Honqkonq jurnalisti Kim Çin Inın öldüyünü, Yaponiya isə komada olduğunu deyir – Mail Online

84

Xəbər verildiyi kimi, Şimali Koreya lideri Kim Çen Inın bir neçə gündür ki, ölməsi və ya komaya düşməsi haqda xəbərlər dünya mediasının manşetinə çevrilib. Ancaq rəsmi Pxenyan indiyədək bu məlumatı nə təkzib, nə də təsdiq edib. Dünən isə Çin həkimlərinin Kim Çen Inın səhhəti ilə bağlı Pxenyana getdiyi deyilir.

Bir neçə dəqiqə bundan öncə isə “MailOnline” nəşri Kim Çen Inın öldüyü haqda xəbər paylaşıb. Ancaq yenə də tanınmış media onun öldüyündən 100 faiz əmin olmadığını bildirir. Sanki bununla öz mənbəyinə inanmadığını göstərir.

Həmin yazıda deyilir ki, Honqkonqun aparıcı bir jurnalisti Şimali Koreya diktatorunun öldüyünü iddia edir, Yapon mənbələri isə onun əməliyyatdan sonra komaya düşdüyünü vurğulayır.

Cümə axşamı günü ABŞ prezidenti Donald Tramp da Kimin ciddi xəstə olduğunu açıqlayıb.

Honqkonqun HKSTV Peyk Televiziyasının direktor müavini Şijian Shinzou çox nüfuzlu bir mənbəyə istinadən Kim Çen Inın öldüyünü söyləyib.

Vəziyyətlə tanış olan üç insanın dediyinə görə isə Çin Şimali Koreyanın lideri Kim Çen Ina məsləhət vermək üçün Şimali Koreyaya bir qrup tibbi ekspert göndərib.

Çin həkimlərinin və rəsmilərinin səfəri Şimali Koreya liderinin sağlamlıq durumu barədə ziddiyyətli xəbərlər fonunda baş verir və Qərb mediası Çin komandasının Kimin sağlamlığı baxımından bu səfərinin nə demək olduğunu müəyyənləşdirə bilmir.

Cümə günü Yaponiyanın həftəlik “Şukan Genday” jurnalı  Şimali Koreya diktatorunun bu ayın əvvəlində ürək əməliyyatından sonra komada olduğunu yazıb.

Bir mənbə isə Kim Çen Inın kənddə təcrid olunduğu iqamətgahında gəzərkən sinəsindən tutaraq yerə yıxıldığını deyir. Bu zaman onun yanında olan həkim ona süni tənəffüs verib və xəstəxanaya aparıb.

Diktatorun ölümü ilə bağlı rəsmi sübut olmasa da, #KimJongUndead hashtagı cümə günü Twitter-də trenddə olub. \\KONKRET