“Hökumətin xüsusi karantin rejiminin tətbiqi istiqamətində atdığı addımları müsbət qiymətləndirmək olar” – OSMAN GÜNDÜZ

39

“Lakin ASAN login sistemi və ASAN-ın kontrolunda olan Elektron Kənd Təsərrüfatı İnformasiya sistemi karantin müddətində gözləntiləri yetərincə doğrultmadı”

“Düşünürəm ki, xüsusi karantin rejimi müddətində ən qüsurlu rəqəmsal fəaliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus e-sosial.az resursu ilə əlaqəli olub”

“COVİD-19 pandemiyası ilə əlaqəli ölkələrin əksəriyyəti fövqəladə vəziyyət və ya xüsusi rejim elan etdilər. Azərbaycanda da 24 mart 2020-ci il tarixdən xüsusi karantin rejimi elan edildi. Belə bir vəziyyətdə ölkələrin rəqəmsal hazırlığı, onlayn servislərin sayı və keyfiyyəti, elektron xidmətlərin keyfiyyəti, elektron ticarətin və çatdırılma xidmətlərinin mövcudluğu mühüm əhəmiyyəyt kəsb etdi”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

Qeyd edək ki, “Xüsusi karantin rejimi müddətində ölkədə eGov quruculuğu və rəqəmsallaşma, İT xidmətlər və İT həllər hansı səviyyədə oldu” sualını cavanlandıran Osman Gündüzün fikrincə, ilk öncə hökumətin xüsusi karantin rejiminin tətbiqi istiqamətində atdığı addımları müsbət qiymətləndirmək olar: “Xüsusi şəraitin sərtləşdirilməsinin, icazələrin və hökumətin dəstək tədbirlərinin addım-addım atılması proseslərin ardıcıl olaraq qısa müddətdə rəqəmsallaşdırılmasına da kömək etdi. Məlumatlandarmanı effektiv qurmaq üçün Operativ Qərargah koronavirus.az resursunu və bir sıra sosial media resurslarını istifadəyə buraxdı. Xüsusi karantin şəraitində dövlət idarəetməsi əsasən mobil və uzaqdan idarəetməyə keçirildi. Videokonfrans formatları işə salındı. Prezidentin həm daxildə dövlət qurumları ilə, həm də ölkə xaricində və beynəlxalq qurumlarla operativ videkonfrans formatında idarəetməyə və görüşlərin təşkilinə keçidi də diqqətçəkən məqamlardan olub. Hökumətin xüsusi karantin rejimi ilə əlaqəli tədbirlərinin gerçəkləşməsində məşhur 8103 SMS Xidməti və icaze.e-gov.az resursları mühüm rol oynadı. Diqqətçəkən məqam o oldu ki, ASAN vahid informasiya resursunun bu iki modulunu cəmi 4 günə hazırladı. DİN, vergi və əmək nazirliyinin informasiya sistemlərinə inteqrasiya olunan hər iki rəqəmsal həll vətəndaşların və sahibkarların, dövlət məmurlarının ölkədaxili hərəkətinin tənzimlənməsində müstəsna rol oynadı”.

DİN-in vətəndaşlarla əlaqəli məlumatlardan ibarət İAMAS sisteminin də əhəmiyyətini qeyd etməyin vacibliyini vurğulayan Azərbaycan İnternet Forumunun prezidenti bildirib ki, ASAN-ın planşetlərə yüklədiyi 8103 SMS Xidməti və icaze.e-gov.az sistemləri və özünün İAMAS resursu vasitəsilə DİN nəzarəti effektiv olaraq həyata keçirə bildi: “BMT və digər beynəlxalq qurumlar da Azərbaycanın bu İT həlləri ilə bağlı müsbət fikir bildirmişdilər. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, ASAN həm də ilk dəfə olaraq uzaqdan idarətməyə keçən dövlət qurumu olub. Öz əməkdaşları üçün intranet kanallar üzərindən evdən işləmək imkanları yaradıb. Burada onu da qeyd etmək yerinə düşər ki, ASAN login sistemi və ASAN-ın kontrolunda olan Elektron Kənd Təsərrüfatı İnformasiya sistemi karantin müddətində gözləntiləri yetərincə doğrultmadı. Kənd təsərrüfatı ilə məşğul olanların icazə sisteminin qurulmasında EKTİS daha effektiv həllər təklif edə bilərdi. İnanıram ki, ASAN komandası artıq bunları nəzərə alıb və bu sistemlərin resurslarını gücləndirib. ASAN Xidmətə dəxli olmayan ASAN imza xidmətini karantin müddətində onlayn formada əldə etməyin mümkün olmaması ciddi problemlər yaratdı. Bir sıra vacib dövlət xidmətləri ASAN imzaya bağlandığından və vətəndaşların hərəkəti də məhdudlaşdırıldığından bu imzaları operativ qaydada əldə etmək mümkün olmadı. Eyni zamanda, ədalət naminə qeyd etmək lazımdır ki, vaxtı bitmiş ASAN imza sertifikatlarının da müddəti karantin müddətində avtomatik olaraq uzadılıb”.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi də hökumətin sosial dəstək proqramının icrası ilə bağlı bütün sahibkarlara dəstək üçün özünün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən effektiv istifadə etdi: “ASAN imza ilə həmişəki qaydada bu sistemə daxil olan sahibkarlar öz şəxsi kabinetlərində dövlətin ayırdığı vəsaitin əldə edilməsi ilə bağlı mesajlar aldılar və bu vəsaitlərin onlayn formada əldə edilməsi ilə bağlı hər hansı narazılıq müşahidə olunmadı. Vergi hesabatları ilə bağlı operativ məlumatlandırma təmin olundu. Yeri gəlmişkən, ASAN imza xidmətinin bir tərəfi də artıq bu adıçəkilən nazirliyə aiddir. Ümid edək ki, bununla bağlı bütün problemlər yaxın zamanlarda öz həllini tapacaq. Təhsil Nazirliyi pandemiya ilə əlaqəli ilk günlərdə təhsilin onlayn, distant müstəviyə gətirilməsində çox çətinlik çəkdi. Bu çətinlik həm təhsilin özünün informasiyalaşmaması və əsasən də internet infrastrukturun keyfiyyətsizliyi ilə əlaqəli idi. Lakin sonradan nazirlik bu istiqamətdə faydalı ola biləcək bir neçə addım atdı. Vəziyyətdən çıxmaq üçün nazirlik teledərslər layihəsini işə saldı. Sonradan isə yerli məhsul olan Virtual Məktəb – virtual.edu.az Layihəsi fəaliyyətə başladı. TN özünün təhsil resurlsarını buraya inteqrasiya etmək üçün bir xeyli zaman sərf etdi. Eyni zamanda, TN sistemində olan bir sıra təhsil müəssisələrinin, adi müəllimlərin də sosial mediadan, öz rəqəmsal bacarıqlarından istifadə edərək şagirdlərə və tələbələrə təhsil xidmətləri təklif etməsini də xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, müşahidələr göstərdi ki, ölkənin təhsil sistemində ilk dövrlər tam olaraq yalnız UNEC-in, qismən isə AzTU, BANM, ADSNU, BMU və sondaran da cəmi bir neçə universitet distant texnologiyalarla təhsil xidmətləri vermək iqtidarında oldu. Təhsilin rəqəmsallaşmaması, distant formada təhsilə hazır olmamaq təkcə bizdə yox, ümumiyyətlə MDB regionun təhsil sistemlərində ciddi problemlər yaratdı. Düşünürəm ki, xüsusi karantin rejimi müddətində ən qüsurlu rəqəmsal fəaliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus E-SOSIAL.AZ resursu ilə əlaqəli olub. Sosial dəstək proqarmının ağırlığını nəzərə alaraq, əminəm ki, nazirliyin komandası oflayn mühitdə var qüvvəsi ilə çalışıb. Amma biz bunu rəqəmsal müstəvidə yetərincə müşahidə edə bilmədik. Dövlətin işsiz vətəndaşlara verdiyi sosial yardımın əldə edilməsini e-sosial.az resursu gerçəkləşdirməliydi. Baş verənlər isə göstərdi ki, bu dövlət resursunun dayanıqlığı və imkanları çox məhduddur. Resursun digər dövlət informasiya sistemlərinə inteqrasiyasının yetərli olmaması da daxil olan müraciətlərin operativ emal olunmasına əngəllər yaratdı.
Daxil olan müraciətlərin onlayn mühitdə email prosesi ümumiyyətlə düzgün qurulmadı. Resurs bəzən yalnız iş vaxtlarında aktiv oldu və xəbərdarlıq olunmadan müraciətlərin qəbulu dayandırıldı. Düşünürəm ki, bu əhəmiyyətli dövlət resursunun təkmilləşdirilməsi və digərr eGov bazalara inteqrasiyası üçün nazirlik digər əlaqəli qurumlarla birgə ciddi səylər göstərməlidir. Karantin müddətində magistral provayderlər tərəfindən internetin dayanıqlığı əsasən təmin olunub. İnternetin keyfiyyəti ilə bağlı ciddi problemlər olub. Daxili internet infrastrukturu yükləndiyindən, alternativlər və rezervlər tam olaraq işə salındığından əlçatanlıqla bağlı qısa müddətli problemlər də olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) qurumları, xüsusən Azəpoçt ilkin mərhələdə sosial yardımların çatdırılmasında aktiv olub. Bununla belə, ümumiyyətlə, internetin keyfiyyəti və əlçatanlığı, koronavirusla mübarizə ilə bağlı rəqəmsal həllər təklif edilməsi sahəsində NRYTN-in fəaliyyətini və səylərini yetərli hesab etmək olmaz”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org