Hökumət 2021-ci ilin gəlir – xərc proqnozlarını açıqladı

123

Ekspertlər təqribən 1,4 milyard dollar həcmində kəsir proqnozlaşdırılan büdcə haqda danışdılar

Maliyyə Nazirliyi 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərini açıqlayıb. Nazirliyin açıqladığı sənədə görə, 2021-ci il üzrə cari əməliyyatlar balansında ÜDM-in 3,1 faizi səviyyəsində və ya təqribən 1,4 milyard dollar həcmində kəsir proqnozlaşdırılır. Cari və növbəti ildə ticarət balansındakı profisit cari əməliyyatlar balansındakı kəsiri tam örtə bilməyəcək.

Neft qiymətlərinin müxtəlif ssenariləri üzrə proqnozlara əsasən bu il və növbəti ildə cari hesab balansında kəsir proqnozlaşdırılsa da, ortamüddətli dövrdə profisit gözlənilir ki, bu da öz növbəsində valyuta bazarında sabitliyi möhkəmləndirəcək. Bununla belə, növbəti illərdən xidmətlər balansındakı kəsirin azalması cari əməliyyatlar balansında profisitin formalaşmasına artırıcı təsir göstərəcək.

Sənəddə qeyd olunur ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin 2021-ci ildə də cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.  Buna görə də makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.7 səviyyəsində götürülüb.

Gələn il Azərbaycanın icmal büdcə xərcləri 28,6 milyard manat  proqnozlaşdırılır

Hökumət ölkə iqtisadiyyatının bərpası və gələcək inkişafının təmin edilməsi üçün 2021-ci ildə Dövlət Neft Fondundan transfertin məbləğini 2020-ci ilin dürüstləşmiş büdcəsində olan səviyyədə saxlayacaq – 12,2 milyard manat.

Azalan büdcə gəlirləri fonunda zəruri büdcə xərclərinin maliyyələşdirilməsi və bununla da büdcənin gəlir və xərclərinin ahəngdarlığının qorunması məqsədilə dövlət büdcəsi kəsirinin maliyyələdirilməsi əlavə olaraq mövcud dövlət borcu üzrə nəzərdə tutulan əsas (ana) borc ödənişlərinin təkrar maliyyələşdirilməsi hesabına təmin ediləcək.

Dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artırılması məqsədilə nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid çərçivəsində 2021-ci ildən başlayaraq ilk olaraq üç pilot sektorda (təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi) Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi həyata keçirilməkdədir. Qeyd edilən pilot sektorlar üzrə hazırlanmış sektor strateji planlarda strateji hədəflər, bu hədəflərə çatmaq üçün həyata keçiriləcək proqram, subproqram və tədbirlər, o cümlədən həmin tədbirlərin icrası üçün sərf edilən maliyyə vəsaitinə nəzarətin gücləndirilməsinə, nəticə əsaslılığının ölçülməsinə və qiymətləndirilməsinə imkan verən monitorinq göstəricləri (indikatorlar) tətbiq olunacaq.

Gələn il üçün İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri açıqlanıb

Dünyada son dövrdə baş verən hadisələri nəzərə alaraq xərc siyasətinin digər mühüm istiqaməti kəskin ərzaq qıtlığı hallarına yol verilməməsi üçün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaq. Bu əsasda aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, ərzaq istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin təsərrüfat fəaliyyətinin rentabelliyinin artırılması, ərzaq məhsulları istehsalçılarının modernləşdirməyə yönəlmiş investisiyaların, habelə texniki və istehsal innovasiyalarının təşviqi üçün dövlət dəstəyinin həyata keçirilməsi təmin ediləcək. Ümumilikdə kənd təsərrüfatına büdcədən 918 milyon manat ayrılması nəzərdə tutulur.

Beləliklə, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 57,3 faizi və ya 13 milyard 950 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377 milyon manatı qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 milyard 200 milyon manatını Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 milyard 750 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək.

2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.

Gələn il dövlət büdcəsinin xərcləri 25 milyard 847,5 milyon manat proqnozlaşdırılır. Xərclərin 18 milyard 106,6 milyon manat və ya 70,1 faizini cari xərclər, 5 milyard 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 milyard 351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edəcək.

2021-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 520,5 milyon manat məbləğində proqnozlaşdırılır. Kəsirin maliyyələşdirilməsi xarici və daxili borclanma, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, habelə özəlləşdirmədən daxilolmalar hesabına aparılacaq.

Növbəti ildə sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi 42 faiz təşkil edəcək. Həmçinin il ərzində COVİD-19 pandemiyası ilə mübarizə tədbirlərinə 600 milyon manat ayrılması nəzərdə tutulur.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi, seçicilərə  müraciət etdi

Açıqlanan büdcə göstəricilərini dəyərləndirən iqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov hesab edir ki, neftin qiymətinin 35 dollardan hesablanması mühafizəkar və doğru yanaşmadır: “Bu ilin büdcəsi üzrə də qiymət 55 dollardan 35 dollara endirilib. Gələn il üçün bu qiymətin götürülməsinin biz də tərəfdarıyıq. Neftin dünya bazar qiymətinə çoxsaylı amillər təsir göstərir, pandemiyanın davam edib-etməyəcəyi də bu amillərdəndir. Bu baxımdan, neftin qiymətinə yanaşma məqbuldur. Dolların məzənnəsinin 1,7 manat səviyyəsində olacağına gəlincə, Azərbaycan milli valyutasının məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılıdır. Bu il kəskin böhran şəraitində məzənnə qorunub saxlandı. Gələn il təzyiqlərin azalacağı gözlənilir, bu baxımdan, məzənnəni saxlamaq Mərkəzi Bank üçün çətin olmayacaq”.

Ekspertin fikrincə, Neft Fondundan büdcəyə transfertin həcminin builki səviyyədə nəzərdə tutulması bilavasitə pandemiyanın təsiri ilə bağlıdır: “Əgər pandemiya olmasaydı, gələn il fonddan bu il üçün proqnozlaşdırılandan daha az vəsait götürüləcəkdi. Lakin pandemiyanın yaratdığı çətinliklər buna imkan vermədi, büdcə qaydasının tətbiqi dayandırıldı. Qaydanın bərpası pandemiyanın hansı müddətə aradan qalxmasından birbaşa asılıdır. Düşünürəm ki, hökumət büdcə ilə bağlı konservativ yanaşma nümayiş etdirib. Bu mənada, pandemiyanın təsirlərindən çıxış daha tez və sürətli baş verərsə, Neft Fondundan büdcəyə transfert daha az ola bilər”.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Neft Fondundan daha çox vəsaitin götürülməsi büdcənin resurs gəlirlərindən asılılığını artırır: “Amma pandemiyanın yaratdığı çətinliklər var və onlar reallıqdır. Hökumət büdcə xərclərinin kəskin azaldılmasına gedə bilməz, çünki ölkə iqtisadyyatında bu xərcləmələrin rolu çox böyükdür. Buna görə də hökumət məcburdur ki, fonddan daha çox vəsait götürsün. O ayrı məsələdir ki, niyə indiyədək büdcənin resurs gəlirlərindən asılılığı azaldılmayıb”…

Ekspert bildirir ki, neftin qiyməti ilə bağlı gələn il üçün proqnozlar 40-45 dollar aralığındadır: “Amma pandemiyanın təsirlərinin hələ bitmədiyini, əksinə, getdikcə daha da artması təhlükəsinin olmasını nəzərə alsaq, büdcənin 35 dollarla hesablanması düzgün yanaşmadır. Milli valyutanın məzənnəsinin sabit saxlanması hökumət üçün prioritetdir – sosial risklərin önlənməsi baxımından. Çünki devalvasiya bir sıra ciddi problemlər yarada bilər ki, bu zaman onlar arasında sosial xarakterlilər üstünlük təşkil edə bilər. Bu, eyni zamanda o deməkdir ki, ölkədə iqtisadiyyatının və valyuta bazarlarının liberallaşdırılması ilə bağlı hər hansı gözləntilər yoxdur. Halbuki postpandemiya dövründə iqtisadiyyatın daha tez bərpası üçün bu addımların atılması zəruridir. Belə görünür ki, hökumət hətta qısamüddətli dövr üçün belə hansısa çətinliklərin yaranmasını istəmir. Hesab edirəm ki, gələn il tədiyə balansında 1,5 milyard manatlıq kəsirin yaranması elə bir ciddi problem yaratmayacaq”.

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz  Heydərov yazır... » Sedanews.az

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, koronavirus pandemiyasının nə zaman başa çatacağı hələ bilinmir: “Buna görə də büdcə ilə bağlı hazırlanan proqnozları nə qədər konservativ olsa belə, tam reallaşacaq gözləntilər kimi qəbul etmək mümkün deyil. Vəziyyət çox qeyri-müəyyəndir. Əsas diqqəti cəlb edən manatın dollar qarşısındakı məzənnəsidir ki, bu da nisbi xarakter daşıyır. Ona mütləq yanaşmaq doğru olmazdı. Çünki manatın məzənnəsinin arxasında neftin dünya bazar qiymətlərinin səviyyəsi dayanır. Yəni hər şey bu qiymətlərdən asılıdır. Hətta pandemiya olmasaydı belə, nəzərə almalıyıq ki, bizim valyuta bazarımızda qiymətlər neft bazarındakı qiymətlər əsasında tənzimlənir. Neft bazarında isə qiymətlərlə bağlı hətta 1 aylıq dövr üçün belə proqnozlaşdırma aparmaq mümkün deyil. Bütün bunlar onu deməyə əsas verir ki, manatın gələnilki məzənnəsini indidən söyləmək çox çətindir. Büdcədəki yanaşma göstərir ki, hökumət valyuta bazarında sabitliyin qalmasında maraqlıdır. Bu, hökumətin sosial-iqtisadi siyasəti ilə bağlı gözləntiləri reallaşdırması üçün vacibdir”.

Ekspert qeyd edir ki, hökumət pandemiyaya qədərki son bir neçə ildə Neft Fondundan büdcəyə transfertlərin həcmini azaltmağa çalışırdı: “Lakin pandemiya buna imkan vermədi. Qeyri-neft sektorundan əldə olunan gəlirlər büdcənin cari xərclərini qarşılamağa imkan vermir. Pandemiya gəlirlərin daha da azalmasına, xərclərinsə artmasına gətirib çıxarıb. Bu şəraitdə xərcləri azaltmaq da mümkün deyil. Hesab edirəm ki, büdcədə neftin qiymətinin 35 dollardan yuxarı götürülməsi indiki şəraitdə ağılsızlıq olardı. Mən hətta 35 dolları da yüksək hesab edirəm, çünki neftin qiymətinin indiki həddən yuxarı qalxma ehtimalı yoxdur. Əksinə, qiymətlərin yenidən kəskin ucuzlaşması ehtimalları çoxdur. Buna görə də büdcənin neftin 30 dollarlıq qiyməti ilə proqnozlaşdırmaq daha doğru yanaşma olardı”.

Dünya SAKİT,
“Yeni Müsavat”