“Hökumətdə təmsil olunanların özləri belə, məmləkətin gələcəyinə inanmırlar” – NATİQ CƏFƏRLİ

210

“Məhz ona görə, pullarını da, övladlarını da Qərbə yerləşdirirlər”

“Hökumətə inamsızlığın tarixi, siyasi, ictimai kökləri var. Əhali SSRİ-yə də inanmırdı, sadəcə qorxurdu, Sovetlərin təbliğat maşını insanları inandırmaq yox, zombiləşdirmık məqsədi daşıyırdı. “Dəmir Pərdənin”, qorxu mühitinin olmasına baxmayaraq, insanların bir qismi xarici radioları dinləyərək informasiya əldə etməyə çalışırdılar. Sonra bu xəbərlər pıçhapıçla da olsa yayılırdı. O zamanın “sosial şəbəkəsi” mətbəx idi, qohum-qonşu mətbəxdə müzakirə aparırdı. O zaman informasiyanın evə böyüklər, ata-analar gətirirdi, onlar işdə nə eşidirdilərsə, onu evdə danışırdılar”. Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli qeyd edib.

“Hökumət SSRİ-də olduğu kimi inandırmağa deyil də, zombiləşdirməyə çalışır”

N.Cəfərli nəzərə çatdırıb ki, müstəqillikdən sonra insanlar özlərinə hökumət seçmək hüququndan məhrum oldular: “Halbuki, ilk zaman belə bir ümid var idi, seçkili olmayan hökumətə inamsızlıq təbiidir. Yəni hökmətlərə inamsızlığın siyasi səbəbi yarandı. Bu gün həmin səbəb daha da dərinləşib. Günü bu gün də hökumət SSRİ-də olduğu kimi inandırmağa deyil də, zombiləşdirməyə çalışır”.

“27 ildə normal təhsil sistemi qura bilməmişik deyə, gənclər də internetdə gördüklərini analiz edə bilmirlər”

Cəfərlinin firkincə, hökumətə inamsızlığın ictimai səbəbi də əslində, siyasi səbəbdən doğur: “Amma başqa çalarları da var. İnternetin geniş yayılması evlərə xəbər gətirənlərin yerlərini dəyişdi. İndi evlərə xəbəri gənclər gətirir, ata-ana, baba-nənələrinə əllərindəki telefonla video izlədir, foto göstərir, xəbəri onlar yayır və çatdırırlar. Bu, çox yaxşıdır. Amma bir ciddi təhlükə var. 27 ildə normal təhsil sistemi qura bilməmişik deyə, gənclər də internetdə gördüklərini analiz edə bilmirlər, təhsildən doğan daxili “informasi filtri” yaranmayıb deyə, çox şeyə tez inanıb-yayırlar. Bu da hökumətə cəmiyyətdə olan haqlı inamsızlığın keyfiyyətli müqavimətə keçməsinə mane olur”.

“İnvestorlar ölkəyə inanmırlar”

N.Cəfərlinin sözlərinə görə, hökumətin sağlam və inandırıcı hekayəsinin olmamağı bu gün öldürücü virusla mücadilədə əsas səddir, dünən isə bu inamsızlıq iqtisadi məsələrin həllində özünü biruzə verirdi, investorlar ölkəyə inanmırlar: “İnvestorlar bir qırağa, bu gün hökumətdə təmsil olunmuşlar və indi təmsil olunanların özləri belə, məmləkətin gələcəyinə inanmırlar. Məhz ona görə, pullarını da, övladlarını da Qərbə yerləşdirirlər. Ümid edirəm ki, hamılıqla bu vəziyyətdən dərs çıxarıb virusdan da, çətinliklərdən də birdəfəlik qurtulacağıq, əsl qurtuluş o zaman olacaq”.

Şamo EMİN, Hurriyyet.org