“Hökumətin pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub” – NATİQ CƏFƏRLİ

102

“Martdan ölkəyə turist gəlmir, kafe-restoranlar bağlı, şadlıq evlərində toylar ləğv edilib, yas mərasimləri keçirilmir, yəni, ət istehlakında ciddi düşmə olmalı, nəticədə isə ət qiymətləri də enməli idi”

“Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 40,4 milyon ABŞ dolları dəyərində 22,6 min ton ət idxal edib. Bu, 2019-cu ilin eyni ayları ilə müqayisədə 11 min ABŞ dolları (37,5%) və 2,3 min ton (11,2%) çoxdur. Yəni, pandemiyaya, karantin rejiminə baxmayaraq, ət idxalı artıb”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

İqtisadçı ekspert bildirib ki, martdan ölkəyə turist gəlmir, kafe-restoranlar bağlı, şadlıq evlərində toylar ləğv edilib, yas mərasimləri keçirilmir, yəni, ət istehlakında ciddi düşmə olmalı, nəticədə isə ət qiymətləri də enməli idi: “Amma görürük ki, nə qiymət düşür, nə də idxal azalır, bilirsiz niyə?! Çünki hökumətin pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub, ənənəvi heyvandarlıq rayonlarına zorla pambıq əkdirdilər, örüş yerləri, yem əkin sahələri texniki bitkilərə ayrıldı. Nəticədə ölkədə həm ciddi su problemi yaşanır, əkin yerlərinə su çatmıq, həm də heyvandarlığın yem bazası azaldı, yem qiymətləri artdı, bu da ətin qiymətlərinə təsir göstərdi. Bizim ənənəvi heyvandarlıq rayonlarımız, bölgələrəmiz var, camaat da yüzillərdir mal-qara, qoyun-quzu saxlamağa öyrənib, bu yanaşmanı təşviq etməkdənsə süni olaraq pambıq sevdasına düşmək məntiqsizlik idi. Nəticə də göz qabağındadır – turist yox, toy-yas yox, kafe-restoran bağlı, amma xaricdən ət almağı keçən ilə görə 11 faiz artırmışıq”. Onun sözlərinə görə, ölkədə hər bir sahə belədir: “Elmi yanaşma yox, modellər qurmaq yox, araşdırmaq yox, sadəcə küyə düşmək var, məmur maraqları var”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org