“Hökumətin Rusiya ilə bir qədər ehtiyatlı davranması anlaşılandır” – NATİQ CƏFƏRLİ

45

“Lakin həmin gün Xarici İşlər Nazirliyinin təşəbbüsüylə müxtəlif dövlət və hökumət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılmalı, ardınca onlar dərhal vətəndaşlarımızın yanında olmalı idilər”

“Yerə uzadılan Azərbaycan vətəndaşı ayağa duranda qarşısında Azərbaycan hökumətini, dövlətini görməli idi ki, ürəklənsin”

Xəbər verdiyimiz kimi, iyunun 15-də Azərbaycanla Rusiya arasında dövlət sərhədinin Dağıstan istiqamətində, Məhərrəmkənd rayonu, Kullar postunda insident yaşanıb. Belə ki, Rusiya polisi Dağıstanın Kullar qəsəbəsində sərhəddə buraxılmaları tələbilə etiraz aksiyası keçirənləri oldu silahdan istifadə etməklə dağıdıb. Qeyd edək ki, baş vermiş qarşıdurma zamanı 50-yə yaxın azərbaycanlı bədən xəsarətləri alıb, 100-ə yaxın soydaşımız isə saxlanılıb. Bundan sonra Azərbaycan Respublikası prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev baş vermiş hadisəyə münasibət bildirib.

Belə ki, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində, Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı təəssüfümüzü bildiririk” deyən Hikmət Hacıyevin sözlərinə görə, COVID-19 qlobal pandemiyası səbəbindən 2020-ci ilin mart ayının ortalarından etibarən ölkəmizin quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşının ölkəmizə geri qayıdışı təmin edilib: “2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəlindən etibarən Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Samur” sərhəd buraxılış məntəqəsi və beynəlxalq hava limanları vasitəsilə 2976 nəfər Azərbaycan Respublikası vətəndaşının Rusiyadan ölkəmizə geri qayıdışı təmin olunub. Rusiya Federasiyası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizdəki xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi vaxt qrafiki çərçivəsində və qeydiyyat əsasında ölkəmizə geri qayıdışının təmin edilməsi üçün “Evə gedirəm” adlı portal yaradılıb. Azərbaycan Respublikası və Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları tərəfindən qarşılıqlı əlaqələndirmə şəklində vətəndaşların həftəlik əsasda müəyyən olunmuş qrafik çərçivəsində ölkəmizə geri qayıdışı təmin olunur. Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib. Bu qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub”. O əlavə edib ki, vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır: “”Samur” sərhəd keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq”.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da hadisəyə münasibət bildirərkən, vətəndaşlarımıza müraciət edərək maksimum anlayış göstərməyə və olduqları ölkənin qanunvericiliyinə riayət etməyə çağırıb: “Vətəndaşlarımızın geri dönüşü ilə bağlı iki ölkə arasında bütün səviyyələrdə əldə edilən qarşılıqlı razılaşma həyata keçirilir və müvafiq qurumlar arasında əlaqələndirmə çərçivəsində vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir. Azərbaycan-Rusiya sərhədinin Dağıstan istiqamətində baş verən hadisəyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev münasibət bildirdi. Bu xüsusda, öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciət edərək ölkəyə geri dönüşün qeydiyyat əsasında həyata keçirildiyini, yaşlılar, xəstələr, qadınlar və həssas kateqoriyaya daxil olan digər vətəndaşlarımızın prioritet təşkil etdiyini, geri dönüşün ökəmizdəki karantin yerlərinin qəbuletmə imkanları ilə bilavasitə əlaqəli olduğunu qeyd etmişik. Sərhəd keçid məntəqəsinə toplaşmağın çıxış yolu olmadığı və mövcud vəziyyətdə anlayış göstərmələrini israrla xahiş etmişik. Qeyd etmək istərdim ki, vətəndaşlarımızın geri dönüşü ilə bağlı iki ölkə arasında bütün səviyyələrdə əldə edilən qarşılıqlı razılaşma həyata keçirilir və müvafiq qurumlar arasında əlaqələndirmə çərçivəsində vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir. Bu gün də sərhəd keçid məntəqəsindən növbəti qrup vətəndaşımızın ölkəyə keçidi təmin olunub”.

“Vaxtında lazımı addımlar atılsaydı, belə bir problem yaranmamalı idi”

Beləliklə, məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərlinin fikrincə, vaxtında lazımı addımlar atılsaydı, belə bir problem yaranmamalı idi: “Bu gün Azərbaycan rəsmiləri deyə də bilməz ki, bu problemdən xəbərləri yox idi. Çünki bu, həm yerli mediada kifayət qədər işıqlandırılıb, həm də nüfuzlu beynəlxalq media olan “Euronews” kanalı da bir neçə gün öncə bununla bağlı reportaj təqdim etmişdi. Odur ki, Azərbaycan rəsmiləri ən azından “Euronews” kanalına reaksiya verməli idilər. Bu səbəbdən də bu cür hadisə ümumiyyətlə, baş verməməliydi. Çünki bunun həll yolları o qədər sadədir ki, bunun üçün nə böyük həcmdə vəsait lazımdır, nə də böyük təxliyyə əməliyyatı həyata keçirməyə ehtiyac var idi. Düzdür, Azərbaycan hökuməti çarter reysləri ilə Türkiyə, Rusiya və digər ölkələrdən vətəndaşları gətirə bildi, nəticədə xeyli soydaşımız vətənə qayıtdı. Bu insanlar isə özləri öz ayaqları ilə sərhədə qədər gəlmişdilər. Yəni onları ölkə daxilinə qəbul edib karantin rejiminin qaydalarını tətbiq etmək çox da çətin və bahalı bir addım deyildi. Bu, çox ucuz və tez həyata keçirilə biləcək bir addım olmalı idi. İndi yerlə bağlı problemlərin olduğunu deyirlər. Amma sərhədyanı kəndlərin məktəbləri də boşdur. Bildiyiniz kimi, pandemiya ilə əlaqədar uzun zamandır ki, dərslər dayandırılıb. Odur ki, o məktəbləri müvəqqəti karantin mərkəzinə çevirmək mümkün idi. Və sonradan onları testdən keçirərək, nəticələri neqativ çıxanları evə buraxmaq, yerdə qalanları isə müalicəyə almaq olardı. Yəni bu, o qədər gözlə görünən və çox böyük bilik-bacarıq tələb etməyən məsələdir ki, bunun nədən bu qədər şişirdilməsi, nə üçün vaxtında həll olunmaması ciddi təəccüb doğurur”.

“Rusiya istənilən atılan addımları, bəyanatları daha sərt qəbul edir və bu hallarda daha ciddi reaksiya verməyi düşünür”

Rusiya-Azərbaycan sərhədində baş vermiş insidentdən dərhal sonra Dağıstanda olan 155 nəfər soydaşımızın avtobuslarla Azərbaycana təxliyə edildiyini xatırladan politoloq qeyd etdi ki, məsələnin dərinləşməsi dövlət orqanlarının bir-biri ilə koordinasiyasının zəifliyindən və təşəbbüskarlığı öz əlinə götürmək istəməyən bir məmuriyyət təbəqəsinin olmasından irəli gəlir: “Yəni heç kim təşəbbüskar olmaq istəmir ki, bir problem çıxar və sonra o problemi mənim üzərimə yıxarlar. Məhz bunun nəticəsində çox utancverici görüntülər yarandı, Azərbaycan vətəndaşlarına Rusiya sərhədində o cür münasibət göstərilməsinin şahidi olduq və bu, hamımız üçün ciddi utanc yerinə çevrildi. Hər birimiz həmin kadrları ciddi ürək ağrısıyla izlədik”.

“Qardaş Türkiyədə “dövlət babadır” deyimi var. Bu ifadə son vaxtlar Azərbaycana da sirayət etməyə başlayıb. Sizcə, bizdə dövlət baba öz vətəndaşının müdafiəsini lazımınca təmin edə bilirmi” sualını cavablandıran REAL-ın icra katibi hesab edir ki, bizdə bununla bağlı iki böyük problem var: “Türkiyədə bir ənənə var, dövlətlə hökuməti həmişə bir-birindən ayırıblar. Yəni hökumətlər seçki yolu ilə gəlir-gedir, lakin dövlət hökumətlə eyni deyil. Dövlət qruluşları valilər, polis, Xarici İşlər Nazirliyi, hüquq-mühafizə, o cümlədən kəşfiyyat orqanları, ordudur. Bunlar dövlət institutlarıdır və dövləti təmsil etdikləri üçün onlara münasibət də fərqlidir. Ona görə də bu ifadə Türkiyədə yarandı və uzun illərdir ki, insanların beynində oturuşub. Əslində, “dövlət baba” anlayışında haqlıdırlar, çünki dövlət onları çox zaman müdafiə edir. Azərbaycanda isə problem odur ki, biz uzun illərdir müstəqil olmağımıza baxmayaraq, hələ də dövlətlə hökumətin anlayışlarını bir-biri ilə qarışdırırıq. Bu anlayışları vaxtında və yerində işlətməkdə problemlər yaşanır. Yəni bizdə dövlət institutları və hökumətin özü bir-birinə qarışıb. Bu, doğru deyil. Ona görə də bizdə insanların dövlətə münasibəti ilə hökumətə münasibəti eyniləşib. Kimsə hökuməti sevməyə, onun istefasını tələb edə, siyasətlə məşğul ol bilər, amma dövlət müqəddəsdir. Dövlət institutları, dövlətin varlığı hamımız üçün daha önəmlidir. Odur ki, dövlət bizim üçün hökumət anlayışı ilə eyni olmalı deyil. Bu anlayışlar öz yerində oturmadığı üçün insanlar hökumətdən inciyəndə, onun atdığı addımları bəyənmədikdə, yanlış olaraq dövlətindən də inciyir. Bu isə doğru yanaşma deyil”.

Hökumətin sözügedən insidentə reaksiyasına gəlincə, Natiq Cəfərli bu qənaətdədir ki, Rusiyadan haqlı olaraq çəkinmə var: “Yəni Avropa və ABŞ-ı tənqid, hətta təhqir etmək daha asandır. Çünki demokratik institutlardır, onlar tənqidə, həmçinin təhqirə öyrəşiblər. Ona görə də heç bir ciddi reaksiya vermirlər. Amma Rusiya tamam başqa dövlətdir. Odur ki, istənilən atılan addımları, bəyanatları daha sərt qəbul edir və bu hallarda daha ciddi reaksiya verməyi düşünür. Ona görə də Azərbaycan hökumətinin Rusiya ilə bir qədər ehtiyatlı davranması anlaşılandır. Lakin anlaşılmayan odur ki, istənilən halda Azərbaycan vətəndaşları ilə bağlı elə bir addım atılırsa, həmin gün Xarici İşlər Nazirliyinin təşəbbüsüylə müxtəlif dövlət və hökumət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılmalı, ardınca onlar dərhal vətəndaşlarımızın yanında olmalı idilər. Yerə uzadılan Azərbaycan vətəndaşı ayağa duranda qarşısında Azərbaycan hökumətini, dövlətini görməli idi ki, ürəklənsin. Yəni kəskin bəyanat vermədən də bu addımı atmaq olardı. Çox təəssüf ki, bəyanatın yumşaq olması bir qırağa, addımların da adekvat olmaması insanlar tərəfindən qıcıqla qarşııandı”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org