildiyasının üzvü Azər Məmmədov, Rusiya Elmlər Akademiyası kənd təsərrüfatı elmləri bölməsinin müxbir üzvü Zahid Qocayev və digər nüfuzlu diaspor rəhbərləri müzakirələr aparıldı. Soydaşlarımızın həmrəylik şəraitində mövcud problemlərin aradan qaldırılması istiqamətdə müzakirələr aparıldı.
Azərbaycan diasporunun karantin müddətində və postpandemiya dövründə fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib. Bu faktı yazımıza ona görə əlavə etdik ki, ağır pandemiya dövründə belə, soydaşlarımız unudulmayıb və onlarla dövlətimiz arasında mütəmadi şəkildə əlaqələr davam edir.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.